Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6062/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı Nuriddin qızının iştirakı ilə, İddiaçı Bayramova X2 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bayramova X6 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.07.2012-ci il təvəllüdlü X4, 21.03.2014-cü il təvəllüdlü X5 və 21.03.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Nuriddin qızı iddia tələbini müdafiə edərək bildirdi ki, onunla cavabdeh arasında 02.11.2011-ci il tarixdə bağlanmış nikah 01.12.2020ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14.02.2020-ci il tarixli, 2(008)-1756/2020 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş X4, X5 və X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq, ona ödənilməsi qət edilmişdir. Halhazırda alimentin miqdarının artırılmasına ehtiyac vardır. Belə ki, uşaqlar böyüdüklərindən, tələbatları da artmışdır. Özü heç yerdə işləmədiyindən, uşaqların artan tələbatlarını ödəməyə çətinlik çəkir. Cavabdeh isə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis mayoru olmaqla, əmək haqqı tələb etdiyi miqdarda alimenti ödəməyə imkan verir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Hesab edir ki, iddia əsassızdır . Belə ki, o, hər ay hər uşağa 150 manat məbləğində alimenti vaxtında ödəyir. Lakin onun əmək haqqı 188 manat təşkil edir, başqa gəlir yeri yoxdur. Himayəsində yaşlı valideynləri vardır. Hər ay uşaqların saxlanılması üçün 450 manat məbləğində alimenti çətinliklə ödəyir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1756/2020 saylı, 14.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-899/2015 saylı, 18.02.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 29.07.2012-ci il təvəllüdlü X4, 21.03.2014cü il təvəllüdlü X5 və 21.03.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı Nuriddin qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 29.07.2012-ci il təvəllüdlü X4, 21.03.2014-cü il təvəllüdlü X5 və 21.03.2014-cü il təvəllüdlü X7 atası Cavabdeh, anası X1r. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasındakı nikaha 01.12.2020-ci il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra qadına “Bayramova” soyadı verilmişdir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı Nuriddin qızı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 saylı qərarının, 8.2 və 8.3-cü bəndlərində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə uşaqların böyüdüyünü, tələbat və xərclərinin artdığını, eləcə də, 2021-ci il üçün yaşayış minimumunun miqdarını nəzərə alaraq, təyin olunmuş alimentin miqdarının artırılmalı olması qənaətinə gəlir. Eyni zamanda, cavabdehin iş yeri və qazancı barədə məhkəməyə sübut təqdim edilmədiyini diqqətə alan məhkəmə iddianın qismən təmin edilərək, alimentin hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, Cavabdeh 20 manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1756/2020 saylı, 14.02.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 29.07.2012-ci il təvəllüdlü X4, 21.03.2014-cü il təvəllüdlü X5 və 21.03.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı Nuriddin qızına ödənilsin. Alimentin yeni qaydada tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6062/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6062/2021
31.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver