Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-650/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ona məxsus dəyəri 2420 manat məbləğində çəkisi 25 qram olan 585 əyarlı qızıl-zinət əşyalarını satmaq adı ilə nisyə alaraq, həmin əşyaların qiymətindən 420 manat qaytarmış, 2000 manat isə borclu qalmışdır. Bununla bağlı cavabdehin barəsində etdiyi şikayət əsasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-də araşdırma aparılmış və həmin araşdırma zamanı cavabdeh izahatında ondan qızıl-zinət əşyaları almasını və ona hazırda 2000 manat pul borclu olmasını etiraf etmişdir. Cavabdehin bu etirafı Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında öz əksini tapmışdır. Həmin qərarda o qızılların pulunu qaytaracağına söz versə də, lakin sözünə əməl etməmişdir. Beləliklə də, cavabdehin ona 2000 manat pul borcu qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh 2000 manat pulun, 60 manat mediasiya xərcinin və 40 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının ərizəsi əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qərardadına əsasən işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/6-4589 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, İddiaçı Cavabdeh ona borclu olduğu 2000 manat pulun ona qaytarılmasına köməklik göstərilməsi üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24cü Polis Şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, Xanımı 15 ildən çoxdur ki, tanıyır. Onunla Laçın t/m-də işləyən vaxtlarda tanış olmuşdur, münasibətləri normal olmuşdur. O, 2022-ci ilin aprel ayında Xanımdan Türkiyə istehsalı olan 585 əyarlı 24 qram çəkidə qızıl almış, qızılın ümumi dəyəri 2400 manat olmuşdur. Yaqut aldığı qızılın qarşılığında ona 400 manat pul vermiş, yerdə qalan 2000 manatı isə imkanı olmadığı üçün Xanıma vəd etdiyi vaxtda qaytara bilməmişdir. O, Xanımla pulu hər ay 200 manat olmaqla qaytarmağa dair razılığa gəlmiş, lakin vəd etdiyi vaxta ödəyə bilməmişdir. Cavabdeh İddiaçı 2000 manat pul borcunu danmadığını, həmin borcu ayda 100 manat olmaqla qaytarmasına dair ona möhlət verilməsini xahiş etmişdir. Tərəflər arasında yaranan borc-pul mübahisəsi mülki xarakterli olduğundan, araşdırılan material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh dəyəri 2420 manat olan 25 qram çəkidə 585 əyarlı qızıl-zinət əşyaları vermiş, sonuncu qızıl-zinət əşyalarının dəyərindən 420 manat ödəmiş, qalan 2000 manatı isə qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı 2420 manat dəyərində qızılzinət əşyaları almış, lakin götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu vaxtında ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 (iki min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 40 manat dövlət rüsumu və 60 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul, ödənilmiş 40 manat dövlət rüsumu və 60 manat mediasiya xərci alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-650/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-650/2023
24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver