Məhkəmə qərarları › İş №2(008)-6707/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6707/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6707/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.000 manat borcun və 126 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, Cavabdeh atasının qonşusu olmuşdur. Həmin vaxtdan cavabdehi tanıyır. 2023-cü ilin əvvəlində cavabdeh özünü makler kimi tanıdaraq, evlərin sənədləşdirilməsi işlərini gördüyünü bildirmişdir. Onun Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları 12-ci dalan ünvanında 0.48 ha torpaq sahəsi olmuşdur. Həmin vaxt torpağın çıxarışı olmadığı üçün cavabdeh həmin torpaq sahəsini sənədləşdirə biləcəyini bildirmiş, torpaq sahəsinin çıxarışının alınması üçün ondan 12.000 manat pul istəmişdir. Cavabdehə inanaraq ona torpağın sənədləşdirilməsi üçün 12.000 manat pul vermişdir. Lakin həmin vaxtdan bugünə kimi cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Dəfələrlə pulunu geri istəsə də, cavabdeh pulunu geri qaytarmır. Bu səbəbdən, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-cü Polis bölməsinə müraciət etmiş, cavabdeh polis bölməsinə gələrək pulu aldığını təsdiqləmiş, lakin hazırda imkanı olmadığı üçün qaytara bilmədiyini bildirmişdir. Dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etsə də, cavabdeh telefon zənglərinə cavab verməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2025-ci il tarixində cavabdehə pretenziya məktubu göndərmiş, lakin cavabdeh pretenziya məktubuna cavab verməmiş, borcu ödəməkdən yayınmışdır. Cavabdeh iddiaya qarşı yazılı qaydada etiraz təqdim edib bildirmişdir ki, İddiaçı qarşısında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları 12-ci dalan ünvanında 0.48 ha torpağın sənədləşdirilməsində heç bir öhdəlik üzərinə götürməmiş və torpağın sənədləşdirilməsi üçün iddiaçıdan pul almamışdır. Ona görə də, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi məhkəmə tərəfindən əsassız və böhtan xarakterli olduğu üçün təmin olunmamalıdır. İddiaçının anası Elmira Zeynalovaya torpaq və tikili üzrə sənədləşdirmədə köməklik göstərdiyi zaman Elmira xanımdan pula ehtiyacı olduğu üçün 8000 manat pul borc istəmiş, sonuncu ilə razılaşaraq Bakı şəhəri 17 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə aralarında kredit müqaviləsi bağlanaraq 8000 manat borc pul almışdır. Etiraz ərizəsinə əlavə edilmiş Bakı şəhəri 17 saylı notariat ofisində xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin ləğvinə dair xx.xx.2021-ci il tarixli müqavilədən göründüyü kimi, Elmira Zeynalovadan borc aldığı 8000 manatı qaytarmış, aralarında olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğvi barədə razılığa gəlmişlər. İddiaçı anasının ölümündən suiistifadə edərək, qanunsuz varlanmaq məqsədi ilə anasından borc aldığı 8000 manata 4000 manat əlavə edərək şişirtməklə anasının ona borc verdiyi pulu anasının adından çıxarmaqla, bildirir ki, guya anası yox, iddiaçı özü ona pul vermişdir. Pulu qaytarmaqdan boyun qaçıran kimi məhkəməyə yalan formada, heç bir sübut olmadan iddia tələbi irəli sürmüşdür. İddiaçının dəfələrlə pulunun mənimsəməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə şikayət etməsinə baxmayaraq, polis əməkdaşları əməlində cinayət tərkibi olmadığı üçün onu buraxmışlar. Hazırkı iddia tələbi üzrə iddiaçının etibarlı əsaslarının mövcud olmadığı halda hansı dəlillər və hüquqi faktlar əsasında ona 12.000 manat pul verməli olduğunu iddia tələbində əsaslandırmır. Şərh edilənlərdən məlum olur ki, iddiaçı tələbini tamah hissləri ilə, anasının ölümündən sui-istifadə etməklə, 2021-ci ildə anasından borc aldığı 8000 manata 4000 manat böhtan şəklində əlavə etməklə, tələb ilə bağlı sübut təqdim etməməklə, varlanmaq məqsədi ilə, ona isə ziyan vurmaqla böhtan, təhqiredici iddia tələbi sürmüşdür. Buna görə, hesab edir ki, məhkəmə işi araşdırarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsini tətbiq etməklə, iddiaçının əməlində böhtan və təhqiredici cinayət əməllərin əlamətləri olduğu üçün İddiaçı barəsində xüsusi qərardad çıxarmaqla hazırkı iş üzrə materialı araşdırmaya, prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu Rayon Prokurorluğuna göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi. O, həmçinin bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin məhkəməyə təqdim etdiyi izahatı məhkəmədə sübut kimi qəbul edilə bilməz. Belə ki, o, həmin izahatı gecə saatlarınadək bölmədə saxlanıldıqdan sonra polis əməkdaşlarının təsiri və təzyiqi nəticəsində, məcburiyyət qarşısında vermişdir. Digər tərəfdən, İddiaçı polis bölməsinə verdiyi ərizədə göstərilən halların həqiqətdə mövcudluğuna, hərəkətində cinayət tərkibinin, habelə cinayət işinin başlanması üçün əsasların olub-olmamasına hüquqi qiymət verilmədən aidiyyatı üzrə göndərilməsi barədə qərar qəbul edilməmişdir. İddiaçı ərizəsi üzrə qanunvericiliklə müəyyən olunmuş qərarlardan biri qəbul edilmədən verilən cavab məktuba əlavə edilmiş, izahatın düzgünlüyü yoxlanılmadan hüquqi qiymət verilmədiyinə görə, sübut kimi qəbul edilə bilməz. Bundan başqa, İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli iddia ərizəsində bildirir ki, 2023-cü ilin əvvəllərində cavabdeh özünü makler kimi ona tanıdaraq, guya evlərin sənədləşdirilməsini etdiyini ona bildirmiş və ondan torpaq sahəsinin çıxarışının alınması üçün 12.000 manat məbləğində pul almışdır. Digər tərəfdən, İddiaçı polis bölməsinə xx.xx.2024-cü il tarixdə müraciət etdiyi ərizədə bildirmişdir ki, 2022-ci il tarixdə onlarla bağ qonşusu olan cavabdehlə aralarda 12.000 manatlıq borc yaranmışdır və bu günədək onun pulunu qaytarmamışdır. Göründüyü kimi, tarixlər fərqlənir, yəni iddia ərizəsində 2023-cü il kimi, polis bölməsinə verdiyi ərizədə 2022-ci il kimi göstərilir. Tarixlərdəki fərq yenə də iddiaçının yalan tələbini sübuta yetirir. Əgər belə olsa, iddiaçı pul veribsə, pulun verilmə müddəti polis bölməsinə verdiyi ərizədə göstərilən 2022-ci il tarixdən və həmin tarixin günü və ayı nəzərə alınmaqla hesablanmalıdır. Şərh olunanlardan məlum olur ki, iddiaçı mülki qanunvericiliklə iddia verilməsi üçün müəyyən olunmuş 3 illik müddəti ötürərək iddia ərizəsi vermişdir. Cavabdeh qeyd olunanlara əsasən, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı xx.xx.2024-cü ildə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2022-ci il tarixdə onlarla bağ qonşusu olan Cavabdeh arasında 12.000 manatlıq borc yaranmışdır və bu günədək onun pulunu qaytarmamışdır. İddiaçı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə və yalan ifadə verməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin İddiaçı ünvanladığı cavab məktubundan görünür ki, onun müraciəti araşdırılmış, məlumat mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Cavabdeh Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinə verdiyi yazılı izahatında bildirmişdir ki, yuxarıda göstərilən ünvanda (Maştağa qəsəbəsində) yaşayır. 2022-ci ildə vətəndaş İddiaçı ilə aralarında 12.000 manat borc yaranmışdır. Qısa müddət ərzində onun pulunu qaytaracaq. İzahat onun sözləri ilə yazılmış, əlavəsi yoxdur, imzası ilə təsdiq edir. Məhkəmə tərəfindən araşdırılmış sübutlardan müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinə yazılı ərizə ilə müraciət edərək cavabdehlə aralarında 12.000 manat məbləğində borc münasibətinin yarandığını və cavabdehin həmin borcu qaytarmadığını bildirmişdir. Eyni zamanda, Cavabdeh həmin polis bölməsinə verdiyi yazılı izahatında 2022-ci ildə iddiaçı ilə aralarında 12.000 manat borc yarandığını açıq şəkildə etiraf etmiş və borcu qısa müddətdə qaytaracağını bildirmişdir. Cavabdeh məhkəmə iclasında həmin izahatı guya polis orqanında təzyiq altında verdiyini bildirsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. İş materiallarından görünür ki, cavabdeh izahat verdikdən sonra hüquq-mühafizə orqanlarına, prokurorluğa və ya digər səlahiyyətli qurumlara təzyiq və ya qeyri-qanuni hərəkətlər barədə müraciət etməmişdir. Halbuki cavabdehin məhkəməyə yazılı etiraz, vəsatət təqdim etməsi, hüquqi arqumentlər irəli sürməsi və sübutlara istinad etməsi onun hüquqlarını bildiyini və müdafiə imkanlarından sərbəst istifadə etdiyini göstərir. Cavabdeh məhkəmə iclasında pul vəsaitinin alınmasını inkar etsə də, məhkəmə hesab edir ki, dövlət orqanında verilmiş ilkin izahat yazılı sübut kimi qiymətləndirilməli, sonradan dəyişdirilmiş mövqe isə məsuliyyətdən yayınma cəhdi kimi dəyərləndirilməlidir. Cavabdehin iddia ərizəsində pulun verilmə tarixinin 2023-cü il, polisə verilmiş ərizədə isə 2022-ci il kimi göstərilməsinə istinad edərək iddianın əsassız olduğunu bildirməsi də məhkəmə tərəfindən qəbul edilmir. Belə ki, tarixlə bağlı fərqlər pul münasibətlərinin mövcudluğunu təkzib etmir və yalnız hadisənin xatırlanmasında qeyridəqiqlik və ya texniki xəta kimi qiymətləndirilə bilər. Əsas hüquqi əhəmiyyət daşıyan hal pul öhdəliyinin mövcudluğu və cavabdehin bunu yazılı şəkildə etiraf etməsidir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh pulun qaytarıldığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıdan alınmış pul vəsaitinin hansı hüquqi əsasla əldə edildiyini təsdiq edən hər hansı müqavilə, qəbz və ya digər sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus 12.000 manat məbləğində pul vəsaitini hüquqi əsas olmadan əldə etmişdir. Bu baxımdan, məhkəmə əvvəlcə münasibətlərin hüquqi təbiətini müəyyən etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi müddəalarına görə, öhdəlik münasibətlərinin mövcudluğu üçün tərəflər arasında hüquqi əqd bağlanmalı, həmin əqd üzrə konkret hüquq və vəzifələr formalaşmalı və öhdəliyin predmeti müəyyən edilməlidir. Hazırkı iş üzrə isə, tərəflər arasında yazılı müqavilə mövcud deyil; xidmətin həcmi, hüquqi nəticəsi və tərəflərin qarşılıqlı öhdəlikləri müəyyən edilməmişdir; cavabdeh tərəfindən hər hansı xidmətin faktiki göstərilməsi sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin öhdəlik münasibətlərinə dair müddəalarının tətbiqinə imkan verən hüquqi əsas formalaşmamışdır. Başqa sözlə, iş materialları cavabdehin üzərinə konkret xidmət öhdəliyi götürdüyünü və həmin öhdəliyin pozulduğunu deyil, yalnız iddiaçıya məxsus pul vəsaitinin cavabdeh tərəfindən əldə edildiyini təsdiq edir. Bu səbəbdən mübahisənin müqavilə öhdəliyinin pozulması kimi deyil, cavabdehin hüquqi əsas olmadan əmlak əldə etməsi kimi qiymətləndirilməsi zəruridir. Məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçıdan aldığı 12.000 manat məbləğində pul vəsaitini hansı hüquqi əsasla əldə etdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən cavabdehin həmin vəsaiti saxlaması hüquqi baxımdan əsaslandırılmamışdır. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə öhdəliyi formalaşmamış, cavabdeh isə iddiaçıya məxsus pul vəsaitini hüquqi əsas olmadan əldə etmişdir. Buna görə də mübahisə Mülki Məcəllənin 1091-1095-ci maddələri ilə tənzimlənən əsassız varlanma münasibətləri çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2-ci maddə). Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 12.000 (on iki min) manat məbləğində pul əsassız varlanma müddəalarına uyğun olaraq, İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 126 manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 12000 (on iki min) manat məbləğində pul və 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar