Məhkəmə qərarları › İş №2(008)-6446/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6446/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6446/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 8656,22 manat kredit borcu, 1542,10 manat faiz borcu və 3185,49 manat cərimə borcu olmaqla, cəmi 13.383 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə aralarında bağlanmış 22.11.2013-cü il tarixli, 02L000011136 saylı kredit xətti müqaviləsi əsasında Cavabdeh1 120 ay müddətinə 200.000 məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən, cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 15.11.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq 2 faiz dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 02.06.2020-ci il tarixli, 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq, dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 15.07.2020-ci il tarixdən ödənilməsi planlaşdırılan aylıq üçün kredit borcunu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1343,78 manat ödəniş etmiş və iddiaçıya 8656,22 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, borclunun kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 22.07.2021-ci il tarixə 368 gün üçün hesablanmış faiz borcu 1542,10 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 22.07.2021-ci il tarixə 368 gün üçün hesablanmış cərimə 3185,49 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən, kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən, bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən, yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır, ona görə də kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə əsas borcu və faiz borcunu icra mərhələsində ödəyəcəyini bildirərək, iddianın qismən təmin olunması, cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə. iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı QSC-nin Babək filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.11.2013cü il tarixli, 02L000011136 saylı kredit xətti müqaviləsi əsasən, sonuncuya 120 ay müddətinə 200.000 məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC-nin Babək filialı ilə Cavabdeh1 arasında bağlanılmış 15.11.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşmasına əsasən, sonuncuya 24 ay müddətinə, aylıq 2 faiz dərəcəsi olmaqla, 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin Babək filialı ilə Cavabdeh2 arasında bağlanılmış 15.11.2019-cu il tarixli, 002R********** saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 15.11.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 17.12.2019-cu il tarixdən 15.10.2021-ci il tarixədək aylıq 531 manat, 15.11.2021-ci il tarixdə 521,25 manat olmaqla, banka 12.734,25 manat ödəniş etməlidir. İş materiallarında olan Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 002R**********S saylı sazişə əsasən, bank ilə borcalan arasında 22.11.2013-cü il tarixli, 02L000011136 saylı kredit xətti müqaviləsi üzrə 15.11.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması əsasında borcalan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri həmin sazişə əlavə olunan 02.06.2020ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 02.06.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 16.06.2020-ci il tarixdən 15.10.2021-ci il tarixədək aylıq 607 manat, 15.11.2021-ci il tarixdə 606.90 manat olmaqla, banka 10.494,82 manat ödəniş etməlidir. İş materiallarında olan 28.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 15.11.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə 27.07.2021-ci il tarixə 8656,22 manat kredit borcu, 1542,10 manat faiz borcu və 3185,49 manat cərimə borcu olmaqla, cəmi 13.383,81 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda kredit borcunun ödənilməsi barədə bank tərəfindən xəbərdar olunmuşdurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsi, digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386cı maddəsinə əsasən, həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdehlər müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlıvaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi tərəflər arasında bağlanmış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 8656,22 manat kredit borcu və 1542,10 manat faiz borcunun tutulması hissələrində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının 30 manatadək azaldılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi, Cavabdeh2 isə, zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən, iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 15.11.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 8656,22 manat kredit borcu, 1542,10 manat faiz borcu və 30 manat cərimə borcu olmaqla, cəmi 10.228,32 manat borc İddiaçı QSC-nin xeyrinə tutulmalı, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.11.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsi cavabdehlərə aid edilməklə, onlardan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15.11.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 8656,22 manat kredit borcu, 1542,10 manat faiz borcu və 30 manat cərimə borcu olmaqla, cəmi 10.228,32 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi İddiaçı QSC-nin xeyrinə tutulsun. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.11.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar