Məhkəmə qərarları › İş №2(008)-6731/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6731/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6731/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehtiyev Əli Fikrət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən "xxxx" MMC-yə məxsus daş sexindən apardığı malın dəyəri olan 100.164 manat pulun, həmin pulla yanaşı 100164 manat pulun 1 illik gecikdirilmiş vaxt üçün 5 faiz olmaqla əldən çıxmış fayda formasında 5008 manat pulun, ümumilikdə 105172 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilən daş sexi İddiaçınə məxsusdur və həmin sexi İddiaçı MMC-in direktoru olan Əvəz İsmayılovun qardaşı X5 idarə edir. "Bəyaz Mərmər 2022” MMC-yə məxsus daş sexində müxtəlif növ mərmər və qranit mallarının alqısatqısını və bununla bağlı bütün danışıqları Raqif İsmayılov həyata keçirir. X1 Cavidan Əlişir oğlunu Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşı kimi 2-3 il bundan əvvəl tanımışdır. Raqif İsmayılov arabir Cavabdehla İddiaçı MMC-in fəaliyyəti ilə bağlı olaraq vergi qanunvericiliyini müzakirə etmək üçün telefon əlaqəsi saxlamışdır. Bununla da onların aralarında səmimi münasibət yaranmışdır. Bu münasibətlərə görə Raqif İsmayılov arabir Cavidanla mobil telefonla əlaqə saxlayıb qanunverciliklə bağlı ondan müəyyən izahlar almışdır. 2024-cü ilin iyun ayında Cavidan ona zəng vuraraq, mərmər almaq istədiyini və atası ilə birlikdə ticarətlə məşğul olmaq istədiyini bildirmişdir. Cavabdeh bu barədə Raqif İsmayılovla aralarında müqavilə bağlanacağını, pulu ona köçürmə yolu ilə göndərəcəyini demişdir. Bir neçə gün sonra Cavidan, atası və köməkçisi kimi təqdim etdiyi Rafiq adlı şəxslər birlikdə sexə gəlib mala baxaraq bəyənmişlər. xx.xx.2024-cü il tarixdə Cavidanın köməkçisi kimi təqdim etdiyi Rafiq “Hunday” markalı ** NH *** markalı avotmobillə və əlavə olaraq da 3 ədəd yük maşını ilə gələrək 57.247 manat dəyərində mərmər almışdır. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə Cavidan yenə Rafiq adlı şəxsi göndərərək 42.917 manatlıq mərmər götürmüşdür. xx.xx.2024-ci il tarixində və xx.xx.2024-cü il tarixində, ümumilikdə 100.164 manat dəyərində malı sexdən sexin nəzarətçisi X9 təhvil vermişdir. Raqif İsmayılov alqı-satqı müqaviləsinin bağlanması və pulun ödənilməsi üçün Cavidanı 15 gün gözləmişdir. Cavidan həmin ərəfələrdə təkrarən mal almaq üçün kənar şəxsləri göndərsə də, o, etiraz edərək onlara mal verməmişdir. Bundan sonra Raqif İsmayılov bir neçə dəfə Cavidana zəng etmişdir. Lakin Cavidan müxtəlif bəhanələrlə onun zənglərini açmamış, heç bir pul vəsaiti ödəməmişdir. Bir müddət sonra Elşad adlı şəxs, daha sonra isə Sənan adlı şəxs Raqif İsmayılova zəng vuraraq Cavidanın ondan aldığı malı Sənana satdığını bildirmişlər. X13 Cavidanın “Bəyaz Mərmər 2022" MMC-yə məxsus daş sexindən apardığı 100.164 manat dəyərində malı Sənana 40.000 manata satdığını bilmişdir. Bu barədə X14 RPİ-nin 6-cı PB-nə şikayət etmişdir. Binəqədi RPİ-nin 6-cı PB-də Cavidanın 40.000 manatı Sənana geri qaytarması, Sənanın isə öz növbəsində onun mallarını geri qaytarması barədə razılığa gəlmişlər. Lakin bir neçə ay keçməsinə baxmayaraq, nə Cavidan, nə də ki, X17 əlaqə saxlamamışlar. Bununla da Cavabdeh “Bəyaz Mərmər 2022" MMC-yə məxsus daş sexindən apardığı 100.164 manat dəyərində malı, nə də ki həmin malın dəyəri olan 100.164 manat pulu bugünə qədər geri qaytarmamışdır. Beləliklə, Cavabdeh "xxxx" MMC-yə məxsus daş sexindən apardığı malın dəyəri olan 100.164 manat pulla yanaşı, həmin pulun 1 illik gecikdirilmiş vaxt üçün 5 faizdən olmaqla əldən çıxmış fayda formasında 5008 manat pulu, ümumilikdə 105.172 manat pulu “Bəyaz Mərmər 2022" MMC-yə ödəməlidir. Cavabdeh İddiaçı MMC-yə məxsus daş sexindən apardığı malı və həmin malın dəyəri olan 100.164 manat pul borcunu sığortalamaqdan ötrü X2 əvvəlcədən tanıdığı tanışı X10 ilə Cavabdeh arasında xx.xx.2024-cü ildə 100.000 manat dəyərində borc müqaviləsi bağlanmış, Ayaz Alıyev və Cavabdeh arasında həmin tarixdə akt tərtib edilmişdir. II. Tərəflərin İzahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2025-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək, hazırda geniş yayılmış virusa yoluxduğu üçün xəstələndiyini, hərarəti olduğunu və nəfəs almaqda çətinliklərinin olduğunu bildirmişdir. Vurusun yayılmaması üçün iclasını başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərmişdir ki, İddiaçı MMC-də nəzarətçi vəzifəsində çalışır və malların təhvil-təslim olunmasına nəzarəti həyata keçirir. Bununla bağlı qeydiyyat aparır və idarədə müvafiq formada tərtib edilir. Cavabdeh 100.000 manatdan çox dəyərdə fərqli növdə mərmər və qranit verilmişdir. Həmin mallar 2 dəfəyə 4 maşınla aparılmışdır. Cavabdeh mallarla bağlı nə qədər ödəniş etdiyini bilmir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, qardaşı X6 İddiaçı MMC-nin direktoru olduğundan ona kömək edir. Cavabdehı öncədən tanıyır. O, Dövlət Vergi Xidmətində işlədiyindən, Vergi qanunvericiliyi ilə əlaqədar bir neçə dəfə məsləhətləşmələr aparmış, 2024-cü ilin iyun ayında mərmər almaq məqsədilə, nümayəndələri ilə brilikdə onların sexinə gələrək, mallara baxmış, ona olan etibarından istifadə edərək daha sonra müqavilə bağlayacağını, lakin malları götürsə də, müqavilə bağlamadığını, 15 gün sonra malın pulunu hesablarına köçürdəcəyini bildirsə də, uzun müddət keçməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərmişdir ki, İddiaçı MMC-də satıcı vəzifəsində çalışır. Cavabdeh işlədiyi müddətdə gəlib-getdiyi üçün tanıyır. X5 müdiridir. Cavabdeh bir neçə dəfə idarəyə gələrək, hər çeşiddə list şəklində mərmər almışdır. Qaimələrini o hazırlaşmış, malın dəyəri 107.732 manat təşkil etmiş, malın dəyərini köçürmə formasında ödəniş edilməli olduğu halda heç bir ödəniş edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. III. İşin faktiki halları: İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Cavabdeh izahatında “...aralarında olan şifahi razılaşmaya əsasən Raqifə məxsus ... İddiaçı MMC-yə aid daş sexindən pulunu sonradan ödəmək şərti ilə xx.xx.2024-cü il tarixdə 57.247 manat məbləğində, xx.xx.2024-cü il tarixdə isə 42.917 manat məbləğində atası Əlişir Cəfərov mərmər alaraq nisyə şəkildə Sənana satmışdır” göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli notariat qaydasında təsdiqlənmiş “Borc müqaviləsi”ndən görünür ki, X10 (borc verən) Cavabdeh (borc alana) xx.xx.2025-ci ilədək 100.000 manat məbləğində pulu borc vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli X10, Cavabdeh və X15 tərəfindən tərtib edilmiş və imzalanmış aktdan aşağıdakılar göstərilmişdir: “...həqiqətən xx.xx.2024-cü il tarixdə X10 və Cavabdeh arasında bağlanmış borc müqaviləsinə əsasən borc alan Cavabdeh aldığı 100.000 manat pulu Abşeron rayonu, Novxanı qəsəbəsi, Atçılıq mərkəzində yerləşən mərhum atası X3 təsisçisi və icraçı direktoru olduğu "xxxx" MMC-yə sərmayə kimi yatırılıb. ... Mən Cavabdeh bildirmək istəyirəm ki, aramızda olan razılaşmaya əsasən "xxxx" MMC-nin (zavodun) satışı zamanı əldə olunmuş vəsait ilə X7 olan borcumu geri qaytaracam”. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qaimə-fakturadan görünür ki, “Cavidan müəllim” adlı şəxsə 2.568 manatlıq mərmər verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qaimə-fakturadan görünür ki, “Cavidan m.” adlı şəxsə 42.917 manatlıq mərmər verilmişdir. İş materiallarında olan əlyazma üsulu ilə icra edilmiş xx.xx.2024-cü il tarilxi yazıdan görünür ki, “Cavidan m.” adlı şəxsə İsmayılov Raqif tərəfindən 57.247 manatlıq mərmər öz imzası ilə təsdiq edilərək təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, X5 tərəfindən İddiaçı MMC-nin adından MMC-nin direktoru X4 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gölün yanı ünvanında yerləşən xüsusi mülkiyyəti üzrə ona məxsus olan 300 kv.metr sahəni anbar kimi xx.xx.2024-cü ildən xx.xx.2030-cu ilədək icarəyə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, X5 tərəfindən İddiaçı MMC-nin adından MMC-nin direktoru X4 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gölün yanı ünvanında yerləşən xüsusi mülkiyyəti üzrə ona məxsus olan 60 kv.metr sahəni mağaza kimi xx.xx.2024-cü ildən xx.xx.2030-cu ilədək icarəyə vermişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqei: Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı və qanuni olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.7-ci maddəsinə görə, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cıı il tarixli “Azərbaycan Respublikası Miilki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilıniş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı işdən görünür ki, cavabdeh İddiaçı MMC-dən xx.xx.2024-cü ildə 57.247 manat və xx.xx.2024-cü ildə 42.917 manat məbləğində mərmər götürmüşdür. Malların götürüldüyü və məbləği həm iş materiallarına əlavə edilmiş qaimə-faktura və əlyazma ilə, həm məhkəmə araşdırılması zamanı dindirilmiş şahidlərin izahatları ilə, həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar” ilə öz təsdiqini tapır. Belə ki, həmin qərarda qeyd edilmiş cavabadehin izahatında X5 ilə arasında olan şifahi razılaşmaya əsasən İddiaçı MMC-yə aid daş sexindən pulunu sonradan ödəmək şərti ilə xx.xx.2024-cü il tarixdə 57.247 manat məbləğində, xx.xx.2024-cü il tarixdə isə 42.917 manat məbləğində mərmər aldığını etiraf etmişdir. Bundan başqa məhkəmə xx.xx.2024-cü il tarixli X10 ilə, Cavabdeh arasında bağlanmış borc müqaviləsinə münasibətdə məhkəmə bildirir ki, xx.xx.2025-ci ildə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil həmin müqavilə borcun təminatı kimi bağlandığını, müqavilənin cavabdeh tərəfindən könüllü olaraq bağlanması borcun etiraf edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehdən 100.164 manat pulun alınaraq iddiaçıya verilməlidir. Tələbin 100164 manat pulun 1 illik gecikdirilmiş vaxt üçün 5 faizdə olmaqla əldən çıxmış fayda formasında 5008 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə bildirir ki, yuxarıda sadalanan normalara əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Beləliklə, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi təmin edildiyindən 495 manat məbləğində iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin hallarına və tədqiq edilmiş sübutlar məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 100.164 manat əsas borc, 5008 manat əldən çıxmış fayda, 496 manat dövlət rüsumu cəmi 105.668 manat pul tutularaq, “Bəyaz Mərmər 2022" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Nəticə: Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 100.164 manat əsas borc, 5008 manat əldən çıxmış fayda, 496 manat dövlət rüsumu, cəmi 105.668 manat pul tutularaq iddiaçı “Bəyaz Mərmər 2022" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar