Məhkəmə qərarları › İş №2(008)-6041/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6041/2023

21.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6041/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər rayon Məhkəməsinin 2(003)-112/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən xx.xx.2020-ci il tarixdə doğulmuş X1 üçün tutulan alimentin artırılaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından bir uşağı doğulmuşdur - xx.xx.2020-ci il tarixdə X4. Xəzər rayon Məhkəməsinin 2(003)- 112/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsilə nikah pozulmuş, uşaq üçün alimentin məbləği 193 manat müəyyən edilmişdir. Cavabdeh şikayət verərək alimentin dörd dəfə azaldılmasını xahiş etmiş, xahişi təmin edilməmişdir. Məlumdur ki, hazırda hər bir məhsulun, xidmətin və sair qiymətlərində artım vardır. Alimentin artırılmasında ciddi zərurətin olduğunu xüsusilə qeyd edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək qeyd etmişdir ki, o, hazırda işləmir, təyin olunmuş alimenti çətinliklə ödəyir, iddiaçının alimentin artırılmasına ehtiyacı yoxdur, özü də işləyir, yüksək əmək haqqı alır. Xahiş edir, iddia rədd edilsin. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış bir uşaqları var - xx.xx.2020-ci il tarixdə X4 (2 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 457181 №-li doğum haqqında şəhadətnamə). Xəzər rayon Məhkəməsinin 2(003)-112/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəfəlrin aralarındakı nikah pozulmuş, uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 193 manat məbləğində aliment tutulmuşdur. İddiaçı müəllim işləyir və 1081,55 manat əmək haqqı alır (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). Elektron məhkəmə sistemindən görünür ki, cavabdeh "xxxx" MMC-də işləyir və 491 manat əmək haqqı alır. Lakin, cavabdeh tərəfindən təqdim edilmiş sosial arayışdan görünür ki, onun "xxxx" MMC ilə bağladığı əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür. Eyni zamanda, 3 saylı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdehin adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Cavabdeh 2-ci qrup əlilliyə görə 180 manat pensiya alır. Cavabdehin iki aktiv kredit müqaviləsi var, onlar nikah pozulandan sonra bağlanmışdır (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). Hazırda iddiaçı alimentin məbləğinin 193 manatdan 220 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edildiy kimi, cavabdehin maddi vəziyyətində hər hansı bir yaxşılaşma olmamışdır, əksinə cavabdehi aliment təyin olunandan sonra işdən çıxmış, iki kredit götürmüşdür, o, ikinci qrup əlil olmaqla, 180 manat məbləğində pensiya alır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində gbstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İddiaçı alimentin artırlamısının zərurəti barədə də məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar