Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-648/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçılar İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 62.000 manat məbləğində pulun, ödənilmiş 276 manat dövlət rüsumunun, cəmi 62.276 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh uşaqlıqdan tanıyır, orta məktəbi də birlikdə oxumuşlar. Bir-birlərinə qarşı etibarlı münasibətləri olmuşdur. Cavabdeh ondan 65.000 manat pulu almış və alarkən də həmin məbləğin üzərində sonda ona xeyir verəcəyini bildirmişdir. Razılaşdırılmış müddət bitsə də cavabdeh aldığı məbləği qaytarmamışdır. Cavabdeh hər gür müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. O, anlamışdır ki, cavabdeh bu məbləği ona könüllü şəkildə qaytamaq niyyətində deyil. Cavabdehdən dəfələrlə pul məbləğini geri istəmiş, hətta cavabehin ünvanına getmiş, polisə şikayət belə yazmışdır. Cavabdeh bölməyə çağırılmış, izahatı alınmışdır. Cavabdeh barəsində etdiyi şikayətin nəticəsi olaraq Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Pərvanə Əzizova tərəfindən 23 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan verdiyi şikayət əsasında Nizami rayon prokurorluğu tərəfindən xx.xx.2022-ci il tarixli qərarla şöbənin qərarı ləğv edilmiş yenidən araşdırmaya qaytarılmışdır. Yenidən şöbədə araşdrıma aparılmış, cavabdehin, o cümlədən, şahidlərin ifadələri alınmış, üzləşdirmə aparılmışdır. Şahid ifadələri ilə təsdiq olunmuşdur ki, qeyd etdiyi məbləğ cavabdeh tərəfindən ondan alınmışdır. İzahatı alınmış Cavabdeh izahatında ondan 65.000 manat pul alıb mənimsəməsinə baxmayaraq, guya ondan 10.000 manat məbləğində pul aldığını qeyd etmişdir. Cavabdeh ilə aralarında hazırkı mübahisə ilə bağlı bir çox yazışmalar və danışıqlar olmuş, həmin səs yazılarında Cavabdeh evini satıb 45.000 manat əldə edib pulun bir hissəsini ödəyəcəyini, qalan hissəsini isə sonradan verəcəyini bildirmişdir. Bir çox şahidlər var ki, onlar bu razılaşmadan xəbərdardırlar. Onların məhkəmə iclasında şahid qismində məhkəmə iclasına gəlmələrini təmin edə bilər. Borc razılaşmasının son icra müddətindən xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh həmin pul məbləğini ona qaytarmır. Sonuncu danışıqları zamanı cavabdeh onu təhqir etmiş, pulu verməyəcəyini açıq-aşkar bildirmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh 62.000 manat məbləğində pulun, ödənilmiş 276 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 130 manat pulun, cəmi 62.406 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini artırılmış həcmdə müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia tələbinin əsası kimi istinad olunan halları sübut etmək üçün yetərli dəlillər tərəfindən məhkəməyə təqdim edilmişdir və iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar yaranmışdır. Belə ki, tərəfindən verilmiş yazılı vəsatət məhkəmə tərəfindən təmin edilərək bir neçə şəxs X1, X12, X2, X5 və X15 şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadə vermişlər. Onların verdikləri sərbəst ifadələr, o cümlədən tərəfindən onlara ünvanlanmış suallara verilən adekvat cavablar məhkəmə iclas protokoluna salınmışdır. Həmin ifadələrlə müəyyən olunur ki, iş üzrə cavabdeh olan Cavabdeh iddiaçıdan 65.000 manat pul almışdır. Təmsil etdiyi şəxs dürüst, ədalətli və o qədər də hüquqi savadı olmayan şəxs olduğundan daha öncədən həmin 65.000 manatın 3000 manatının Cavabdeh tərəfindən ona qaytarıldığını açıq bəyan etmiş, polis bölməsinə verdiyi ilk izahatlarında göstərmişdir. Ona görə iddia tələbini ədalətlilik prinsipindən çıxış edərək 62.000 manat qalıq pulun alınması kimi formalaşdırmışlar. Cavabdeh məhkəmə iclaslarında iddia tələbində qeyd olunan 65.000 manat pulu almadığını, yalnız 10.000 manat pul aldığını bildirərək iddia tələbini qismən qəbul etsə də, həmin pulu 15.000 manat şəklində qaytardığını iddia etsə də, 15.000 manatın iddiaçıya qaytarılmasi ilə bağlı tələb və etirazının əsası kimi istinad olunan halları sübut edə bilməmiş, bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən, tərəfindən verilmiş vəsatətlə məhkəmə tərəfindən cavabdehin səs yazısı məhkəmə iclas zalında dinlənilmiş və həmin səs yazısında cavabdeh pul aldığını, evini satıb borcunun bir hissəsini ödəyəcəyini, qalıq məbləği isə ondan sonrakı zamanda ödəyəcəyini açıq bəyan etmişdir. Həmin səs yazısı ilə bağlı cavabdeh ilk əvvəl bildirmişdir ki, onun tərəfindən elə bir səs yazısı heç kimə göndərilməmişdir, yazıdakı səs ona məxsus deyildir. Daha sonra səs yazısı iclas zalında tədqiq edildikdə o, səs yazısının ona məxsus olduğunu, həmin səs yazısını əslində guya başqa bir borcu olduğu şəxsə göndərdiyini, ya səhvən həmin səs yazısını iddiaçıya göndərdiyini, ya da iddiaçının onun telefonundan həmin səs yazısını oğurladığını bildirmiş, verilən bəzi adekvat suallardan yayınmış, bəziləri barəsində isə qeyri-səmimi, əsaslandırıla bilməyən cavablar vermişdir. Digər tərəfdən, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddiaçıdan 10.000 manatdan artıq məbləğdə pul aldığını, 15.000 manat pul qaytardığını bildirməklə bərabər iclas zalında “mən ona demişdim ki, lazım olar evimi sataram, pulumun yarısını sənə verərəm, yarısı ilə də özüm işimi görərəm” məzmunlu izahat vermişdir. Səs yazısı tədqiq edildikdən sonra keçirilən sonuncu məhkəmə iclasında isə cavabdeh verdiyi izahata zidd fikirlər səsləndirərək səs yazısında qeyd olunaların iddiaçıya ünvanlanmadığını qeyd etmiş, iddiaçıya görə evini satmaq niyyət və fikrində olmadığını bildirmişdir. Cavabdehin bu izahatı xx.xx.2022-ci il tarixdə şahid qismində dindirilmiş X8 ifadəsi ilə də təkzib edilmiş, şahid öz ifadəsində makler işlədiyini, cavabdehin evini iddiaçıya olan borcunu ödəmək üçün satışa qoyduğunu, hətta dəfələrlə cavabdehin onun yanında iddiaçıdan 65.000 manat borc aldığını, evini bu məqsədlə, yəni iddiaçının borcunu qaytarmaq üçün satmaq istədiyini, evini 100.000 manatdan aşağı qiymətə verməyəcəyini, satıb iddiaçının borcu qaytarıldıqdan sonra 35000-40000 manata özünə ev alacağını söylədiyini bildirmişdir. Bütün bunlar cavabdehin izahat və fikirlərində səmimi olmadığını, yalan söylədiyini, əslində tələb olunan məbləği aldığını və qaytarmamaq üçün müxtəlif yayınma yollarından istifadə etdiyini açıq-aşkar sübut edir. Qeyd olunanlar və məhkəmə iclasında tədqiq edilən sübutlar iddia tələbinin təmin edilməsi üçün əsaslar yaradır. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddianı etiraf etmədi və izahatında bildirdi ki, o, iddiaçıdan 10.000 manatdan artıq pul almış və faizi ilə bərabər 15.000 manat pul qaytarmışdır. O, iddiaçıya demişdir ki, lazım olar evini satar, pulun yarısını ona verər, yarısı ilə də özü işini görər. Daha sonra o, 1000-2000-3000 manat olmaqla, hissə-hissə götürdüyü pulu iddiaçıya geri qaytarmışdır. Onun həmin pulları qaytarması ilə bağlı sübutu yoxdur. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirdi ki, Cavabdeh onun anasıdır. Anasının Vəfa xanımdan pul aldığını şəxsən görməmişdir. Ancaq anası deyirdi ki, Vəfa xanımdan 10.000 manat borc alıb, qarşılığında isə 15.000 manat ödəmişdir. O, 5-6 dəfə Vəfa xanımgilə gedərək evində anasının borcundan 200-300 manat olmaqla, ümumilikdə 1500-2000 manata yaxın ona pul vermişdir. Həmçinin, anasının mağazasında anasının Vəfa xanıma 150-200 manat pul verdiyini gözü ilə görmüşdür. Anasının Vəfa xanımla borcla bağlı söhbətlərini eşitməmişdir. Vəfa xanım anasına pulu faizlə vermişdi, ona görə anası 15.000 manat qaytarmışdır. Evləri satışda olmuşdur. Qardaşı evlənəcəyi üçün istəyirdilər ki, evi satıb iki ev alsınlar. Evi satmaq üçün makleri onlara Vəfa xanım tapmışdır. O, makleri bir dəfə görmüşdür. Evlərini anasının borcunun olmasına görə satmırdılar. Məhkəmə iclasında şahid X15 ifadəsində bildirdi ki, o, İddiaçı uzun müddətdir tanıyır. Mart ayı olardı Vəfa telefonla zəng edərək ondan 1000 manat borca pul istəmişdir. Həmin pulu Vəfaya vermək üçün onun mağazasına getmişdir, lakin hansı gün getdiyini xatırlamır. Cavadehi də orada görmüş tanımışdır, daha əvvəl isə cavabdehi görməmişdir. Vəfa onun yanında 1000 manatı cavabdehə vermişdir. O da Vəfaya demişdir ki, bu pul onun deyil, lotoreya puludur. Onda Yaqut ona “niyə narahat olursan ki, Vəfa mənə 60.000 manatdan çox pul vermişdir” demişdir. Vəfa iki gün sonra ona demişdir ki, gəl 1000 manatı götür. Vəfa pulu Səadətdən aldığını demişdir. Bir müddət sonra Vəfa söhbət zamanı ona demişdi ki, Yaqut 62.000 manat pulunu alıb, ancaq qaytarmaq istəmir. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirdi ki, o, evlərin alqı-satqısı ilə məşğul olur. Vəfa xanımı ona kirayə yaşamaq üçün evlər tapanda tanımışdır. Yaqut xanımı isə ona məxsus evi satışa çıxarmaq üçün Vəfa xanımın vasitəsi ilə tanımışdır. O, Vəfa xanımla birgə Yaqut xanımın evinin şəkillərin çəkmək üçün onlara getmişdir. Evin şəkillərini çəkəndə Yaqut xanım demişdir ki, onun 65.000 manat borcu var, evi 100.000 manatdan aşağı verməyəcəkdir. Evdə Yaqut xanım, bacısı və uşaq var idi. Yaqut xanım 65.000 manat borcu olduğunu deyəndə bacısı da evdə idi. Evi satılarsa 35.000-40.000 manata başqa ev tapıb-tapmayacağı ilə də onunla məsləhətləşmişdır. Bir müddət sonra satışa çıxardıqları evlə maraqlanan olmamış, Yaqut xanımla da əlaqəsi kəsilmişdir. 65.000 manat borcu olduğunu ona Yaqut xanım özü demişdir. Evi satmasının da səbəbi borcunun olması ilə bağlı olduğunu demişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirdi ki, o, Laçın Ticarət Mərkəzində Yaqutun magazası ilə qonşu mağazada uzun müddət işləmişdir. İddiaçı Vəfa xanımı əvvəllər tanımırdı. O, Yaqutdan 2250 manat borca pul istəmişdir. Ona həmin pulu verəndə, pulu Vəfa xanımdan götürdüyünü bildirmiş və Vəfa xanıma məxsus kart hesabı atmışdır ki, ödənişi həmin karta etsin. O, faizi ilə bərabər 2700 manatı dəfələrlə hissə-hissə həmin kart hesabına Milli Ön aparatı ilə, həmçinin öz kartından onun kartına göndərmişdir. Çeklərin çoxunu itirmişdir. Ona demişdi ki, Vəfa xanımın kartına atarsan pulları, o, xanımı tanımamışdır. O, pulu Yaqutun kartına 2021-ci ilin yay ayında göndərməyə başlamışdır. Yaqutdan bir dəfə borc pul almışdır. Vəfa bir dəfə öz mağazasında olanda Yaqut da ora gəlmiş və onlar dalaşmağa başlamışlar. O, hər ikisinə bildirmişdir ki, onun mağazasında mübahisə etməsinlər. Onun mağazasında dalaşanda bir-birilərinə olan borcları barədə heçnə eşitməmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirdi ki, İddiaçı onun xalasıdır. Cavabdehin xalasının 11 illik sinif yoldaşı olduğunu bilir. Onun valideynləri Moskvada olduqları üçün 13 yaşından xalası ilə birgə yaşayır. Xalasının kitab mağazası var, oradan öz qazandığı və yığdığı pullar vardı. Həmçinin, atası onun üçün xalasına 14.000 manat pul göndərmişdir. O, xalasının hissə-hissə olmaqla ümumilikdə cavabdehə 60.000 manat verdiyini görmüşdür. Həmin pulun 14.000 manatı onun atasının göndərdiyi pul idi. Xalasının Səadət xanımdan pullar aldığını bilsə də, aldığı pulların miqdarını bilmir. Xalasının cavabdehə verdiyi pulları kimdən aldığını bilmirdi. O, cavabdehə verilən pulları saymamışdır, ancaq xalası onun yanında sayırdı. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, İddiaçı onun 27 illik rəfiqəsidir, Cavabdeh Vəfanın ad günündə tanımışdır. Vəfa ondan qardaşına pul lazım olduğu üçün hissə-hissə olmaqla, ümumilikdə 65.000 manat borca pul almışdır. Bir müddət sonra o, Vəfadan pulunu geri tələb edəndə o, pulu Yaquta verdiyini, Yaqutun pulu geri qaytarmadığını demişdir. O, Yaqutla telefonla danışmışdır. Yaqut Vəfadan pul aldığını ona demiş, ancaq aldığı pulun miqdarını bilməmişdir, bu barədə söhbətləri olmamışdır. Yaqut ona demişdir ki, o da pulu başqasına vermişdir və geri ala bilmir. Yaqutla aralarında ancaq telefon söhbətləri olmuşdur. Vəfanın Yaquta borc verdiyini şəxsən görməmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, iddiaçı onun bacısıdır. Cavabdeh isə bacısının sinifyoldaşı olmuşdur. Bacısının cavabdehə pul verdiyini görmüşdür. O, 2021-ci ilin noyabr ayında Türkiyədən Bakı şəhərinə gəlmiş, bacısı ilə birlikdə cavabdehin evinə gedərək ondan borcunu qaytarmasını bildirmişlər. Cavabdehin bacısına 65000 manat borcu olduğunu bilirmiş, bu barədə bacısı ilə cavabdehin telefon danışıqları onun yanında olmuşdur. Bacısı ondan 16000 manat alaraq cavabdehə vermişdir. O, bacısı ilə birlikdə cavabdehdən pulun qaytarılmasını istəsə də, cavavbdeh borclarını qaytarmamışdır. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirdi ki, İddiaçı onun anasıdır, cavabdeh isə anasının rəfiqəsi və sinifyoldaşı olmuşdur. 2021-ci ilin iyun ayında cavabdehi ilk dəfə onlara qonaq gələndə görmüş, cavabdeh həmçinin tez-tez evlərinə və mağazalarına gəlirmiş. Bir müddət sonra eşitmişdir ki, anası cavabdehə pul vermişdir, hərdən anasını onunla danışdıqdan sonra əsəbi görmüşdür. Səadət xanımdan anasının pul alıb Yaqut xanıma verdiyini görmüşdür. Anası ilə cavabdeh arasında olan danışıqları daha çox eşitmiş, bir dəfə iyun ayında pul veriləndə gözü ilə görmüşdür. O, sadəcə pulun verildiyini görmüş, pulun məbləğinin nə qədər olduğunu bilməmişdir. Anası ilə Yaqut xanımın aralarındakı mübahisələrdə nə qədər puldan söhbət getdiyini bilməmiş, amma Yaqut xanımın evi satıb, anasına olan borcundan 45000 manat qaytaracağını eşitmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirdi ki, İddiaçı onun anasıdır. Anasının Yaqut xanıma pul verdiyini görmüş, amma məbləğini bilməmişdir. Eşitdiyinə görə Yaqut xanımın anasına 65000 manat borcu olmuşdur. Anasının cavabdehə pul verdiyi tarixi xatırlamır. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 130 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 276 manat dövlət rüsumu ödəmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 fevral 2022-ci il və 01 iyun 2022-ci il tarixli qərarlardan görünür ki, Yusifova X3 Yaqut Bahadır qızına verdiyi 62.000 manat pulun ona qaytarılmasına köməklik göstərilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir. Araşdırmalar zamanı Cavabdeh izahatında bildirmişdir ki, Vəfa ilə sinif yoldaşı olmuş, onunla təsadüfən 2021-ci ilin yayında rastlaşmış, Vəfa onun nə ilə məşğul olduğunu soruşduqda, o, əlində olan bir az pulu 8-ci km bazarında faizə verib qazanc əldə etməklə dolandığını bildirmişdir. Bu zaman Vəfa ona pul verib faiz götürməyi təklif etmişdir. Bu danışıqdan təxminən bir ay sonra Vəfa ona zəng edərək, 10.000 manat pul göndərməsini demiş, o da Lotos ticarət mərkəzinin qarşısında Vəfanın göndərdiyi adamdan pulu götürmüş və oradan da birbaşa Vəfanın evinə getmişdir. Vəfa pulların onun olmadığını, rəfiqəsindən götürdüyünü demiş, həmin 10.000 manata hər ay 1000 manat faiz verməsini demişdir. O da razılaşıb həmin 10.000 manatı 8-ci km bazarında hərəsinə 5000 manat olmaqla iki nəfər qadına vermiş, həmin adamlar hər 10 gündən bir hərəsi 500 manat olmaqla, ümumilikdə 1000 manat vermiş, o da həmin pulları Vəfaya vermişdir. Bu qayda ilə iki ay pulu faizə vermişdir. İki ay ödədikdən sonra həmin adamlar faizi verə bilməmiş, o da öz cibindən hissə-hissə olmaqla, ümumilikdə Vəfaya 5000 manat qaytarmışdır. Daha sonra Vəfa ondan pulları tələb etmiş, Vəfa borc pul götürdüyü Səadət adlı qadınla onun yaşadığı evə gəlmiş, orada faizi dayandırmalarına dair razılığa gəlmişlər. Belə ki, Vəfa artıq faizi dayandırmış, lakin ona verdiyi 10.000 manat pulu hər ay 1000 manat olmaqla qaytarmasına dair onunla razılıq əldə etmişdir. O, bu qayda ilə 3 ay Vəfaya pul qaytarmış, sonradan pulu qaytarmağa imkanı olmadığı üçün Vəfaya heç bir pul ödəməmiş, sonradan Vəfanın onun barəsində polisə şikayət etdiyini eşitmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh 65.000 manat borc pul vermiş, cavabdeh həmin puldan 3000 manatını qaytarmış, qalan 62.000 manatı isə bu günədək iddiaçıya ödəməmiş, bununla da iddiaçı qarşısında götürdüyü öhdəliyə əməl etməmişdir. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-də aparılmış araşdırmalar zamanı, həmçinin tərəflər arasında olan danışıqlar (səs yazısı) və şahid ifadələri ilə cavabdehin iddiaçıdan 65.000 manat borc pul aldığı, həmin puldan 3000 manatını qaytardığı öz təsdiqini tapmışdır. Cavabdeh isə iddiaçıdan 10.000 manatdan artıq pul aldığını, aldığı pulu faizləri ilə birlikdə cəmi 15.000 manat olmaqla iddiaçıya qaytardığını bildirsə də, bununla bağlı cavabdehin yalnız mülahizə xarakterli izahatı mövcuddur. Cavabdehin izahatı sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də məhkəməyə belə bir sübut təqdim edilməmişdir. Eyni zamanda, cavabdeh izahatında iddiaçıya pulları qaytarmasına dair sübutunun olmadığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, «mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz». Bununla əlaqədar olaraq, məhkəmə, hazırkı iş üzrə səs yazılarını əks etdirən flaş kartı da sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 62.000 manat məbləğində pul, 276 manat dövlət rüsumu, 130 manat hüquqi yardım haqqı olmaqla, cəmi 62.406 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 62.000 manat məbləğində pul, 276 manat dövlət rüsumu, 130 manat hüquqi yardım haqqı olmaqla, cəmi 62.406 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-648/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-648/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver