Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-793/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, sonuncunun nümayəndəsi X3, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bank qarşısında girov qoyduğu 42 qram qızıl boyunbağı və 17 qram bilərziyin cavabdehdən alınaraq ona qaytarılması, qızıl-zinət əşyaların olmadığı təqdirdə onların dəyərləri məbləğdə pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № 2(006)-1504/20) iddia tələbi rədd edilmişdir. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev-sədrlik edən və məruzəçi, E.Mehdiyev və Ş.Məmmədova, iş № 2(103)-5739/20) apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov-sədrlik edən və məruzəçi, A.Hüseynov və M.Əhmədova, iş № 2(102)-4850/21) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC tərəfindən İddiaçı1 qayınanası İddiaçı2 məxsus qızıl-zinət əşyaları girov qoyulmaqla 3000 manat məbləğində kredit verilmiş, bununla bağlı cavabdehin Səbail filialı ilə onun arasında 16.03.2009-cu il tarixli kredit müqaviləsi və girov müqaviləsi bağlanmışdır. Həmin vaxt cavabdehin Səbail rayon filialının müdiri X9 olmuşdur. O, banka olan faiz və əsas borcu tam ödəməklə bank qarşısında götürdüyü öhdəliklərini tam həcmdə yerinə yetirmişdir. Buna baxmayaraq bank tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarından 42 qram çəkidə qızıl boyunbağı və 17 qram çəkidə bilərzik girov geri qaytarılmamışdır. Bununla bağlı o, dəfələrlə filialın direktoru Mətləb Əliyevə müraciət etmiş, sonuncu fərqli-fərqli bəhanələr gətirərək qızılların qaytarılmasını təmin etməmiş, başqa şəxs tərəfindən kredit bağlanıldığından qızılların da həmin şəxsə təhvil verildiyini göstərmişdir. Bundan sonra X13 5-6 ay ərzində ona hər ay 50 manat pul vermişdir. Lakin, o, sonuncudan qızıllarını tələb etməkdə davam etdiyinə görə ödənişləri dayandırmışdır. Daha sonra o, Mətləb Əliyev barəsində polisə şikayət etmişdir. Xəzər RPİ 2-ci PB tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Kredit bağlanılandan sonra nə ona, nə də qayınanası İddiaçı2 qızıllar qaytarılmamışdır. Bununla bağlı o, kredit ödəniləndən sonra qızılların ona geri qaytarılması ilə bağlı heç bir təhvil-təslim aktı imzalamamışdır. Birinci instaniya məhkəməsində cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, tərəflər arasında 16.03.2009-cu il tarixli kredit və girov müqavilələri bağlanılmışdır. Həmin kredit müqaviləsinə əsasən iddiaçıya 16.12.2009-cu il tarixədək qaytarılmaq şərtilə 3300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə Cavabdeh ASC-nin Səbail filialına girov qoyulan əmlakın və qiymətli əşyaların siyahısı barədə eyni tarixli əlavəyə əsasən İddiaçı1 siyahıda göstərilən qızıl-zinət əşyalarını banka girov olaraq təhvil vermişdir. Həmin əlavədən həmçinin müəyyən olunur ki, İddiaçı1 siyahıda göstərilən qızılzinət əşyalarını təhvil almış, bu barədə siyahıda imza etmişdir. Bundan başqa, həmçinin qeyd olunmalıdır ki, iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 372.1, 372.2, 373.1, 377.1, 377.2, 375.2-ci maddələrinə istinadən qeyd edir ki, tərəflər arasında bağlanılan kredit və girov müqaviləsinin müddəti 16.12.2009-cu il tarixədək müəyyən edilmişdir. Lakin iddiaçı 10 ildən artıq müddət keçdikdən sonra belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Təqdim olunmuş 16 mart 2009-cu il tarixli Cavabdeh ASC-nin Səbail filialına girov qoyulan əmlakın və qiymətli əşyaların siyahısına əsasən İddiaçı1 tərəfindən 3300 manat dəyərində qızıl-zinət əşyaları girov qoyulmuş, sonra həmin əşyalar İddiaçı1 özünə qaytarılmış, sonuncu qızılları təhvil almışdır. Xəzər RPİ 2-ci PŞ-nin 03 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə X1 ərizəsi əsasında toplanmış HK-1-702 saylı material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxan məhkəmə yalnız cavabdeh tərəfindən çıxış edən X9, X10 və X5 izahatlarına əsasən qərar qəbul etmişdir. İzahatlarında bildirmişlər ki, qeyd olunan kredit müqaviləsi üzrə girov qoyulmuş qızıl-zinyət əşyaları girov qoyana qaytarılmışdır. Digər mühüm məsələ iddia müddətinin iddiaçılar tərəfindən ötürülmüş olması ilə bağlıdır. Belə ki, tərəflərindən iddia müddəti ötürülmüş olması ilə bağlıdır. Belə ki, tərəflərindən iddia müddəti ötürülməmişdir. Cavabdeh orqanın işçisi X9 qızılların qaytarılmaması nəticəsində hüquq-mühafizə orqanına şikayət edilməsin deyə hər ay onlara 50 manat pul vermişdir. Bundan əlavə hər gün qızıllarının qaytaracaqları bəhanəsiylə onlara məhkəməyə müraciət etməyə imkan verməmişlər. Halbuki onlar tərəfindən qızıllar tamamilə götürülməmişdir. Qızılları girov qoyarkən xəzinədar Şakir Rəhimov qızılları götürmüş, bugünədək qaytarmamış, qızılları mənimsəmişdir. Girov qoyulan zaman 73 qram qızıl vermişlər. Lakin bugünədək yalnız 14 qram qızılı götürə bilmişlər. Cavabdeh orqanın işçisi Vətən müəllim özü də etiraf edir ki, 59 qram qızıllar cavabdeh orqanda qalmışdır. İddiaçılar məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə ləğv edilməli və iş üzrə iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında şərh olunan göstərişlər ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək qeyd olunan maddi hüquq normasının tələbini pozmuş, apellyasiya instansiyası məhkəməsi isə iddia müddətini tətbiq edən məhkəmənin gəldiyi nəticəni yalnız məhkəmənin iddiaçıların subyektiv hüququnun araşdırılmaması əsası ilə ləğv etmiş, hazırkı mübahisəyə iddia müddətinin tətbiqinin mümkünlüyünü müzakirə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan qızıl-zinət əşyalarının iddiaçılara qaytarılması qənaətinə gələrkən Cavabdeh ASC-nin Səbail filialına girov qoyulan əmlakın və qiymətli əşyaların siyahısı”na və cinayət işinin başlanılmasının rədd materialında X9, X10 və X5 izahatlarına istinad etmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən cinayət işinin başlanılmasının rədd materiallarında olan və təhqiqat orqanı tərəfindən alınmış X9, X10 və X5 izahatlarına istinad etmişdir. Lakin nəzərə alınmamışdır ki, göstərilən şəxslər işdə iştirak edən şəxslər deyildir, onların təhqiqat orqanına verdikləri izahatlar Mülki Prosessual Məcəllənin tələbləri baxımından sübut əhəmiyyəti kəsb etmir, qanunla müəyyən edlmiş qaydada şahid kimi dindirilmə zamanı verdikləri ifadələri sübut kimi dəyərləndirilə bilər. Qeyd edilən siyahıdan əmlakların 16.03.2009-cu il tarixdə İddiaçı1 tərəfindən təhvil verilməsi, xəzinədar S.Rəhimov tərəfindən təhvil alınması müəyyən edilsə də, əşyaların xəzinədar S.Rəhimov tərəfindən İddiaçı1 nə vaxt təhvil verilməsi və İddiaçı1 tərəfindən nə vaxt təhvil alınması müəyyən deyildir, bu əməliyyatın keçirilməsi tarixi aktda göstərilmiş, İddiaçı1 isə qızıl-zinət əşyalarının alınması ilə bağlı həmin aktda imza etmədiyini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki iş üzrə kassasiiya instansiyasında şərh edilən göstərişlər üç hissədən ibarətdir: 1) iddia müddətinin tətbiqi ilə bağlı; 2) qızıl-zinət əşyalarının iddiaçılara qaytarılmasına dair siyahı ilə bağlı; 3) cinayət işinin başlanmasının rədd materialında olan izahatlarla bağlı. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə iddia müddətini düzgün tətbiq etməmiş və nəticədə maddi hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, hazırkı işdə iddiaçı mülkiyyətində olan daşınar əşyaların cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb edir. Belə olan halda isə hazırkı mübahisəyə müqavilədən irəli gələn 3 illik iddia müddəti şamil edilə bilməz. Hazırki iş üzrə tələb mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən əşyanın geri qaytarılması barədə vindikasiya iddiasıdır. Mülki Məcəllənin 384.0.4-cü maddələrinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Apellyasiya baxışı zamanı qızıl-zinət əşyalarının iddiaçılara qaytarılmasına dair siyahının əsli (16.03.2009-cu il tarixli 02 saylı kredit müqaviləsinə Əlavə) tələb olunmuş və müəyyən edilmişdir ki, siyahı tərəflər arasında kredit və girov müqavilələri bağlanılan tarixdə, yəni 16.03.2009-cu il tarixdə tərtib edilmişdir. Əlavədə əşyaların İddiaçı1 tərəfindən təhvil verilməsi və S.Rəhimov tərəfindən təhvil alınması, sonra isə S.Rəhimov tərəfindən təhvil verilməsi, İddiaçı1 tərəfindən təhvil alınması qeyd edilmiş həmin şəxslər tərəfindən müvafiq qrafalar imzalanmışdır. İddiaçı1 izahatında Əlavəni imzalamadığını bildirdiyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.01.2022-ci il tarixli qərardadı ilə siyahıda “təhvil aldı” qrafasında İddiaçı1 imzasının həqiqiliyinin yoxlanılması məqsədilə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 4/264 saylı, 14 mart 2022-ci il tarixli rəyi ilə siyahının aşağı sol tərəfində “Təhvil verdi” və “Təhvil aldı” qrafalarındakı “A.İ. Cavadova” yazılarının qarşısındakı imzaların eyni şəxs Cavadova (Allahverdiyeva) Arzu İmran qızı tərəfindən icra olunduğu müəyyən edilmişdir. İddiaçı1 sonuncu apellyasiya baxışı zamanı imzanın ona məxsus olduğunu etiraf etdiyindən təkrar ekspertiza təyin olunması barədə vəsatət təmin olunmadı. Lakin apellyasiya baxışı zamanı o da müəyyən olundu ki, adı çəkilən siyahıda qızılların nə vaxt qaytarılması, qaytarılan qızılların adı konkret göstərilməmişdir. İddiaçı tərəf siyahıda göstərilən qızıllardan yalnız iki ədədinin – bir ədəd 585 əyarlı qızıl boyunbağının və bir ədəd 585 əyarlı qızıl qolbağın ona qaytarılmadığını bildirir. İddia ərizəsində tələb olunan qızılların çəkisi göstərilsə də, adı çəkilən siyahıda girov qoyulmuş əşyaların çəkisi qeyd olunmamış, yalnız qiymətlər göstərilmişdir. Apellyasiya baxışı zamanı tərəflər tələb olunan qızılların dəyərini mübahisələndirmədilər. Qaytarılan əşyaların adları, eləcə də onların nə vaxt qaytarılması siyahıda konkret göstərilmədiyindən bu halı sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı işə baxan məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (MPM-nin 385.1.2 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1 və X2 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. 16.03.2009-cu il tarixli 02 saylı kredit müqaviləsinə Əlavədə adları qeyd olunmuş girov əşyalarından bir ədəd 100 manat dəyərində 585 əyarlı qızıl boyunbağı və bir ədəd 180 manat dəyərində 585 əyarlı qolbaq (bilərzik), həmin əmlaklar mövcud olmadıqda isə onların dəyəri cavabdeh LPO Cavabdeh ASC-dən alınıb İddiaçı1 verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-793/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-793/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver