Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-629/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X8 qızının, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (oğlu) X2 iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 7500 manat məbləğində borc pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Azərbaycan Avtomobil Yolları X4 Elmi-Tədqiqat Layihə İnstitutunda işləyirlər. Cavabdeh 2018-ci ilin dekabr ayında iddiaçıdan bir il müddətinə 10000 manat pul borc olaraq almış, həmin məbləğin 2500 manat hissəsini qaytarmış, lakin 7500 manatı bu günə qədər qaytarmamışdır. Məhkəmənin 24.01.2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin ərizəsi əsasında qiyabi qətnamə 17.01.2022-ci il tarixli qərardadla ləğv edilmiş və iş təzələnərək yenidən baxılmağa başlanılmışdır. İşə baxılması təzələndikdən sonra İddiaçı yenidən ərizə verərək 7500 manat məbləğində borc pulun, 5000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qiyabi qətnamənin ləğvi barədə ərizəni cavabdeh onunla əsaslandırmışdır ki, İddiaçı borca pul verərkən Cavabdeh maaş kartını əldə etmiş, hər ay 350 manat olmaqla 10 ay özündə saxlamış və maaşın hamısını əldə etmişdir. Sonradan iddiaçıya yenidən 722 manat pul vermiş, sonradan hər ay 50-10-150 manat pul ödəmiş, sonra isə 2000 manat pul vermiş və borcu bağlamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək qeyd etdi ki, vəkilinin məsləhəti ilə iş yerində Cavabdehı 10.11.2020-ci il tarixdə danışdırmış və səsini yazmış, sonradan diskə köçürtmüş və məhkəməyə sübut növü kimi təqdim etmişdir. Həmin səsyazmanı əks etdirən diskdən görünür ki, Cavabdeh iddiaçıdan 10000 manat məbləğində borca pul almasını, 2500 manat hissəsini qaytarmasını, əlavə olaraq lotereya oyunu üçün onun əvəzinə iddiaçı tərəfindən verilmiş pulları etiraf edir, sadəcə banklara olan borcları səbəbindən həmin pulu ona qaytara bilmədiyini deyir. Xahiş edir, iddiası tam şəkildə təmin edilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 iddianı qəbul etməyərək, qeyd etdi ki, o, iddiaçıdan 10000 manat deyil, 2018-ci ilin dekabr ayında 3000 manat ayda 10 faiz ödəmək şərtilə borc pul almışdır. 10 ay ərzində iddiaçı onun maaş kartından hər ay 350 manat çıxartmışdır, yəni 3500 manat faiz pulu. Hazırda iddiaçının istədiyi pul ana məbləğ olan 3000 manat və yığılmış 4500 manat faiz borcudur. Hesab edir ki, faizə pul vermək cinayətdir, iddiaçıdan aldığı pulu artıqlaması ilə ödəyib və onun iddiaçıya borcu qalmayıb. Diskin qulaq asılmasına icazə vermir, çünki gizli yolla əldə edilib və onun etibarından sui istfadə edilib. Aralarındakı olan danışığın mahiyyətini təkzib etmədi, lakin onun çoxdan yazıldığını və ondan sonra borcu qaytardığını bildirdi. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 eyni məzmunda izahatı verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında şifahi borc münasibətləri olmuşdur. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin iddiaçıya 7500 manat məbləğində borcu var. İddiaçı tərəfindən təqdim edilmiş səsyazma diski məhkəmə iclasında dinlənilməsə də , iddiaçı orada olan məlumatı səsləndirmiş, cavabdehin ona 7500 manat məbləğində borcunun olmasını etiraf etdiyini bildirmiş, cavabdeh bunu təkzib etməmiş, lakin həmin danışığın aralarında çoxdan olduğunu və sonradan pulu ona qaytardığını bildirmişdir. Lakin, cavabdeh səsyazmadan sonra pulu qaytardığına dair hər-hansı bir sübut əhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12.04.2021-ci il tarixli qərarından görünür ki, Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Odur ki, məhkəmə həmin diskdəki məlumatı sübut növü kimi qəbul etmişdir. Bundan başqa, cavabdeh ziddiyətli məlumatlar vermişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, qiyabi qətnamənin ləğvi barədə ərizədə cavabdeh iddiaçıdan 10000 manat borc aldığını faktiki etiraf etmişdir. Belə ki, cavabdeh həmin ərizədə iddiaçıdan 10000 manat deyil, borcun hər hansı bir digər məbləğdə olmasını qeyd etməmiş, iddia edilən məbləğə dair münasibət bildirərək, onu qaytardığını qeyd etmişdir (3500 manat kartdan çıxardılan məbləğ + 722 mana +2000 manat =6222 manat + hər ay 50-100-150 manat). Məhkəmə iclasında isə 3000 manat 10 faizlə borc pul götürdüyünü etiraf etmiş, cavabdehə 3500 manat faiz verdiyini bildirmiş və qalan ana məbləğ olan 3000 manat və yığılmış 4500 manat faiz borcunu qaytarmaq niyyətində olmadığını və qaytarmalı olmadığını qeyd etmişdir. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı M.A.Abbasov tərəfindən qəbul edilmiş 27.05.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan isə görünür ki, Cavabdeh izahatında 2017-ci ildə iddiaçıdan 10 faizlə bacısının müalicəsi üçün 5000 manat pul aldığını və sonradan 11000 manat ona pul qaytardığını bildirmişdir. Beləliklə, cavabdeh bir izahatında iddiaçıdan faktiki olaraq 10000 manat aldığını və onu qaytardığını, bir izahatında 3000 manat aldığını və 3500 manat qaytardığını, bir izahatında isə 5000 manat aldığını və 11000 manat qaytardığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, hətta tərəflər arasında olan borc münasibətləri faizin ödənilməsi ilə şərtləndirilmiş olsaydı, iddiaçının əsas borc və faizləri tələb etmək hüququ yaranardı. Belə ki, Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Yəni, cavabdehin izahatına əsasən 3500 manat qaytarmış, iddiaçının tələb etdiyi 7500 manat isə 3000 manat ana məbləğ və hesablanmış 4500 manat faizdən ibarətdir, onu da cavabdeh hesab edir ki, qaytarmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia 7500 manat borcun tutulması hissəsində təmin edilməlidir. İddiaçı eyni zamanda 5000 manat məbləğində mənəvi ziyanın da tutulmasını istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinin birinci cümləsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə araşdırması zamanı iddiaçı özünün mənəvi zərər çəkməsini sübut edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 7500 manat məbləğində borc pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-629/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-629/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver