Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-618/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Namazova (Batur) Sevda Alçın qızına qarşı “behin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Namazova (Batur) Sevda Alçın qızına qarşı “behin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 (Vəli Xuluflu küçəsi 5ci döngə ev 10) ünvanında olan əmlakı vərəsəliklə əldə etmiş Namazova (Batur) Sevdanın etibarnamə ilə ona həmin evin alqı-satqısı üçün Məmmədova Mətanətlə bağladığı beh müqaviləsindən imtina etdiyinə görə aldığı 500 (beş yüz) ABŞ dolları və 5000 (beş min) manatın 2 qatının, yəni 1000 (bir min) ABŞ dolları və 10.000 (on min) manat pulun tutulması və 3000 (üç min) manat mənəvi ziyan, dövlət rüsumu 134.60 manatın Namazova (Batur) Sevdadan tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdir ki, o, əmlakın vərəsəliklə vətəndaşların adına keçirilməsi işi ilə məşğuldur. Maştağa qəsəbəsində sakinlərin əksəriyyətinin əmlakının SSRİ dövründə alınmış sənədlər olduğuna hüquqi cəhətdən rəsmiləşdirilməsi yollarını bilməyənlər ona müraciət edirlər. Etibarnamə əsasında onların sənədlərini rəsmiləşdirilməsinə kömək edir. Cavabdeh Maştağa qəsəbəsi Mirəliyev küçəsi ev 73-də babasının evində yaşamış və sonra türk vətəndaşı ilə ailə qurub Türkiyəyə köçmüşdür. O, Türkiyəyə köçəndən sonra həmin əmlakda heç kim yaşamamışdır. Namazova (Batur) Sevda həmin sakinlərdən biri kimi ona müraciət etmişdir. Ona bildirmişdir ki, onun əmlakına alıcı tapmaq lazımdır. Alıcıdan beh alıb, beh olan pul vəsaitindən istifadə edib, onun əmlakının vərəsəlik işini həll edib, çıxarış almaq lazımdır. Çıxarış alındıqdan sonra alqı-satqı edib, beh verən şəxsə əmlak satılacaqdır. O, Sevdaya bildirmişdir ki, bu işləri görmək üçün ona etibarnamə verməlidir. cavabdeh razılaşmış və ona xx.xx.2021-ci ildə etibarnamə vermişdir. O, cavabdehin vərəsəlik işini həll etmək üçün arxivə sorğular göndərmişdir. Sonra çıxarış üçün 1 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh babasının adı düz yazılmadığına görə məhkəməyə xüsusi icraat icraat qaydasında ərizə vermək üçün vəkilə müraciət etmişdir. Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili ilə xx.xx.2021-ci il tarixdə müqavilə bağlamışdır. Həmin vaxt Sevdanın göndərdiyi etibarnamənin müddəti bitmişdir. xx.xx.2022-ci ildə Sevda ona etibarnamə göndərmişdir. xx.xx.2022-ci ildə məhkəmə iddianı təmin etmişdir. O, əmlaka alıcı tapmış və Sevdaya məlumat vermişdir. O, alıcı ünvan 1 ünvanında olan və yaşayan X7 ilə beh müqaviləsi bağlayaraq, ondan 500 (beş yüz) ABŞ dolları və 5000 (beş min) manat almışdır. Sevdaya məlumat vermişdir ki, müqavilənin şərtinə görə əgər “sən müqavilənin şərtini pozarsansa, Məmmədova Mətanətə aldığın məbləğin iki qatını qaytaracaqsan, yox əgər Məmmədova Mətanət müqavilənin şərtini pozarsa, beh aldığı pul sənə qalacaqdır. Sevda dedi ki, bütün bunları bilir”. Çıxarış alandan sonra müəyyən etmişlər ki, Batur Sevdanın vərəsəliklə əldə etdiyi əmlakda 19 nəfər qeydiyyatda olan var. Buna görə 2-ci dəfə vəkillə xx.xx.2023-cü ildə müqavilə bağlamış və həmin şəxslərin qeydiyyatdan çıxarılması üçün inzibati məhkəməyə müraciət etmişlər. Həmin şəxslərin çıxarılması inzibati məhkəmə tərəfindən təmin olunmuşdur. Lakin Cavabdeh əmlakına 2 ünvan verildiyinə yenə xx.xx.2024-cü ildə vəkillə müqavilə bağlamış və inzibati məhkəməyə müraciət etmişlər. Məhkəmə davam etdiyi zaman Cavabdeh ona verdiyi etibamamənin müddəti bitmişdir. O, Sevdaya yeni etibarnamə göndərməsini bildirdi. O, razılaşdı, amma bildirdi ki, onun pulu yoxdur, buna görə ona 250 manat pul göndərməlidir. O, cavabdehə 250 manat göndərdi. 1 ay keçdi, lakin cavabdeh ona etibarnamə göndərmədi. O, cavabdehə zəng etdikdə dedi ki, evi başqasına baha satacaq. O, cavabdehə bildirdi ki, “sənin sözünlə beh alıb, sənədlərini çətinliklə hazırlayıb başa çatdırmışam, sənə etibarnamə üçün pul göndərmişəm, qohumuna pul vermişəm, indi iş başa çatanda sən etibarnamə verməkdən imtina edirsən, bu düzgün deyil”. O, nəinki onun sənədlərini hazırlamış, 10 ildən çox olar ki, onun babasının həyəti nəzarətsiz qaldığından qonşular evin pəncərəsinin taxtalarını, qapıları çıxarmış, həyətə heyvanlar buraxır, müxtəlif adamlar nərdivanla həyətə keçirdilər. O, evi nəzarətə alıb qorumuşdur. Həyətə fəhlə gətirib təmizlətmişdir. Əmlak idarəsindən cizgi üçün əməkdaşlar gələndə həyətə keçə bilmədilər. O, usta gətirib darvazanı təmir etdirmişdir. Qeyd etdiyi kimi Cavabdeh ilə qarşılıqlı razılaşma olduqdan sonra ona etibarnamə vermişdir. O, gördüyü bütün işlər barədə telefon vasitəsilə ona məlumat vermiş, bütün məsələlərdə onun razılığı ilə hərəkət etmişdir. O, Namazova (Batur) Sevdanın tələb qoyduğu kimi, evə müştəri tapmış, Sevdanın şərtlərini demiş və razılaşıb alıcı Bakı şəhəri ünvan 1-də qeydiyyatda olub, Sabunçu rayonu Maştağa qəsəbəsi Bakı Fəhləsi küçəsi dalan 1 ev 11-də yaşayan X7 ilə beh müqaviləsi bağlamışdır. Sevdaya məlumat vermişdir ki, Mətanətdən 500 (beş yüz) ABŞ dolları və 5000 (beş min) manat almışdır. 2 ildə heç bir sənədi olmayan Cavabdeh bütün qohumlarının sənədlərini arxivdən çıxarıb, ev sənədlərini arxivdən almışdır. Babasının adı düz yazılmadığına məhkəmə vasitəsilə sənədlərini təzələmişdir. Hal-hazırda Sevda özü bildiyi kimi imtina edib, onu çıxılmaz vəziyyətdə qoymuşdur. Beh müqaviləsi bağladığı X7 isə ondan alqı-satqı müqaviləsi bağlamağı tələb edir. Cavabdeh 1 aydır onun mesajlarına, telefon zənglərinə cavab vermir. O, Cavabdeh vərəsəliklə sənədlərini hazırlayarkən hər yerə öz maşını ilə gedib gəlmişdir. Bəzən tələsəndə yol hərəkəti əməkdaşları tərəfindən cərimələnib, ödəmiş, əsəb, stres keçirmiş və Məmmədova Mətanətə cavab verə bilmir. Cavabdeh ona maddi və mənəvi ziyan vurmuşdur, onun işgüzar nüfuzuna xələl gətirmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, ünvan 3 (Vəli Xuluflu küçəsi 5ci döngə ev 10) ünvanında olan əmlakı vərəsəliklə əldə etmiş Namazova (Batur) Sevdanın etibarnamə ilə ona həmin evin alqı-satqısı üçün Məmmədova Mətanətlə bağladığı beh müqaviləsindən imtina etdiyinə görə aldığı 500 (beş yüz) ABŞ dolları və 5000 (beş min) manatın 2 qatının, yəni 1000 (bir min) ABŞ dolları və 10.000 (on min) manat pulun tutulması, 3000 (üç min) manat mənəvi ziyan, 135 manat dövlət rüsumu, 250 manat etibarnamə üçün göndərdiyi pulun, ümumilikdə 15.085,40 manat məbləğində pulun Namazova (Batur) Sevda Alçın qızından tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Namazova (Batur) Sevda Alçın qızına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, o, Cavabdeh tanımır. Rəfini isə bir hüquqşünas kimi tanıyır. O, alimentlə bağlı məsələsi üçün Rəfi bəyin yanına getmişdir. Həyat yoldaşı hər ay ona aliment ödəmək əvəzinə ona ev alıb verməyi təklif etmişdir. Onlar bu barədə Rəfi bəyə danışmışlar və sonuncu onlara ev təklif etmişdir. Həmin ev təmirsiz idi, evi Sevda xanımın satdığını dedi, Sevda xanımın da Türkiyədə olduğunu və onun alqı-satqı zamanı gələcəyini bildirdi. Evi 30000 manata razılaşdılar, 5000 manat və 500 dollar beh verdi. Bir müddət sonra dedilər ki, qiymət dəyişib 35000 olub. Bir müddət sonra Sevda xanım dedi ki, evi satmır. Sevda xanımla Rəfi bəy vasitəsilə əlaqə saxlayırdılar. Rəfi bəy mesajları özü ona göstərdi ki evin qiymətinin artmasını Sevda xanım tələb edib. Gördü ki, hər dəfə fərqli şeylər danışıb, son olaraq da evi satmaq istəmirlər, müqavilədə yazıldığı kimi ödədiyi behin iki qatını ödəmələrini tələb etdi. Onları polisə vermək istədi, Rəfi bəy isə öz öhdəsinə götürüb pulu ödəyəcəyini dedi. Rəfi bəy avqust ayında ona 7000 manat, 2025-ci ilin fevralın 21-də də qalan məbləği ödədi. Müqaviləni özü bağlamışdır. Rəfi bəyin ona heç bir borcu qalmayıb. Məhkəmə, iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş 1417 nömrli xx.xx.2005-ci il tarixli çıxarışdan görünür ki, X14 ilə Səlminas Qulam qızı xx.xx.1957-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Namazova soyadı verilmişdir. - AZ-İ seriyalı 059733 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2003-cü il tarixdə ölmüşdür. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, X5 xx.xx.1974-cü il tarixdə doğulmuşdur, atası X15, anası X8r. - AZ-İ seriyalı 686588 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2014-cü il tarixdə ölmüşdür. - AZ-T seriyalı 216031 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1964-cü il tarixdə doğulmuşdur, atası X15, anası X9r. - AZ-İİ seriyalı 172050 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1986-cı il tarixdə ölmüşdür. - xx.xx.2021-ci il qeydiyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Zeynəb Ağahüseyn qızının xüsusi mülkiyyətindədir. - xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Batur Sevdanın xüsusi mülkiyyətindədir. - xx.xx.2022-ci il tarixli beh müqaviləsindən görünür ki, beh verən X7 500 ABŞ dolları və 5000 manat məbləğində behi beh alan Namazova (Batur) Sevda Alçın qızının ünvan 3 ünvanında yerləşən evini satın almaq üçün verir. Müqavilənin şərtləri Namazova (Batur) Sevda Alçın qızı tərəfindən icra olunmadığı təqdirdə, verilmiş 500 ABŞ dolları və 5000 maant pulun iki qatını X6 qaytarmalıdır. X7 tərəfindən müqavilə pozularsa, beh Namazova (Batur) Sevda Alçın qızında qalır. X1 və Namazova (Batur) Sevda Alçın qızının adından İddiaçı imzalamışdır. - xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, Sevda Batur harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ona məxsus olan daşınar və daşınmaz əmlaklara dair sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq...və sair hərəkətləri yerinə yetirməyi İddiaçı etibar etmişdir. Etibarnamə 2 il müddətinə verilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədədir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2214/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Mirəliyev küçəsi ev 73-ə (köhnə qaydalarla: C.Cabbarlı küçəsi ev 120) dair Azərbaycan Respublikası Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Mərkəzi Bürosu tərəfindən 1972-ci il may ayında Namazov Kamranın adına verilmiş texniki pasportun X10 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. - ödəniş qrafikindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-dən 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 7200 manat məbləğində kredit almışdır. - tərəflər arasında vatsapp sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmalardan görünür ki, cavabdeh yayda gəlib evini istədiyi qiymətə satıb iddiaçının pulunu, vəkilin pulunu verəcəyini bildirmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh Namazova (Batur) Sevda Alçın qızı özünə məxsus fərdi yaşayış evini 30.000 manata X2 barədə sonuncu ilə razılıq əldə etmiş, bununla bağlı ilkin olaraq xx.xx.2022-ci il tarixdə sadə yazılı formada beh müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən X3 (Batur) Sevda Alçın qızına 500 ABŞ dolları və 5000 manat məbləğində beh vermişdir. Müqaviləni cavabdehin əvəzinə nümayəndəsi kimi iddiaçı imzalamışdır. Lakin Namazova (Batur) Sevda Alçın qızı razılaşmanın şərtləri pozaraq evini satmaqdan imtina etmiş, X7 isə ödədiyi 500 ABŞ dolları və 5000 manat behin iki mislini Namazova (Batur) Sevda Alçın qızının nümayəndəsi, yəni hazırkı iş üzrə iddiaçıdan tələb etmişdir. Belə ki, X7 cavabdehi tanımamış, evin alınması, behin verilməsi ilə bağlı bütün danışıqlar X7 ilə iddiaçı arasında aparılmış, M.Ə.Məmmədova behi iddiaçıya vermişdir. İddiaçı məcburiyyət qarşısında qalaraq X7 tərəfindən ödənilmiş 500 ABŞ dolları və 5000 manat pulun iki mislini, yəni 1000 ABŞ dolları və 10.000 manat məbləğində pulu X6 qaytarmış, sonuncu məhkəmə iclasında verdiyi ifadəsində 1000 ABŞ dolları və 10.000 manat məbləğində pulun iddiaçı tərəfindən ona qaytarıldığını bildirmişdir. Hazırda iddiaçı cavabdehin beh müqaviləsinin şərtlərini pozması nəticəsində X6 ödədiyi 1000 ABŞ dolları və 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə, ilkin olaraq xx.xx.2022-ci il tarixli beh müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlanıb-bağlanmadığına hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 491.1. maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Hazırkı işdən göründüyü kimi beh müqaviləsi cavabdehə məxsus fərdi yaşayış evinin alqı-satqısı barədə müqavilənin bağlanması ilə bağlı imzalansa da, müqavilə notariat qaydasında təsdiq edilməmiş, sadə yazılı formada bağlanmışdır. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli beh müqaviləsi qanunvericiliyin tələbləri pozulmaqla bağlandığından, yəni notariat qaydasında təsdiqlənmədiyindən əhəmiyyətsiz əqddir və həmin əqdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 492.2. maddəsinin tələblərinin tətbiq edilməsi əsassızdır. Belə ki, qeyd olunan maddəyə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Bununla yanaşı, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli beh müqaviləsi əhəmiyyətsiz əqd sayıldığından, behin iki mislinin qaytarılması da düzgün olmamışdır. Cavabdeh əqd üzrə alınmış 500 ABŞ dolları və 5000 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmalıdır. Çünki həmin məbləğ iddiaçı tərəfindən görülmüş xidmətlərin əsasında dəymiş zərərin əvəzini təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1. maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin mübahisə edilməyən hallarına əsasən cavabdeh Namazova (Batur) Sevda Alçın qızı ilə X7 arasında bağlanmış beh müqaviləsi üzrə sonuncu tərəfindən 500 ABŞ dolları və 5000 manat məbləğində pul cavabdehə verilmiş, müqavilənin şərtlərini pozmasına baxmayaraq, cavabdeh 500 ABŞ dolları və 5000 manat məbləğində pul vəsaitini X6 qaytarmamış, sonuncu cavabdehi tanımadığından və pul vəsaitini cavabdehin nümayəndəsi olaraq iddiaçıya verdiyindən pulu da sonuncudan tələb etmiş, iddiaçı 500 ABŞ dolları və 5000 manat məbləğində pul vəsaitinin iki mislini X6 qaytarmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli beh müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, cavabdeh Namazova (Batur) Sevda Alçın qızı əhəmiyyətsiz əqd üzrə X4 aldığı 500 ABŞ dolları və 5000 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmalıdır. Çünki 500 ABŞ dolları və 5000 manat məbləğində pul vəsaitini X6 İddiaçı (cavabdehin əvəzinə) qaytarmışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli beh müqaviləsi əhəmiyyətsiz əqd olduğu üçün cavabdeh Namazova (Batur) Sevda Alçın qızının 500 ABŞ dolları və 5000 manat məbləğində pul vəsaitinin iki mislini X6 qaytarmaq kimi öhdəliyi olmadığından və iddiaçı həmin pul vəsaitinin iki mislini X6 qaytardığından, sonuncudan artıq (əsassız) ödədiyi 500 ABŞ dolları və 5000 manat məbləğində pul vəsaitinin geri qaytarmasını tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 500 ABŞ dolları və 5000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, 3000 manat mənəvi zərərin və etibarnaməyə görə cavabdehə verdiyi 250 manat pulun ödənilməsi hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı həmin hissələrdə iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X12rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X18 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Namazova (Batur) Sevda Alçın qızından qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 500 (beş yüz) ABŞ dolları və 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, 78.50 (yetmiş səkkiz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Namazova (Batur) Sevda Alçın qızından alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Namazova (Batur) Sevda Alçın qızından qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 500 (beş yüz) ABŞ dolları və 5000 (beş min) manat məbləğində pul vəsaiti, həmçinin, 78.50 (yetmiş səkkiz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-618/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-618/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver