Məhkəmə qərarları › İş №2(008)-661/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-661/2024

19.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-661/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək Sabunçu rayon Məhkəməsinin 2(008)-355/2023 №-li xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən hər uşağa görə təyin olunmuş 193 manat alimentin artırılaraq cavabdehdən xx.xx.2012-ci il tarixdə doğulmuş X3 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində ailimentın və mediyasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından iki uşağı doğulmuşdur: xx.xx.2012-ci il tarixdə X3, xx.xx.2015-ci il tarixdə X4. Sabunçu rayon Məhkəməsinin 2(008)-355/2023 №-li xx.xx.2023-cü il tarixli qətnaməsilə aralarındakı nikah pozulmuş, hər uşaq üçün alimentin məbləği 193 manat, cəmi 386 manat müəyyən edilmişdir, uşaqlar böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Uşaqların bütün qayğısını, eyhtiyacını demək olar ki, iddiaçı çəkir, maddi vəziyyəti ağırdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, iddiaçının dəmirçi sexləri var həm burada, həm rayonda, özü işləmir, uşaqlar məntiq, ingilis dili fənlərindən repetitor yanına gedirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etdi ki, o, halhazırda işləmir, aliment artırılarsa, ödəyə bilməyəcək. Xahiş edir, iddia rədd edilsin. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış iki uşaqlraı var: xx.xx.2012-ci il tarixdə X3, xx.xx.2015-ci il tarixdə X4 (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 997294 və 520805 №-li doğum haqqında şəhadətnamələr). Sabunçu rayon Məhkəməsinin 2(008)-355/2023 №-li iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflərin aralarındakı nikah pozulmuş, hər iki uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat aliment tutulmuşdur. Elektron məhkəmə sistemində cavabdehin əmək müqaviləsi və əmlakı barədə məlumat aşkar edilmədi. Hazırda iddiaçı alimentin məbləğinin 193 manatdan 250 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Sabunçu rayon Məhkəməsinin 2(008)-355/2023 №-li iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən hər ay hər uşaq üçün 193 manat aliment tutulan zaman uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 220 manat nəzərdə tutulmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Yəni, iddiaçı o zaman 220 manat alimentin təyin edlilməsini tələb edə bildiyi halda, bunu etməmiş, bunun nəticəsi olaraq cavabdeh faktiki iki il ərzində 220 manat deyil, məhkəmə qətnaməsinə əsasən 193 manat məbləğində aliment ödəmişdir. İddiaçı ilə cavabdehin uşaqları elə bir yaş dövründədilər ki, onların ildən ilə tələbatları əhəmiyyətli dərəcədə artmaqdadır. Belə ki, onların hər ikisi məktəblidir, fiziki baxımdan ildən ilə böyüməkdədilər, onların bədən, ayaq ölçüləri surətlə artmaqdadır, bu isə onların geyimlərinin tez-tez təzələnməsi deməkdir. Belə olan halda məhkəmə hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu hal onu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatlarını təmin etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə uşaqlar ananın yanında qalması və onların günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın - iddiaçının üzərindədir. İddiaçının işləyib işləməməsindən asılı olmayaraq ona uşağın saxlanmasında cavabdehin aliment formasında maddi dəstəyi zəruridir. Hazırki işdə isə iddiaçı işləmir belə. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, "...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. "Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu- minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları- yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Lakin, qeyd edildiyi kimi, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmiş, iddiaçı isə hər uşağa 250 manat məbləğində alimentin tutulmasını istəyir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Sabunçu rayon Məhkəməsinin 2(008)-355/2023 №-li xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən hər uşağa görə təyin olunmuş 193 manat aliment artırılaraq cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat məbləğində aliment müəyyən edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı eyni zamanda mediyasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun tutulmasını istəyir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bir illik alimentin artırılmış məbləği 1008 manat təşkil edir (235 manat x 2 uşaq x 12 ay = 5640, 193 manat x 2 uşaq x 12 ay = 4632 manat, 5640 manat - 4632 manat = 1008 manat ). Odur ki, məhkəmə hesab elir ki, 30,08 manat cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Sabunçu rayon Məhkəməsinin 2(008)-355/2023 №-li xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən hər uşağa görə təyin olunmuş 193 manat aliment artırılaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X3 və xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində ailiment qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq və mediyasiya xidməti haqqı kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 30,08 manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar