Məhkəmə qərarları › İş №2(008)-5892/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5892/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5892/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 15894.47 manat əsas borc, 200.92 manat faiz borcu olmaqla, cəmi 16095.39 manat kredit borcunun və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 15894.47 manat əsas borc, 598.28 manat faiz borcu olmaqla, cəmi 16492.75 manat kredit borcunun və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2013-cü il tarixli, İ-13/291 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 12 faiz dərəcəsi ilə 114 ay müddətinə 40311.16 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Hazırda borclu ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Mübahisənin məhkəmədən kənar həlli üçün səy göstərilsə də, cavabdehlər öz öhdəliyini hazırkı vaxtadək yerinə yetirməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, onunla bank arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona 114 ay müddətinə 40311.16 manat məbləğində kredit verilmişdir. Lakin maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar o, bank qarşısında öhdəliklərini vaxtında yerinə yetirə bilməmişdir. Hazırda bankın onlardan tələb etdiyi kredit borcunu qəbul etsə də, həmin borcu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Nərimanov fililalı (borcverən) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 04.11.2013-cü il tarixli, İ-13/291 saylı kredit müqaviləsindən görünür ki, borcalan borcverənə illik 12 % dərəcəsi ilə 114 ay müddətinə 40311.16 manat məbləğində kredit verməyi, borcalan həmin krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.11.2013-cü il tarixli, İ-13/291 saylı zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, "xxxx" ASC bank qarşısında zamin durmuşdur. İş materiallarında olan 04.11.2013-cü il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 01.12.2013-cü il tarixdən 01.05.2023-cü il tarixədək hər ay 594.24 manat olmaqla, banka cəmi 67743.27 manat məbləğində ödəniş etməlidir. İş materiallarında olan 22.06.2021-ci il tarixli, 2118 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə 15894.47 manat əsas, 200.92 manat faiz borcu olmaqla, cəmi 16095.39 manat kredit borcu vardır. İş materiallarında olan 27.05.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1 və "xxxx" ASC "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsi barədə bank tərəfindən rəsmi qaydada xəbərdar edilmişdirlər. İş materiallarına əlavə edilmiş 03.09.2021-ci il tarixli, 2538 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə 15894.47 manat əsas, 598.28 manat faiz borcu olmaqla, cəmi 16492.75 manat kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, 04.11.2013-cü il tarixdə iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi, cavabdeh "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdehlər müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişlər. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada 15894.47 manat əsas borc, 598.28 manat faiz borcu olmaqla, cəmi 16492.75 manat kredit borcu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqqı cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada 15894.47 (on beş min səkkiz yüz doxsan dörd manat qırx yeddi qəpik) manat əsas borc, 598.28 (beş yüz doxsan səkkiz manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 16492.75 (on altı min dörd yüz doxsan iki manat yetmiş beş qəpik) manat kredit borcu, ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun və bank xidmət haqqının əvəzi tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar