Məhkəmə qərarları › İş №2(008)-6631/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6631/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6631/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx.xx.2019-cu il tarixdə bağladıqları “Borc müqaviləsi” üzrə Cavabdeh tərəfindən ödənilməmiş 3800 (üç min səkkiz yüz) manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödədiyi 58 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Cavabdeh onun bibisi qızıdır. Onların torpaq sahələri vardı və orada ev tikmək fikrində idilər. Cavabdeh həmin torpaq sahəsində ev tikmək üçün ona 10.500 (on min beş yüz) manat məbləğində borc pul lazım olduğunu bildirmiş, o da həmin məbləği yalnız aralarında borc müqaviləsi bağlamaq şərti ilə verəcəyini demiş, Səbinə Anatolyevna həmin şərtlərlə razılaşmış və öz aralarında xx.xx.2019-cu il tarixdə borc müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən, Cavabdeh Anatolyevnya 42 ay müddətinə hər ayın 8-indən gec olmamaqla 250 (iki yüz əlli) manat ödəmək şərti ilə 10500 (on min beş yüz) manat məbləğində borc pul vermişdir. Müqavilə bağlanan zaman cavabdehin anası X1 zamin qismində və X2 da şahid qismində iştirak etmiş və bunu da müqavilədə öz imzaları ilə təsdiq etmişlər. Cavabdeh üzərinə düşən öhdəliyə əsasən ona olan borcdan ümumi 6700 (altı min yeddi yüz) manat məbləğində ödəniş etmişdir. İddiaçı bir müddət keçdikdən sonra cavabdehlə əlaqə saxlayaraq, qalan borcunun qaytarmasını tələb etsə də, Səbinə Anatolyevna uzun müddət keçməsinə baxmayaraq üzərinə düşən vəzifəyə əməl etməmişdir. Dəfələrlə onun müraciətinə baxmayaraq bu günə kimi ondan aldığı puldan qalan hissəsi olan 3800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaitini qaytarmamışdır. Hər dəfəsində isə ona zəng etdiyində ona müxtəlif bəhanələr gətirir. Bu səbəbdən mübahisənin başqa həlli mövcud olmadığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdiyini, tərəfin ona borcu olduğunu, öz imzası ilə də təstiq etdiyini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, onun heç bir borcunun olmadığını, borc pul götürdüyünü lakin hamısını nağd şəkildə qaytardığnını, iddiaçıya olan borcunu qaytarmasını təstiq edəcək əlində hər handsı bir sübutunun olmadığını bildirərək və bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş borc müqaviləsindən görünür ki, Cavabdeh Anatoliy qızı bu müqavilənin şərtlərinə əsasən İddiaçı 10500 manat məbləğində borc pul vəsaiti götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq götürdüyü borc pul vəsaitini geciktirmələr istisna olmaqla 42 ay müddətinə, hər ay 250 manat ödəcəyinə öhdəlik götürmüşdür. Onlar müqaviləni bağlayan zaman X1 zamin qismində və X2 da şahid qismində iştirak etmiş və bunu da müqavilədə öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında İddiaçı izahatında, cavabdehlə 08 noyabr 2019-cu ildə borc müqaviləsi bağladıqlarını, ev tikməsi üçün cavabdehə 10.500 manat borc verdiyini, hər ay qaytarırdığını, cavabdehin yoldaşının qardaşına da əlavə 5500 manat borc verdiyini, ödəmədiyi üçün şikayət etdiyini, belə olan zaman cavabdeh o borcu da üzərinə götürdüyünü, həmin borcu ödəyib bitirsə də öz borcundan 3.800 manat qalıq qaldığını, borcu əlbəəl verdiyini, fevral ayından bu yana borcu ödəmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında, 2019-cu il tarixində 6.000 manat borc aldığını, qalan məbləği faiz hesabladığını, 1 il öncə isə bütün borcu qaytardığını, hətta 900 manat artıq ödədiyini, qaynı ilə problemi olduğu üçün onu cavabdeh qismində cəlb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində İddiaçı borc pul götürdüyünü, borc üçün müəyyən etdiyi faiz pul məbləğini qaytarmadığı üçün polisə müraciət etdiyini, orada da qardaşının borcu ödəməyi öz öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində cavabdehin onun arvadı olduğunu, İddiaçı borc alanda hesablaşmanı onunla etdiyini, hal-hazırda ona borcu olmadığını, qardaşının ondan 5500 manat borc pul aldığını, Polis İdarəsində onu ödəməyi öhdəsinə götürdüyünü, o pulu ödədiklərini, lakin hesabladığı faiz pul məbləğini ödəmədiklərini, o pulu çıxmaq üçün tələb etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi tərəflər arasında xx.xx.2019-cü il tarixdə müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasn iddiaçı 10.500 mnaat pulu 42 ay müddətinə qaytarmaq şərti ilə Cavabdeh borc vermişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan ödəniş cədvəlinə uyğun olaraq, hər ay 250 manat olmaqla sonuncu ödəniş cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə edilmişdir. Ümumilikdə xx.xx.2019-cu il tarixli müqavilə üzrə götürülmüş 10.500 manat borc məbləğindən 6700 manat qaytarıldığı 3800 manat borc qaldığı müəyyən edilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019cü il tarixli borc müqaviləsi üzrə götürülmüş 10.500 mnaat pul məbləğindən 6700 manat məbləğinin cavavdeh tərəfindən qaytarılması iddiaçı tərəfindən etiraf edilmişdir. Əks halda pulun yəni 6700 mnaatın belə qaytarılması ilə bağlı cavabdeh tərəfindən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Qanunun tələblərinə uyğun olaraq cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər icra edilmədiyindən ödənilmiş 3800 manat pul cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3800 (üç min səkkiz yüz) manat pul və 58 (əlli səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3800 (üç min səkkiz yüz) manat pul və 58 (əlli səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar