Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6242/2021 04.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş maddi zərər qismində 1420 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1450 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin may ayında “Mercedes E230” markalı avtomobilini dəmir və malyar işlərinin görülməsi məqsədilə, cavabdehin sexinə aparmışdır. Dəmir işlərini Bəhram adlı usta görmüşdür. Sonradan Yaşar adlı şəxs müxtəlif vaxtlarda ondan malyar işlərinin görülməsi üçün 1420 manat almış, lakin heç bir iş görməmişdir. Həmin sexin müdiri olduğundan, bu barədə cavabdehə bildirmiş, sonuncu isə, müxtəlif bəhanələr gətirərək onun nə pulunu vermiş, nə də iş görmüşdür. Bundan sonra o, cavabdehlə aralarındakı razılaşmanın şərtlərini cavabdehə xatırlatmış və maşınını təmir edib ona qaytarılmasını xahiş etmişdir. Cavabdeh isə pulu qaytarmaqdan imtina etmişdir. Bununla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə şikayətlə müraciət etmiş, bölmənin təhqiqatçısının 30.11.2020-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin 30.11.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı şöbəyə verdiyi izahatında Yaşar ustanın işlər görməsi üçün ondan müxtəlif vaxtlarda ümumilikdə 1420 manat pul aldığını, lakin heç bir iş görmədiyini bildirmişdir. Həmin qərardan görünür ki, X2 şöbəyə verdiyi izahatında İddiaçı hissə-hissə olmaqla 1420 manat məbləğində pul aldığını, həmin puldan Cavabdeh vermədiyini, dəmirçi öz işlərini tam görmədiyi üçün işlərini başa çatdıra bilmədiyini bildirmişdir. Həmin qərardan görünür ki, Cavabdeh şöbəyə verdiyi izahatında bildirmişdir ki, 2020ci ilin sentyabr ayında İddiaçı ona demişdir ki, malyar işləri görülməsi üçün Yaşara 1420 manat pul vermişdir. O, izahatında həmçinin qeyd etmişdir ki, avtomobilin götürülüb təmir olunmasına o nəzarət etmir, ustalar özləri götürdükləri işdən icarə haqqı olaraq ona faiz verirlər və Yaşar Azərdən aldığı puldan ona verməmişdir. İş materiallarında olan AD 479681 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E230” markalı, **-FF-*** qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddianı Cavabdeh qarşı qaldırsa da, iddia ərizəsində pulu X1 verdiyini qeyd etmişdir. Polis bölməsinə verilmiş izahatlardan da İddiaçı 1420 manat məbləğində pulu Cavabdeh deyil, X1 verdiyi, sonuncunun isə, həmin puldan Cavabdeh vermədiyi müəyyən olunur. Digər tərəfdən, iş materialları ilə X2 ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanması, onların rəsmi əmək münasibətlərində olduqları müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan, rədd edilməlidir. İş materiallarında dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumunu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6242/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6242/2021
04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver