Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6472/2024 15.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, NİM 005465 li aktdan irəli gələn 2205,54 manatın hesab kodundan silinməsinə və "Azərişiq” ASC-dən qanunsuz hərəkətlərinə görə ona dəymiş 3000 (üç min) manat mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. xx.xx.2001-ci ildə həmin ünvana “Bakı Elektrik Şəbəkəsi" tərəfindən SO-2M2 (5-15) tipli, ******* nömrəli sayğac quraşdırılmış, plomb vurulmuş və onun adına **********30003 li kod rəsmiləşdirilmişdir. xx.xx.2004-cü ildə SO- 2M2 (5-15) tipli, ******* nömrəli sayğac DD862 (10-40) tipli, 04006309 nömrəli sayğacla əvəz edilmiş, Cavabdeh ASC ilə abonent arasında elekrik enerjisinin təchizatı ilə bağlı hər hansı bir müqavilə bağlanmamışdır. xx.xx.2013-cü ildə DD862 (10-40) tipli, 04006309 nömrəli sayğac M500.2251 tipli, 15080788M516859 nömrəli sayğacla əvəz edilmiş, cavabdeh “Azərişiq" ASC ilə abonent arasında elekrik enerjisinin təchizatı ilə bağlı hər hansı bir müqavilə bağlanmamışdır. xx.xx.2017-ci ildə M500.2251 tipli, 15080788M516859 nömrəli sayğac qeyri-müəyyən səbəbdən VİKO-T5100DBOT tipli, 5174117M921234 nömrəli sayğac ilə əvəzlənmiş və cavabdeh "xxxx" ASC ilə abonent arasında elekrik enerjisinin təchizatı ilə bağlı hər hansı bir müqavilə bağlanmamışdır. xx.xx.2024-cü ildə saat 13:10 radələrində, abonentin və ailə üzvlərinin mənzildə olmasına baxmayaraq, "xxxx" ASC-nin nümayəndələri iddiaçı onun yaşadığı ünvan 3 ünvanında VİKO- T5100DBOT tipli, 5174117M921234 nömrəli sayğaca abonentin iştirakı olmadan baxış keçirmiş, guya mənzilə sayğacdan kənar xəttin daxil olmasını aşkar etmişlər. "xxxx" ASC X2 Nəzarət Şöbəsinin xx.xx.2024-cü il tarixli, NİM 005465 nömrəli aktına əsasən kənar xətti ləğv edilmişdir. Tərtib edilmiş həmin AKTa əsasən abonentin hesab koduna 2205.54 manat məbləğində borc yazılmışdır. Halbuki, heç bir kənar xətt olmamış, heç bir foto-video təqdim edilməmişdir. Nə onun, nə də ki, ailə üzvlərinin həmin AKTdan xəbərləri olmayıb. Akt birtərəfli qaydada tərtib edilmiş, iddiaçıya və ya ailə üzvlərinə təqdim olunmamış, iddiaçı həmin AKTı imzalamamış və abonentin evdə olduğunu bilə-bilə qəsdən həmin ünvana qonşular dəvət olunmamışdır. Abonentin imzalamadığı həmin akt əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı üçün həmin akt etibarsız hesab edilməlidir. Akt tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Cavabdeh qanunsuz hərəkətlərini davam etdirərək, yaranmış borca görə abonentdən pul tələb edir və əks təqdirdə elektrik enerjisinin təchizatını dayandırmaqla iddiaçını hədələyir. O, yaşadığı ünvan 4 ünvanında istifadə etdiyi elektrik enerjisinə görə hər ay sərfiyata uyğun ödənişlər etmiş və sayğac üzrə heç bir borcu yoxdur. Göründüyü kimi, qanunvericilik elektrik qurğularının saz vəziyyətdə saxlanmasına görə istehlakçı - abonentin məsuliyyət dairəsini dəqiq müəyyən edib. Hazırki işdə iddiaçıya aid hesablaşma üçün nəzərdə tutulmuş elektrik sayğacı iddiaçıya məxsus yaşayış evində deyil, yaşayış evinin hasarının xaricində quraşdırılıb və buna görə də, iddiaçı o halda məsuliyyətə cəlb edilə bilər ki, həmin sayğaca müdaxilədə onun təqsiri sübuta yetirilmiş olsun. Əks halda yuxarıda qeyd edilən Qaydalar onun məsuliyyətini istisna edir. Bu səbəbdən hesab edirik ki, abonentin hesab koduna yazılmış 2205.54 manat borc ləğv olunmalıdır. "xxxx" ASC-nin əməkdaşlarının qanunsuz olaraq elektrik enerjisinin təchizatının dayandırılması ilə bağlı hədələri nəticəsində iddiaçı ciddi olaraq əsəbləşmiş, stresə düşmüş və bu səbəbdən səhhətində problemlər yaranmış, mənəvi əzab çəkmişdir. Mənəvi zərər isə bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş maddi zərər ilə birlikdə, yaxud maddi zərər vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, maddi vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İddiaçı cavabdeh . "xxxx" ASC-dən qanunsuz hərəkətlərinə son qoyulmasını tələb etsə də, müraciəti nəticəsiz qalmış və abonentə qarşı etdiyi qəsdi aradan qaldırmamış, müxtəlif bəhanələrlə öz qanunsuz hərəkətlərinə haqq qazandırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavbdehin nümayəndəsi məhkəmə iclasının vaxtı yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan **********30003 nömrəli İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə akt üzrə cəmi 2162,16 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan 005465 nömrəli 07 avqust 2024-cü il tarixli aktdan görünür ki, fərdi yaşayiş evinə baxış keçirilən zaman sayğaca sxemindən kənar xəttin daxil olunduğu müəyyən olunmuşdur. Həmin kənar xətt 4 kvt-lıq dəmir dayağın içərisndən mənzilə çəkilmişdir. Sip xəttinin izolivasiyasını pozaraq xüsusi sıxac vasitəsilə verilmişdir. Ölçü aparılan vaxt kənar xətdə yük “0” apmer təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qanunun 17-ci maddəsində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydanın) 1.1-ci maddəsində məişət abonentinə (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı olması barədə anlayış verilmişdir. Qaydanın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydanın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydanın 8.33-cü bəndində göstərilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qərarın 7.10-cu bəndində göstərilmişdir ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qərarın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Elektroenergetika haqqında Azərbaycan Respublikası Qanunun 19.16-cı maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Məhkəmə ilk növbədə iddia tələbinin Azərişıq» Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 005465 nömrəli akt əsasında hesablanmış 2205,54 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən aktdan məlum olur ki, yaşayiş evinə baxış keçirilən zaman sayğaca sxemindən kənar xəttin daxil olunduğu müəyyən olunmuşdu. Bu səbəbindən akt tərtib edilərək abonentə borc hesablanmışdır. Yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin aktı imzalanması özüözlüyündə sayğaca qoşulmuş kənar xəttin məhz istehlakçı olan iddiaçı tərəfindən qanunsuz olaraq işıq xəttinə qoşulmasına dəlalət edə bilməz. Belə ki, akt tərtib edilərkən və bundan sonra Elektroenergetika haqqında Azərbaycan Respublikası Qanunun 19.16-cı maddəsində nəzərdə tutulan şərtlərə əməl edilməsi halları mülki iş matriallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin ediləməli, xx.xx.2024-cü il tarixli 005465 nömrəli akt əsasında iddiaçıya hesablanmış borc silinməlidir. Lakin məhkəmə silinməli olan borcun məbləğinə diqqət yetirərək qeyd edir ki, iddiaçı sözügedən akta əsasən ona 2205.54 manat məbləğində borcun yazılmış oluğunu bildirsədə abonentə məxsus salodan sözügedən akt üzrə iddiaçıya 2162.16 manat borc yazıldığı müəyyən edildiyindən iddia tələbi yalnız həmin hissədə təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsini aşağıda qeyd olunan əsaslarla görə təmin edilə bilməz. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Göründüyü kimi, qanunvericilikdə fiziki şəxslərə münasibətdə vurulmuş mənəvi ziyanın ödənilməsi imkanı, şərtləri və s. nəzərdə tutulmuşdur. İddiaçı mənəvi zərərin ödənilməsi tələbini əlaqələndirdiyi halları əsaslandırmamış və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə istinadən, məhkəmə, iddianın cavabdehdən mənəvi ziyanın tutulması hissəsində rədd olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. **********30003 saylı abonent İddiaçı Azərişıq ASC tərəfindən xx.xx.2024-cü il tarixli NİM 005465 saylı akta əsasən hesablanmış 2162,16 (iki min yüz altmış iki manat on altı qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6472/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6472/2024
15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver