Məhkəmə qərarları › İş №2(008)-6386/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6386/2021

13.09.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6386/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 olmaqla, “şəxsin itkin düşmüş hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 olmaqla, “şəxsin itkin düşmüş hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci il təvəllüdlü Maraqlı şəxs1 itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini bununla əsaslandırmışdır ki, xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuşdur. 2011-ci ilin əvvəllərində Maraqlı şəxs1 ilə tanış olmuş, həmin vaxtdan onunla qeyri-rəsmi ər-arvad kimi birgə yaşamışdır. 23.02.2012-ci il tarixdə qeyri-rəsmi nikahlarından X5 doğulmuşdur. Maraqlı şəxs1 2013-cü ilin yanvar ayında Suriya Ərəb Respublikasında gedən döyüşlərdə iştirak etmək üçün oraya yollanmış, hazırkı vaxtadək geri qayıtmamışdır. Bu barədə dəfələrlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmiş, cavabında ona bildirilmişdir ki, Maraqlı şəxs1 Suriya Ərəb Respublikasında gedən döyüşlərdə iştirak etmişdir, lakin onun həmin döyüşlərdə sağ qalıb-qalmaması barədə heç bir məlumat yoxdur. O, 22.01.2013-cü il tarixdə Azərbaycan Respublikasını tərk etmiş və bu günədək geri qayıtmamışdır. Həmin tarixdən onunla heç bir əlaqəsi olmamışdır. Özü hal-hazırda övladı X5 ilə Türkiyə Respublikasında yaşayır, qızı orada məktəbdə təhsil alır. X1 Türkiyə Respublikasında təhsilini davam etdirib orada qalması üçün atası Maraqlı şəxs1 razılığı lazımdır. Atası Maraqlı şəxs1 razılığı olmadan qızının Türkiyə Respublikasında qalıb təhsilini davam etdirməsi mümkün deyil. Türkiyə Respublikasından ya atasının bununla bağlı razılığı, ya hüquqların ona etibar olunması barədə sənəd, ya da Maraqlı şəxs1 hazırkı vəziyyəti ilə bağlı sənəd tələb edilir. 2013-cü ildən bu günədək Maraqlı şəxs1 heç bir məlumat yoxdur. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən 06.04.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 867269 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23.02.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Maraqlı şəxs1, anası Ərizəçidır. İş materiallarında olan AZE seriyalı, 12594578 saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən də 23.02.2012-ci il təvəllüdlü X3 atasının Maraqlı şəxs1, anasının isə Ərizəçi olduğu müəyyən olunur. İş materiallarında olan AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, qeydiyyat yeri ünvan 1 ünvanıdır. İş materiallarında olan AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş, qeydiyyat yeri ünvan 2 ünvanıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25.05.2017-ci il tarixli, 2(004)-3962/2017 saylı qiyabi qətnaməsindən görünür ki, Ərizəçi cavabdeh Maraqlı şəxs1 qarşı uşağın ölkədən kənara çıxarılması barədə iddiası təmin olunmuş, cavabdeh Maraqlı şəxs1 razılığı olmadan 02.06.2000-ci il təvəllüdlü oğlu X2 və 23.02.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək anaları Ərizəçi ilə Azərbaycan Respublikası hüdudlarından müvəqqəti olaraq kənara getmələrinə və gəlmələrinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 14.06.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Maraqlı şəxs1 sonuncu dəfə 22.01.2013-cü il tarixdə ölkəni Türkiyə Respublikası istiqamətində tərk etmişdir. X10 Respublikasında gedən döyüşlərdə öldürülməsi barədə Baş İdarəyə məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Beləliklə, məhkəmədə araşdırılmış sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs1 qeyri-rəsmi nikah münasibətlərində olmuş, birgə nikahlarından X4 və X5 adlı iki övladları doğulmuşdur. X5 hal-hazırda yetkinlik yaşına çatmamışdır və Türkiyə Respublikasında orta məktəbdə təhsil alır. Onun Türkiyə Respublikasında yaşayıb təhsilini davam etdirməsi üçün atasının yazılı razılığı, bu mümkün olmadıqda isə, onun hazırkı vəziyyəti ilə bağlı rəsmi sənəd tələb olunur. Uşağın atası - xx.xx.1980-ci il təvəllüdlü Maraqlı şəxs1 22.01.2013-cü Azərbaycan Respublikasını tərk edərək, Türkiyə Respublikasına getmiş, həmin vaxtdan etibarən bir daha geri qayıtmamışdır. Ona görə də, Mülki Məcəllənin yuxarıda göstərilən müddəalarına uyğun olaraq, ərizə təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü Maraqlı şəxs1 22.01.2013-cü il tarixdən xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar