Məhkəmə qərarları › İş №2(008)-648/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-648/2022

03.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-648/2022 03.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq (sonradan tələbin azaldılması barədə ərizə verərək) 5360 manat məbləğində pulun və 31 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiqşdir. İddiaçı tələbini tələbi onunla əsaslandırmışdır ki, «TOYOTA PRADO» markalı 2006cı il buraxılışlı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Həmin avtomobil xx.xx.2021-ci il tarixdə təmir olunması üçün Cavabdeh işlədiyi avtoservisə qoyulmuşdur. Lakin, cavabdeh iddiaçının razılığı və etibarnaməsi olmadan həmin avtomobili idarə edərək yol-nəqliyyat hadisəsi törətmiş və «Mercedes» markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Bu barədə Sabunçu rayon Polis İdarəsində araşdırma aparılmış və xx.xx.2021-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, cavabdehin AR İXM-nin 332.1 v 332.2-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün SMabunçu DYPŞ-yə göndərilmişdir. Cavabdeh axtarışda olduğundan onun barəsində hansı tədbirin görülməsi barədə məlumatı yoxdur. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobili tamamilə yararsız hala düşmüş, «Biləcəri Texniki Xidmət» Servisi tərəfindən verilmiş qüsur aktına görə avtomobilə ümumilikdə 7620 manat məbləğində ziyan dəymişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsini rəhbər tutaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. «TOYOTA PRADO» minik markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi idldiaçı İddiaçıdur (AC № 014287 Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində X4 «Mercedes» markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəninin tələblərini pozmaqla yolun sağ kənarında dayanmış Cavabdeh sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi «TOYOTA PRADO» minik markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur (Sabunçu RPİ-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar). Cavabdeh bu hüquq pozuntusuna görə AR İXM-nin 332.1 v 332.2-ci maddələri ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. «Biləcəri Texniki Xidmət» Servisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qüsur aktına görə TOYOTA PRADO» minik markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 7610 manat məbləğində ziyan dəymişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə iki vəsatət ünvanlamışdır. Cavabdeh qeyd etmişdir ki, avtomobilə cəmi 2450 manat maddi ziyan dəymiş, cavabdeh ** SS *** dövlət qeydiyyat nişanlı «TOYOTA PRADO» markalı avtomobilin təmir etdirmək üçün İddiaçı 830 manat məbləğində pul ödəmiş, bundan əlavə hadisəni törətmiş tərəfin sığortası olduğundan Sığorta şirkəti ** SS *** dövlət qeydiyyat nişanlı «TOYOTA PRADO» markalı avtomobilin təmiri üçün 3100 manat pulu İddiaçı vermişdir. Lakin,o, cavabdehin ona verdiyi 830 manat pulu və Sığorta Şirkətinin ona verdiyi 3100 manat pulu alıb xərcləmişdir. Amma avtomobilin təmiri üçün 2500 manat vəsait lazim olduğu halda cavabdehdən 7610 manat pul tələb etmişdir. Cavabdeh iş üzrə ekspertizanın keçirilməsini və hadisəni törətmiş 10 KT025 dövlət qeydiyyat nişanlı «MERCEDES» markalı avtomobilin sığortası olduğundan və Sığorta şirkəti tərəfindən nə qədər pulun ödənilməsi və həmin pulun İddiaçı alıb-almaması barədə Sığorta Şirkətinə sorğu verilməsini xahiş etmişdir. Cavabdeh sığorta şirkətinin konkret adını göstərmədiyindən məhkəmə tərəfindən sorğu Sabunçu rayon X6 Şöbəsinə göndərilmiş, lakin sonuncu məhkəmənin sorğusunu cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli 9/478 №-li ekspert rəyinə əsasən «TOYOTA PRADO» minik markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5360 manat təşkil edir. Hazırda iddiaçı 5360 manat pulu cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Cavabdeh vəsatətlərində qeyd etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində rüsum cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı məhkəmə cavabdeh tərəfin vəsatəti əsasında təyin etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5360 manat məbləğində pul və 31 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatı dəyəri 100 manat Cavabdeh tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi ücün Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar