Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5918/2023 24.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 saylı notariat ofisində Cavabdeh ilə aralarında bağlanan xx.xx.2022-ci il tarixli “İlkin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, Cavabdeh 18 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli “İlkin alqı-satqı müqaviləsi” əsasında ödədiyi 5350 (beş min üç yüz əlli) manat pulun, sonradan ödədiyi 2150 (iki min yüz əlli) manat pulun, sənədləşmə üçün ödədiyi 350 (üç yüz əlli) manat pulun, mişar daşlarına görə ödədiyi 1000 (min) manat pulun və ona dəymiş mənəvi ziyan olan 2000 (iki min) manat pulun, ümumilikdə 10850 (on min səkkiz yüz əlli) manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ev tikmək üçün torpaq axtarırdı. Tanış adamların vasitəsi ilə Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ikinci kvartal sahə nömrə 812 ünvanında yerləşən 1200 kv.metrdən 300 kv.m həyətyanı torpaq sahəsinin satdığını öyrənmişdir. O, cavabdehlə əlaqə saxlayaraq həmin torpaq sahəsinin olduğu əraziyə baxış keçirmişdir. Cavabdehlə öz aralarında həmin torpaq sahəsinin qiymətini 7500 manat müəyyənləşdirmişlər və torpağın alqı-satqısına razılaşmışlar. Cavabdehlə razılaşmalarına əsasən torpaq sahəsinin ilkin ödənişi olaraq 5350 manat ilkin ödəniş olaraq ödəməli idi, qalan 2150 manat pulu isə 6 ay ərzində ödəməli idi. Cavabdeh olan satıcı Cavabdeh ilə aralarında 18 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli “İlkin alqı-satqı müqaviləsi” bağlamışlar. Həmin müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ikinci kvartal sahə nömrə 812 ünvanında yerləşən 1200 kv.m-dən 300 kv.m həyətyanı torpaq sahəsini 7500 manata ona satdığı, ilkin olaraq 5350 manat ödəməli olduğu, qalan 2150 manat pulu isə 6 ay ərzində ödəməli olduğu qeyd olunmuşdur. Həmçinin, həmin “İlkin alqı-satqı müqaviləsi”ndə satıcı əmlaka dair heç bir mübahisənin, məhkəmə mübahisəsinin, məhdudiyyətin olmadığına təminat vermişdir. Satıcı ilə razılaşaraq, ilkin 5350 manat məbləği ödədikdən sonra həmin torpaq sahəsinə 1000 manat dəyərində mişar daşı tökdürmüşdür. Bundan sonra 2023-cü ilin may ayına kimi qalan 2150 manat ödənişi etmiş və cavabdehə torpağın alışına görə borcu qalmamışdır. Bundan əlavə, cavabdeh torpağın adına sənədləşməsi üçün ondan 350 manat pul almışdır. Bu yaxınlarda aldığı torpaq sahəsinə baxış keçirməyə getmişdir. Lakin torpaq sahəsinə tökdürdüyü mişar daşlarının həmin yerdən çıxarıldığının şahidi olmuşdur. Sonradan həmin torpaq sahəsinin Eldar adlı şəxsə məxsus olduğunu öyrənmişdir. O, Eldar adlı şəxsin əlaqə telefon nömrəsini öyrənmiş və onunla əlaqə saxlamış, onu torpaq sahəsinin yanına çağırmışdır. Eldar adlı şəxs mübahisəli torpaq sahəsinin yanına gəlmiş və öz adına rəsmiləşmiş torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışı ona təqdim etmişdir. Bundan sonra dərhal ona torpaq satan Cavabdeh ilə əlaqə saxlamış, mübahisəni həll etməsini tələb etmişdir. Satıcı Cavabdeh əvvəlcə torpağın özünə məxsus olduğunu bildirsə də, sonradan torpaq sahibinin orada olduğunu öyrənmiş və telefon zənglərinə cavab verməmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlamaq istəsə də, cavabdeh “get kimə istəyirsən şikayət et” deyərək telefonunu bir daha götürməmişdir. Həmin torpaq sahəsini onu aldadaraq satdıqdan sonra ona ümumilikdə (7500 manat torpağın pulu+350 manat sənədləşmə üçün+1000 manat mişar daşı üçün ödədiyi pulu) 8850 manat və ona dəymiş mənəvi ziyana görə 2000 manat ziyan vurulmuşdur. Hal-hazırda cavabdeh ona vurduğu ziyanı qaytarmaq istəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh pulunu qaytarmaq əvəzinə, əksinə onu hər dəfə aldadır, o isə ağır sarsıntı və iztirab keçirir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) arasında bağlanmış 05 noyabr 2022ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, birinci tərəf satıcı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatı tərəfindən 03 nömrəli xx.xx.1998-ci il tarixdə verilmiş çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ikinci kvartal sahə nömrə 812 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsindən 300 kv.m torpaq sahəsini ikinci tərəf alıcıya satdı. Tərəflər satılan əmlakın ümumi dəyərini 7500 manata müəyyən etdilər. İkinci tərəf-alıcı ilk olaraq 5350 manat məbləği notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə birinci tərəf-satıcıya ödədi. İkinci tərəf-alıcı qalan 2150 manatı 6 ay müddətində xx.xx.2023-cü il tarixədək ödəməyi öz öhdəsinə götürür. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 03 nömrəli xx.xx.1998-ci il tarixli qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 123 saylı və xx.xx.1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınmış, Cavabdeh Bakı şəhər İcra hakimiyyətinin Baş planına uyğun olaraq fərdi yaşayış evi tikintisi üçün 1200 kv.metr hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. - 07 avqust 2023-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 10850 manat məbləğində pulun dərhal qaytarılması barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 05 noyabr 2022-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 18 saylı notariat ofisinin depozit hesabına 5350 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2000-ci il tarixli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi əsasında Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ikinci kvartal sahə nömrə 812 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin 300 kv.m hissəsini İddiaçı satmış, tərəflər satılan əmlakın ümumi dəyərini 7500 manata müəyyən etmiş, İddiaçı ilk olaraq 5350 manat məbləği notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə Cavabdeh ödəmiş, qalan 2150 manatı 6 ay müddətində xx.xx.2023-cü il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh tərəf müqavilə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Belə ki, iddiaçı aldığı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə Eldar adlı şəxsə məxsus olduğunu, bununla da, cavabdeh tərəfindən aldadıldığını müəyyən etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisində reyestrdə 3M-1209 nömrə ilə qeyd edilmiş 05 noyabr 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, müqavilə üzrə ödənilmiş 5350 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Məhkəmə, sonradan ödədiyi 2150 (iki min yüz əlli) manat pulun, sənədləşmə üçün ödədiyi 350 (üç yüz əlli) manat pulun, mişar daşlarına görə ödədiyi 1000 (min) manat pulun və dəymiş mənəvi ziyana görə 2000 (iki min) manat pulun tutulması ilə bağlı iddiaçının tələbini əsassız hesab edir. Belə ki, iddiaçı qeyd olunan hissələrdə iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisində reyestrdə 3M-1209 nömrə ilə qeyd edilmiş 05 noyabr 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh 5350 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı olduğu üçün dövlət rüsumu ödəməkdən azad edildiyindən, cavabdehdən 73.50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisində reyestrdə 3M-1209 nömrə ilə qeyd edilmiş 05 noyabr 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh 5350 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 73.50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-5918/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5918/2023
24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver