Məhkəmə qərarları › İş №2(008)-638/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-638/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-638/2023 12.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2700 manat məbləğində pul vəsaiti və ödənilmiş 47 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, mebel əşyalarının yığılması ilə məşğuldur. Təxminən 2021-ci ilin fevral-mart aylarında Cavabdeh ilə aralarında olan razılaşma əsasında mebel düzəldərək onun yaşadığı mənzilə (Bakı şəhəri, Sabunçu rayonu, Kərpic zavod ərazisi) quraşdırmışdır. Həmin razılaşmaya əsasən, Cavabdeh göstərilmiş xidmətin müqabilində ona 1-2 ay müddətinə 2.700 manat məbləğində pul ödəməli olmuşdur. Aralarında olan razılaşmanın təsdiqi kimi votsap yazışmalarını sübut kimi təqdim edir. Həmçinin digər şəxslər də (usta, fəhlələr, taksi sürücüsü) mebelin Cavabdeh evində quraşdırılmasını və aralarında olan razılaşmanı təsdiq edə bilərlər. Lakin cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxır. Məhkəmə, iddia tərəfinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nə müraciəti əsasında toplanılmış materiallardan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə vətəndaş İddiaçı 1 il əvvəl qiyabi tanıdığı Cavabdeh adlı şəxsə 2700 manat dəyərində ev mebellərini sataraq gətirib evində quraşdırması, lakin sonuncunun bu günədək əsassız bəhanələr gətirərək pulu verməməsi və pulun alınmasına köməklik göstərməsi barədə 077-6541N nömrəli müraciətə baxılmışdır. Müraciətlə bağlı aparılan araşdırma zamanı İddiaçı qeyd olunan xüsusatların mülki xarakterli olması və məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir. Göründüyü kimi, təxminən 2021-ci ilin fevral-mart aylarında aralarındakı şifahi razılaşmaya əsasən, 2.700 manat məbləğində pul müqabilində iddiaçı mebel düzəldərək cavabdehin yaşadığı ünvana quraşdırmış, cavabdeh həmin pulu 1-2 ay müddətinə ödəməyi öhdəsinə götürsə də, razılaşmaya əməl etməyərək öhdəliyini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh İddiaçı xeyrinə 2700 manat məbləğində pul vəsaiti və ödənilmiş 47 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumunun əvəzi tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar