Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5999/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Balaxanı qəsəbəsi, keçmiş Balasadıx Zeynallı küçəsi, hazırda Həzi Aslanov küçəsi 28 ünvanında yerləşən, 100 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş 200 kv.m sahəsi olan, 1-ci mərtəbəsi 4 otaq, mətbəx və sanitar qovşağı, 2-ci mərtəbəsi 5 otaq, mətbəx və sanitar qovşağından ibarət yaşayış sahəsinin 2-ci mərtəbəsinə dair İddiaçı istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, o, X12 ilə rəsmi nikah münasibətlərindədir. X1 ilə X4 27.07.1982-ci il tarixdə nikaha daxil olmuşlar. Anası 09.06.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29.04.2021-ci il tarixli, 54 saylı məktubda qeyd olunmuşdur ki, o, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla, hazırda keçmiş X21, indiki Həzi Aslanov küçəsi 28 saylı ünvanın bir hissəsində mərhum anası X5 və qardaşı Cavabdeh əğlu tərəfindən inşa edilmiş sənədsiz iki mərtəbəli evin ikinci mərtəbəsində qeydiyyatsız yaşayır. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 21.04.2021-ci il tarixli arayışdan göründüyü kimi, o, anası X5 və qardaşı Cavabdeh ünvan 2 ünvanında daimi qeydiyyatdadırlar. Anası 2009-cu ildə Bakı şəhəri, Balaxanı qəsəbəsi, keçmiş Balasadıx Zeynallı küçəsi, hazırda Həzi Aslanov küçəsi 28 ünvanında yerləşən 0,01 ha torpaq sahəsini almış, həmin torpaq sahəsində anadan bir, atadan ögey qardaşı Cavabdeh 1 mərtəbəli, 3 otaqlı, hamam və mətbəx daxil olmaqla, 100 m2 sahəsi və həyətyanı sahəsi olan 4 otaqlı bir ev tikdirmişdir. Bir neçə ildən sonra anası həmin evin üstündə 2-ci mərtəbə qaldıraraq, ayrıca hamam və mətbəx daxil olmaqla, özü üçün 100 m2 sahəsi olan 5 otaqlı, küçədən ayrıca giriş-çıxış imkanları olan ev tikdirmişdir. Müəllimə olan anası həmin evin tikintisi üçün təkbaşına çox böyük əmək sərf etmişdir. Anası vəfat etdiyi günədək həmin evdə yaşamış, 09.06.2020-ci il tarixdə ani ölüm nəticəsində dünyasını dəyişmiş, heç bir vəsiyyət və ya bağışlama edə bilməmişdir. Sağlığında anası ona, hətta qohumlarına da dəfələrlə bildirmişdir ki, həyətyanı sahəsi ilə birlikdə 1-ci mərtəbə cavabdehin, 2-ci mərtəbə isə onundur və bu səbəbdən də hər iki mərtəbənin ayrıayrılıqda öz mətbəxləri, sanitar qovşaqları və bayıra giriş çıxışları, yəni biri-birindən asılı olmaması üçün bütün şəraitləri mövcuddur. Cavabdeh ona aid olan 1-ci mərtəbədəki evi kirayə verdiyindən, 2-ci mərtəbədəki anasının evində yaşayır. Bu isə onun orada qalmasına, yəni istifadə hüququna maneçilik törədir. Belə ki, cavabdeh günün bir çox hissəsini tamamilə sərxoş və qeyri-adekvat vəziyyətdə olduğundan, can güvənliyi yoxdur. Evdə yatarkən və ya bir yerə gedərkən otağını kilidləyir. İddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi, 29.04.2021-ci il tarixdə o, evdə olmayan vaxt cavabdeh onun qaldığı otağın qapısını sındıraraq yararsız vəziyyətə salmış, onun əşyalarını qarışdırmışdır. Bu hadisədən sonra çox pis olmuş, güvənsizliyindən ehtiyat edərək, qohumlarının evində qalmağa başlamışdır. Cavabdeh anasından qalmış qiymətli əşyaları dəyər-dəyməzinə sataraq, öz tüfeyli həyatına sərf edir. Belə hallara görə cavabdehlə aralarında söz-söhbətlər yaranır. Onda olan məlumata əsasən, cavabdeh analarından onlara qalan evin də satılması üçün, ondan xəbərsiz daşınmaz əmlak alqı-satqısı agentlərinə müraciət etmiş və evin yenə də dəyər-dəyməzinə satılmasına öz razılığını bildirmişdir. Cavabdeh həyətyanı sahə ilə birlikdə ev və bütün şəraitlə təmin edilmişdir. Balaxanı bələdiyyəsi tərəfindən anası X2 adına verilmiş "Yerli Bələdiyyə büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında" şəhadətnamənin (181019SR8AB) surətindən göründüyü kimi, anası tərəfindən inşa olunmuş ev yerli bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir. Evin yerquruluşu planı şəhadətnamədə göstərilmişdir. Buna görə müvafiq vergilər anası tərəfindən vaxtlı-vaxtında yerli bələdiyyəyə ödənilmişdir. Uzun illərdir ki, anası başda olmaqla, onlar ailəliklə göstərilən yaşayış sahəsinin üzərində istifadə və sahiblik hüququna malik olmaqla, faktiki olaraq həmin hüquqları həyata keçirirlər. Lakin hazırda yaşayış sahəsi ilə əlaqədar cavabdehlə aralarında mübahisə mövcuddur və cavabdeh onun istifadə və sahiblik hüquqlarına qanunsuz olaraq müdaxilə etməklə, onun həmin yaşayış sahəsindən istifadə etməsinə mane olur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı onun anadan bir, atadan ögey bacısıdır. İddiaçı təxminən 12-13 ildir ki, Türkiyə Respublikasının vətəndaşı ilə ailə quraraq, həmin vaxtdan Türkiyənin Antalya şəhərində daimi yaşayır. Onların Antalya şəhərində iki bina evi, bir kənd evi (yayla evi) vardır. İddia tələbində qeyd olunduğu kimi, Bakı şəhəri, Balaxanı qəsəbəsi, keçmiş Balasadıx Zeynallı küçəsi, hazırda Həzi Aslanov küçəsi 28 ünvanında yerləşən fərdi yaşayış evi iki mərtəbədən ibarətdir. Evin 1-ci mərtəbəsini kirayə vermiş, 2-ci mərtəbəsində isə, ailəsi ilə birlikdə yaşayır. Səhhətindəki problemlər səbəbindən, gələcəkdə işləyə bilməməsi halında həmin evlərdən birini kirayə verib ödənişi ilə ailəsini dolandırması üçün anası həmin evlərə ayrıca giriş və çıxış düzəltdirmişdir. İddia ərizəsində qeyd olunduğu kimi, anası ani ölüm nəticəsində deyil, beyin xərçəngindən vəfat etmişdir. Yəni onun evi qızı Nigara vəsiyyət etməsi və ya bağışlaması üçün kifayət qədər vaxtı və imkanı olsa da, bunu etməmişdir. Nigar heç vaxt həmin evdə yaşamamış, onun da qeydiyyatda olduğu Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi yerləşən fərdi yaşayış evində yaşamış, Türkiyəyə köçdükdən sonra isə, evi kirayə vermişdir. Zərurət yaranacağı təqdirdə, qohumları da şahid qismində ifadə verərək, İddiaçı heç vaxt Balaxanı qəsəbəsi, keçmiş Balasadıx Zeynallı küçəsi, hazırda Həzi Aslanov küçəsi 28 ünvanında yerləşən fərdi yaşayış evində yaşamadığını təsdiq edə bilərlər. Bundan başqa, o, qeyd olunan evi satmaq niyyətində deyil, heç vaxt bu niyyətdə olmamışdır. O, qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18.01.2017-ci il tarixli arayışın təsdiq olunmuş surətindən görünür ki, X4 ilə X10 arasında 27.07.1982-ci il tarixdə rəsmi nikah bağlanmış, arvada Süleymanova soyadı verilmişdir. İş materiallarında olan Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.01.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 09.06.2020-ci il tarixdə beyin ödemi səbəbindən Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş “Yerli büdcənin vergi ödəyicisi olan fiziki çəxsin uçota alınması haqqında” 15.08.2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, ünvan 4 ünvanında 100 m2 torpaq sahəsində 200 m2 tikinti sahəsi olan iki mərtəbədən ibarət fərdi yaşayış evi üzrə X5 vergi ödəyicisi kimi uçota alınmışdır. İş materiallarında olan Türkiyə Respublikası Daxili X20 və Vətəndaşlıq İşləri üzrə Baş İdarə tərəfindən verilmiş L01 seriyalı, ******* saylı Beynəlxalq Ailə kitabçasının təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X8 24.10.2009-cu ildə Antalya şəhərində rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29.04.2021-ci il tarixli, 54 saylı məktubdan görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. Hal-hazırda (keçmiş X21) Həzi Aslanov küçəsi 28 saylı ünvanının bir hissəsində mərhum anası X5 və qardaşı Cavabdeh tərəfindən inşa edilmiş sənədsiz iki mərtəbəli evin ikinci mərtəbəsində qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-T seriyalı, 129967 saylı, 20.11.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X3 atası X4, X1dır. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı, 14.07.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 03.02.2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin Cavabdeh və digərləri həmin ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 02.06.2015-ci il tarixli “Əhali qrupunda su sayğacının quraşdırılması, dəyişdirilməsi, təmiri və istismara qəbuluna dair” 006673 saylı aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X21 ünvanına 49812037 nömrəli su sayğacı quraşdırılmasına dair müvafiq akt abonent Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB-nin ******* saylı, 15.08.2018-ci il tarixli aktının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinə İtron G-4 markalı, 1802AZ**********9 saylı qaz sayğacı quraşdırılmasına dair müvafiq akt abonent Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş “Yerli büdcənin vergi ödəyicisi olan fiziki çəxsin uçota alınması haqqında” 02.10.2020-ci il tarixli şəhadətnamədən görünür ki, ünvan 4 ünvanında 100 m2 torpaq sahəsində 200 m2 tikinti sahəsi olan iki mərtəbədən ibarət fərdi yaşayış evi üzrə Cavabdeh vergi ödəyicisi kimi uçota alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12.10.2021-ci il tarixli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5999/2021 saylı, 23.08.2021-ci il tarixli qərardadında qeyd olunan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, keçmiş Balasadıx Zeynallı, hazırda Həzi Aslanov küçəsi 28 ünvanında yerləşən 100 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş 200 kv.m sahəsi olan, 1-ci mərtəbəsi 4 otaq, mətbəx və sanitar qovşağından ibarət yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarına əlavə edilmiş 05.11.2021-ci il tarixli yerli baxış protokolundan görünür ki, Bakı şəhəri, Balaxanı qəsəbəsi, keçmiş Balasadıx Zeynallı küçəsi, hazırda Həzi Aslanov küçəsi 28 ünvanında yerləşən həyətyanı sahəyə və fərdi yaşayış evinə məhkəmə tərəfindən yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmiş hallar: qeyd olunan ünvanda iki mərtəbədən ibarət fərdi yaşayış evi tikilmişdir. Ümumi həyətə giriş eyni qapıdandır. Mərtəbələrin girişləri ayrı-ayrıdır. Yerli baxışda cavabdehin həyat yoldaşı və qohumu (xalası oğlu) da iştirak etmişdir. Mənzilin birinci mərtəbəsi başqa şəxsə kirayə verilmiş, ikinci mərtəbəsində cavabdeh ailəsi ilə birlikdə yaşayır. Fərdi yaşayış evində iddiaçıya məxsus əmlak aşkar olunmadı. Yerli baxışda iştirak edən cavabdeh, onun həyat yoldaşı və qohumu iddiaçının heç bir zaman həmin evdə yaşamadığını, onun özünə məxsus iki məhəllə uzqlıqda yerləşən başqa yaşayış evinin olduğunu və həmin yaşayış evini kirayə verdiyini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2-ci maddə) Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddia tələbinin əsaslılığına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, eləcə də, məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, iddia tələbində qeyd olunan Bakı şəhəri, Balaxanı qəsəbəsi, keçmiş Balasadıx Zeynallı küçəsi, hazırda Həzi Aslanov küçəsi 28 ünvanında yerləşən yerləşən fərdi yaşayış evinin (mübahisəli özbaşına tikili) həqiqətən mövcud olmasına baxmayaraq, daşınmaz əmlakın dövlət reyestrində tərəflərdən hansınınsa adına hər hansı bir hüquqla qeydiyyatdan keçməmişdir. Ona görə də, həmin tikili üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınmasının qanuni əsası mövcud deyildir. Həmçinin müəyyən olunur ki, iddiaçı 2009-cu ildə Türkiyə Respublikası vətəndaşı ilə ailə quraraq həmin vaxtdan Türkiyə Respublikasında daimi yaşayır. Onun qeyd olunan mübahisəli özbaşına tikilidə davamlı olaraq yaşaması öz təsdiqini tapmadığından, iddiaçının qeyd olunan özbaşına tikiliyə hüququn və qanunun analogiyasını tətbiq etməklə köçürülməsini də mümkünsüz edir. Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, bu tələb üzrə onun subyektiv hüququ yaranmamışdır. Şərh olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair iddiası təmin oluna bilməz. İş materiallarında dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunmamasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5999/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5999/2021
29.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver