Məhkəmə qərarları › İş №2(008)-6363/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6363/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6363/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, İddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zeynalov Cəmil Səbir oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) qarşı “müqavilənin ləğvi və qeyri yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və qeyri yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45,89 kv.m olan 32 nömrəli mənzilin sahəsi 15 kv.m hissəsinin icarəyə verilməsi barədə Cavabdeh ilə 18 oktyabr 2021-ci il tarixdə bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi və Cavabdeh tərəfindən əmlaklarının götürülərək icarə sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən 30 sentyabr 2006-cı il tarixdə verilmiş çıxarışa əsasən onun mülkiyyətində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45,89 kv.m olan 32 nömrəli mənzil olduğunu, 18 oktyabr 2021-ci il tarixdə bağlanılmış icarə müqaviləsinə əsasən həmin mənzilin 15 kv.m hissəsini Cavabdeh 18 oktyabr 2026-cı ilədək icarəyə verdiyini, müştəriləri ilə yaranmış problemlərlə əlaqədar olaraq üç aydan artıq müddətdir ki, Cavabdeh icarəyə götürdüyü sahəni bağlayaraq getmiş, icarə haqqını ödəməmiş və həmin sahə istifadəsiz qalmışdır. Cavabdehin icarəyə götürdüyü sahəyə gəlmədiyi üçün onunla dəfələrlə telefon əlaqəsi saxlanılmış, sonuncu yığılan borclarını qaytaracağını vəd etsə də, borcunu ödəməmiş və nəticədə icarə sahəsi bağlı qalmışdır. O, İİ-ci qrup əlil və məcburi köçkündür. Yeganə dolanışıq yeri icarəyə verdiyi sahəyə görə aldığı vəsaitdir. Cavabdeh isə müqavilə öhdəliklərini icra etmir. O, 06 aprel, 09 və 27 may tarixlərində üç dəfə Cavabdeh yazılı müraciət göndərərək icarə müqaviləsinin ləğv edilməsini bildirmişdir. Cavabdehə məxsus əmlak onun mənzilində olan sahədə yerləşdiyi və sahə bağlı olduğu üçün onun həmin sahədən istifadə etmək, onun üzərində sərəncam vermək hüququ məhdudlaşmışdır. Həmçinin bildirir ki, Cavabdeh müştəriləri ilə yaranmış problemləri nəticəsində müştərilər icarə sahəsinin qarşısına toplaşaraq narazılıqlar bildirir, istər qonşuluqda olan sahibkarlıq obyektlərinin, istərsə də qonşuların narahatlığına səbəb olurlar. Cavabdeh icarə müqaviləsini ləğv etməkdən yayındığı və öz əmlakını ona məxsus icarə sahəsindən götürmədiyindən, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul etmədiyini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında Cavabdeh ilə qonşu olduğunu, onun ona 3.000 manat borcu olduğunu, kart nömrəsini o borcu qaytarması üçün Cavabdeh verdiyini, həmçinin İddiaçı da tanışı olduğu üçün bəzən onların icarə haqqını həmin karta da göndərdiklərini və İddiaçı çatdırdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində mübahisə gedən mağazanın yuxarı hissəsində başqa mağaza işlətdiyini, Cavabdeh orada görmədiyini, lombardla bağlı müştəriləri gəlib onlardan da soruşduğunu, mağazada Cavabdeh tapa bilmədikləri üçün narazılıq etdiklərini bildirdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə, Cavabdeh arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 45.89 kv.m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən, 15 kv.m hissəni Cavabdeh icarəyə vermişdir. İş materiallarında olan İddiaçı tərəfindən 27 may və 06 aprel 2024-cü ildə Cavabdeh ünvanlanmış pretenziya məktublarının surətlərindən görünür ki, aralarında bağlanmış 18 oktyabr 2021-ci il tarixli icazə müqaviləsinin ləğv edilməsini, icarə haqqı üzrə aylıq ödənişlərin təmin edilməsini, əks təqdirdə məhkəməyə müracitə edəcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar, şərtlərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 700-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İşdə olan sübutlardan və qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən göründüyü kimi, tərəflər (fiziki və hüquq şəxslər) azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd edilməlidir ki, müqavilə azadlığı tərəflərin öz iradə ifadələrini əks etdirməklə bağlanılır və heç kimi hər hansı bir öhdəlik vəzifəsi kimi müqavilə bağlanılmasına məcbur edilə bilməz. Hazırki işdə tərəflər şərtlərlə razılaşdıqdan sonra öz iradə ifadələrini bildirməklə müqavilə imzalamışlar. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 45.89 kv.m olan mənzilin 15 kv.m Cavabdeh 18 oktyabr 2021-ci il tarixdən başlayaraq 18 oktyabr 2026-cı il tarixədək hər ayın icarə haqqı 100 manat olmaqla bir il müddətinə icarəyə vermişdir. Cavabdeh həmin halları mübahisələndirmir. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, cavabdeh 9 aydır ki, icarə haqqını ödəməyərək özünə məxsus əşyaları mənzildə saxlayaraq çıxıb getmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə pretenziya qaydasında məktub göndərilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu səbəbdən iddiaçı məcburiyyət qarşısında qalaraq ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45,89 kv.m olan 32 saylı mənzilin sahəsi 15 kv.m hissəsinin icarəyə verilməsi barədə Cavabdeh ilə 18 oktyabr 2021-ci il tarixdə bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi və Cavabdeh tərəfindən əmlaklarının götürülərək icarə sahəsinin boşaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45,89 kv.m olan 32 nömrəli mənzilin sahəsi 15 kv.m hissəsinin icarəyə verilməsi barədə İddiaçı ilə cavabdeh Türkanə Mahir qızı arasında 18 oktyabr 2021-ci il tarixdə bağlanılmış icarə müqaviləsinin ləğv edilməli və Cavabdeh tərəfindən əmlaklarının götürülərək icarə sahəsinin boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 101 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45,89 kv.m olan 32 saylı mənzilin sahəsi 15 kv.m hissəsinin icarəyə verilməsi barədə İddiaçı ilə Cavabdeh arasında 18 oktyabr 2021-ci il tarixdə bağlanılmış icarə müqaviləsinin ləğv edilsin və Cavabdeh tərəfindən əmlakı götürülərək icarə sahəsi boşaldılsın. Cavabdeh 100 (yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar