Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5877/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASCnin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli, MK- 00107-16/19A saylı kredit müqaviləsindən irəli gələn 24.06.2021-ci il tarixə ödənilməmiş 8547,91 manat əsas borc, 2486,37 manat faiz borcu və 3762,22 manat dəbbə pulu olmaqla, cəmi 14.796,5 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli, MKYG-00107-16/19A saylı girov müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus idman alətlərinə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, girov ilə təmin edilmiş kredit borcunun həmin girov predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, girov predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməyəcəyi təqdirdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli, MK-00107-16/19A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədi ilə, aylıq əsasla qaytarılmaq şərti ilə 18 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı arasında 28.11.2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. 26.05.2020-ci il tarixdə 28.11.2019-cu il tarixli, MK-00107-16/19A saylı kredit müqaviləsinə əlavə saziş, 28.11.2019-cu il tarixli MKZ-00107-16/19A saylı zaminlik müqaviləsinə, 28.11.2019-cu il tarixli MKZ2-00107-16/19A saylı zaminlik müqaviləsinə əlavə saziş imzalanmışdır. Kreditin təminatı qismində Cavabdeh1 ilə iddiaçı arasında 28.11.2019-cu il tarixdə MKYG-00107-16/19A saylı girov müqaviləsi bağlanaraq, dəyəri 10.000 manat olan idman alətləri girov qoyulmuşdur. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişlər. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli, MK-00107-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 24.06.2021-ci il tarixə ödənilməmiş 8547,91 manat əsas borc, 2486,37 manat faiz borcu və 3762,22 manat dəbbə pulu olmaqla, cəmi 14.796,5 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndələri ərizə ilə, həmçinin teleqramla məhkəməyə müraciət edərək, 06.09.2021-ci il tarixli məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual-Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin və iddia tələbinin həcminin azaldılmasına dair ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli, MK-00107-16/19A saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə istehlak məqsədi ilə 18 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 28.11.2019-cu il tarixli, MKZ-00107-16/19A saylı zaminlik müqaviləsindən görünür ki, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli, MK-00107-16/19A saylı kredit müqaviləsi üzrə borcun təminatı olaraq, Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 28.11.2019-cu il tarixli, MKZ2-00107-16/19A saylı zaminlik müqaviləsindən görünür ki, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli, MK-00107-16/19A saylı kredit müqaviləsi üzrə borcun təminatı olaraq, Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 28.11.2019-cu il tarixli, MKYG-00107-16/19A saylı girov müqaviləsindən görünür ki, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli, MK-00107-16/19A saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 ilə girov müqaviləsi bağlanmışdır. İş materiallarında olan 28.11.2019-cu il tarixli, MK-00107-16/19A saylı kredit müqaviləsinə 1 saylı əlavədən (ödəniş cədvəlindən) görünür ki, həmin müqavilə üzrə 30.12.2019-cu il tarixdən 28.05.2021-ci il tarixədək hər ay 657,29 manat olmaqla, banka cəmi 11.831,12 manat məbləğində ödəniş edilməlidir. İş materiallarında olan 28.11.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Bank "xxxx" ASC tərəfindən Cavabdeh1 nağd qaydada 10.000 manat pul verilmişdir. İş materiallarında olan 28.11.2019-cu il tarixli, MK-00107-16/19A saylı kredit müqaviləsinə 26.05.2020-ci il tarixli 1 saylı əlavənin məzmunundan görünür ki, kredit müqaviləsi üzrə son müddət olan 26.06.2020-ci il tarixdən hesablanmaqla, 3 ay güzəşt müddəti müəyyən edilmiş və güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilməlidir. Müqavilə üzrə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 28.05.2021-ci il tarixədək uzadılmış hesab edilmişdir. İş materiallarında olan 28.11.2019-cu il tarixli zaminlik müavilələrinə 26.05.2020-ci il tarixli 1 saylı əlavələrin məzmunundan görünür ki, kredit müqaviləsi üzrə borcun qalığı 8547,91 manat müəyyən edilmişdir, müqavilələrin müddəti 28.05.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Bank "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 24.06.2021-ci il tarixə Cavabdeh1 banka 8547,91 manat əsas borc, 2486,37 manat faiz borcu və 3762,22 manat dəbbə pulu olmaqla, cəmi 14.796,5 manat borcu yaranmışdır. Cavabdeh sonuncu dəfə banka 28.02.2020-ci il tarixdə 660 manat ödəniş etmişdir. İş materiallarında olan 19.04.2021-ci il tarixli bildirişlərdən görünür ki, Bank "xxxx" ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 banka olan borlarının ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarında olan 28.11.2019-cu il tarixli, MK-00107-16/19A saylı kredit müqaviləsinə 1 saylı əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh1 26.06.2020-ci il tarixdən 28.04.2021-ci il tarixədək hər ay 657,29 manat, 28.05.2021-ci il tarixdə isə 4352,98 manat olmaqla, banka cəmi 10.551,46 manat məbləğində ödəniş etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-dən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Həmçinin zaminlər zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Ona görə də, iddia əsas borcun və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 100 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli, MK-00107-16/19A saylı kredit müqaviləsinə əsasən, 8547.91 manat əsas borc, 2486.37 manat faiz borcu və 100 manat dəbbə pulu olmaqla, cəmi 11.134,28 manat borc cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli, MK-00107-16/19A saylı kredit müqaviləsi ləğv edilməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 30 manat dövlət rüsumunun 25 manat və 0.40 manat bank xidməti haqqının isə, 0.30 manat hissəsi cavabdehlərə aid edilməli, cavabdehlərdən tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli, MK-00107-16/19A saylı kredit müqaviləsinə əsasən, 8547,91 manat əsas borc, 2486,37 manat faiz borcu və 100 manat dəbbə pulu, olmaqla, cəmi 11.134,28 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi 25 manat və bank xidməti haqqının əvəzi 0.30 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli, MK-00107-16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5877/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5877/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver