Məhkəmə qərarları › İş №2(008)-5957/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5957/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5957/2021 05.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 276,85 manat əsas borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyirinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15.07.2015ci il tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə əsasən, "xxxx" ASCnin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 02.10.2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən, Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum ("X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar, İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər 11.07.2018-ci il tarixli, SFK-1520 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında 27.07.2015-ci il tarixdə 783-27.07.2015-SM114 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdehə illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə 1400 manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə 27.07.2015-ci il tarixdə 783-27.07.2015-SM114 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günədək lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda banka 276.85 manat əsas borcu olmaqla, cəmi 276.85 manat məbləğində kredit borcu vardır. Bank tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilməsinə və qeyd olunan kredit müqaviləsi üzrə borcun qısa zamanda ödənilməsi tələb olunmasına baxmayaraq, nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.07.2015-ci il tarixli, 783-27.07.2015-SM114 saylı təminatlı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə 1400 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27.07.2015-ci il tarixli, 783-27.07.2015-SM114 saylı zaminlik müqaviləsindən görünür ki, 27.07.2015-ci il tarixli, 783-27.07.2015-SM114 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, zamin 27.07.2015-ci il tarixli, 783-27.07.2015-SM114 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 27.07.2015-ci il tarixli, 783-27.07.2015-SM114 saylı kredit müqaviləsinə 1 saylı əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh1 27.08.2015-ci il tarixdən 27.07.2018-ci il tarixədək 1400 manat əsas borca, 629,03 manat faiz borcuna görə olmaqla, cəmi 2.029,03 manat məbləğində banka ödəniş etməlidir. İş materiallarında olan 27.07.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Sənaye filialı tərəfindən nağd qaydada 1.386 manat məbləğində pul vəsaiti Cavabdeh1 verilmişdir. İş materiallarında olan 13.12.2017-ci il tarixli, SFK-989 saylı təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar, İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər İddiaçı QSC-yə təhvil verilmişdir. İş materiallarında olan 11.06.2021-ci il tarixli, 217 saylı tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsi barədə bildirişdən görünür ki, “X3 Edilməsi Agentliyi” MMC tərəfindən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə cavabdehlərə məlumat verilmiş və onlardan banka olan borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 01.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nun 27.07.2015-ci il tarixli, 783-27.07.2015-SM114 saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-yə 276.85 manat əsas borc, 0 manat faiz borcu olmaqla, cəmi 276.85 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi, Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386cı maddəsinə əsasən, həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Bank müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdehlər müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlıvaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 276.85 manat əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MM-in 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.07.2015-ci il tarixli, 783-27.07.2015-SM114 saylı kredit müqaviləsinin icrası müddəti 27.08.2018-ci tarixdə başa çatdığından və iddiaçı həmin müddətdən üç ilə yaxın vaxt keçdikdən sonra, daha dəqiqi, 13.07.2021-ci il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən, zamin Cavabdeh2 münasibətdə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25 manat hissəsi Cavabdeh1 aid edilməklə, ondan tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına aid ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 276,85 (iki yüz yetmiş altı manat səksən beş qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar