Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-674/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, vəkili Vəkil1, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona ödədiyi 42.120 manat, öz vəsaiti hesabına tikdirdiyi tikiliyə görə 90.000 manat olmaqla, cəmi 132.120 manat məbləğində pulun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildə həqiqi hərbi xidmətdə olan zaman kəllə-beyin travması alaraq əlil olmuş, hazırda İ qrup ömürlük əlildir. 2009-cu ilin avqust ayında Cavabdeh ona bildirmişdir ki, onun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərimli küçəsində 92.54 kv.m torpaq sahəsi var və həmin sahəni 43.000 manata satır. Qarşılıqlı razılıq əsasında belə qərara gəlmişlər ki, o, torpağın dəyərini ayda 270 manat olmaqla, hər ay cavabdehə ödəməli, cavabdeh isə 43.000 manatı tam aldıqdan sonra həmin torpaq sahəsini onun mülkiyyətinə keçirməlidir. O, 93 kv.m torpaq sahəsi ilə bağlı qarşılıqlı razılaşmadan sonra 90.000 manat xərc çəkərək torpaq sahəsində avtomobil təmiri sexi inşa etdirmişdir. Hal-hazırda həmin avtomobil təmiri sexi işləyir, vergi ödəyicisidir, VÖEN-i var, kommunal xərcləri ödəyir. Keçən 13 il müddət ərzində cavabdehə hər ay 270 manat olmaqla ödəniş edir. Ümumilikdə cavbdehə bu günədək 42.120 manat pul ödənişi etmişdir. Lakin cavabdeh 42.120 manatı aldıqdan sonra ondan torpağın mülkiyyətinə sənədləşdirilməsini tələb etmişdir. Cavabdeh orada tikinti işləri aparıb, başqasına icarəyə verəcəyini bildirərək ondan torpaq sahəsini tərk etməsini tələb etmişdir. Araşdırmaları nəticəsində məlum olmuşdur ki, ümumiyyətlə Cavabdeh ona satdığı 92.54 kv.m torpaq sahəsinin cavabdehə heç bir aidiyyəti yoxdur, torpaq bələdiyyənin mülkiyyətindədir. Odur ki, əsassız olaraq ödədiyi 42.120 manat pul vəsaiti ona qaytarılmalıdır. Bundan əlavə, cavabdeh tərəfindən ona qarşı yönəlmiş hədə-qorxulara son qoyulmalı, obyektdən istifadəyə maneələr aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən, iddiaçı tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının vəkili Vəkil1, məhkəmə iclasında iddianı müdafiə edərək, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərimli küçəsində torpaq sahəsində obyektin tikintisi barədə iddiaçı deyil, onun qardaşı X1 danışıqlar aparmış və tikintini o icra etmişdir. Həmçinin aralarındakı razılıq iddiada göstərilən qaydada deyil, belə olmuşdur ki, obyekti tikib başa çatdıracağı təqdirdə, həmin tikili ucuz qiymətlə ona icarəyə veriləcəkdir. Həmçinin icarə məbləği 270 manat deyil, 120 manat müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi Cavabdeh həyətyanı hissəsidir. Tikilinin iddiaçıya veriləcəyinə dair onunla razılaşma aparılmamışdır və bu, iddiaçı tərəfindən sübuta yetirilmir. Qeyd olunanlara əsasən cavabdeh tələbin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək tələbin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı onun qapı qonşusudur. Cavabdehi şəxsən tanımır, qohumlarından Ramiz kişi dükan işlətdiyindən onu tanıyır. Onun maşını olduğundan Əzizin atası Şamil təqribən 2008-2009-cu illərdə həyətə gəlib onları, yəni özü ilə oğlu Kamili şəhərə aparmaq lazım gəldiyini bildirmişdir. Həmin şəxslərin yolda aralarındakı söhbətlərindən ona məlum olmuşdur ki, ayda 270 manat ödəmək şərti ilə torpağın qiymətini 40.000 manata razılaşmışlar. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, İddiaçı atasının bibisi oğludur. Cavabdehi tanımır. Əzizin atası təqribən 2007-2008-ci illərdə onunla belə məzmunda söhbət etmişdir ki, Sabunçu rayonu ərazisində yolun kənarında yerləşən 40.000 manata torpaq sahəsini danışmış və torpağın yiyəsi ilə hər ay 270 manat ödəmək barədə razılığa gəlmişlər. Məhkəmə iclasında cavabdehin təşəbbüsü ilə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, hər iki tərəfi şəxsən tanıyır. Əzizin qardaşı ilə dostdur. Elmargilin həyətində obyekt tikilən zaman o, hələ uşaq olmuşdur. Elmarın anası demişdir ki, Kamil obyekti qayınatası tərəfindən də maddi yardım göstərilməklə tikmişdir, o şərtlə ki, yarı qiymətlə icarəyə veriləcəkdi. Orada iki obyekt tikilmişdir. İkinci obyekt birinci tikiləndən 2-3 il sonra tikilmişdir, hətta ilk tikintidə də iştirak etmiş, köməklik göstərmişdir. Ona tikilidən istifadəyə görə, aylıq təqribən 110-150 manat icarə haqqının ödənildiyi məlumdur, sonradan ödənişin məbləğinin qalxmasından məlumatı olmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçının tələbinin faktiki əsası ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərimli küçəsində yerləşən 92.54 kv.m torpaq sahəsini 43.000 manata, ayda 270 manat ödəməklə nisyə, ödəniş tam bitdikdən sonra onun mülkiyyətinə keçmək şərtilə almışdır. Lakin sonradan torpaq sahəsinin xüsusi deyil, bələdiyyə mülkiyyətində olması ona məlum olduğundan və razılaşmalarına əməl olunmadığından, həmin torpaq sahəsində tikdirdiyi obyektlərin tikintisi üçün sərf etdiyi 90.000 manat və 13 il ərzində cavabdehə ödədiyi 42.120 pulun geri qaytarılmasını xahiş edir. Cavabdeh isə iddianı qəbul etməyərək bildirir ki, əvvəla, obyektlərin tikintisini iddiaçı deyil, iddiaçının qardaşı icra etmişdir. Digər tərəfdən, aralarında heç vaxt torpağın iddiaçının mülkiyyətinə keçəcəyi barədə razılıq olmamışdır. Sadəcə, tikinti onlar tərəfindən aparıldığından, aylıq icarə məbləği aşağı qiymətlə - 120 manata razılaşdırılmışdır. Cavabdeh hazırda həmin pulun tələb edilməsini tamamilə əsassız hesab edir, çünki dövri olaraq ödənilən pul məbləği icarə haqqıdır, buna görə də iddianın rədd edilməsini xahiş edir. İddia tələbi iki hissədən ibarət olduğundan, məhkəmə ilk öncə aylıq ödənişə görə, cəmi 42.120 manat məbləğində pulun qaytarılması hissəsinə hüquqi qiymət verib aşağıdakılara əsasən belə qənaətə gəlir ki, bu hissədə tələb aşağıdakılara görə əsassızdır. Əvvəla, iddiaçı cavabdeh tərəfə nisyə alınan iddia predmeti olan torpaq sahəsinə görə, aylıq 270 manat ödədiyini göstərsə də, cavabdeh ödənilən pulun məbləğini mübahisələndirmiş, eləcə də, pulun təyinatının İddiaçı iddia etdiyi torpağın alqısı üzrə öhdəlik kimi deyil, torpaq sahəsində iddiaçı tərəfindən obyektin tikilməsi müqabilində onun icarəsinə görə tətbiq edilən güzəşt kimi 120 manat təşkil etdiyini bildirmişdir. Göründüyü kimi, iddia tərəfi həmin pul məbləğinin qaytarılmasını tələb edərkən, ödənilmiş məbləğə nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik kimi yanaşılmasını, onun tərəfindən müqavilənin icra edilməsinin, yəni torpağın şərtləşdirilmiş dəyərinin tam şəkildə ödənilməsinin, Cavabdeh isə həmin şifahi müqavilə üzrə öhdəliyini icra etməyib torpaq sahəsini mülkiyyətinə verməməsinin nəzərə alınmasını xahiş edir. Cavabdeh tərəf isə əksinə, göstərilənlərlə razılaşmayaraq, hər ay ödənilən pulun 270 manat deyil, 120 manat olduğunu, tikilini iddiaçının qardaşı X1 tikdiyinə görə, icarə haqqı kimi güzəşt tətbiq olunduğunu bildirmişdir. İş materiallarından göründüyü kimi və işin mübahisəsiz halı ondan ibarətdir ki, hazırkı iş üzrə iddia predmeti olan torpaq sahəsi xüsusi mülkiyyət olmamaqla faktiki istifadə olunur. Belə olan halda, həmin torpaq tərəflər arasında alqı-satqının predmeti ola bilməz və onlar arasında yaranmış münasibətlər alqı-satqının tətbiq dairəsinə daxil deyil. Həmçinin torpaq sahəsi üzərində tərəflərin (cavabdehin mövqeyinə görə iddiaçının qardaşı X1 ilə) razılaşması üzrə torpağa faktiki sahiblik edən şəxslərə edilmiş ödəniş hər iki tərəfin – ödənişi edən və onu qəbul edənin qarşılıqlı razılığı ilə və onların mənafeyinə xidmət edən bəlli maraq naminə, yəni tikili iddiaçı tərəfindən gəlir gətirən obyekt kimi istifadə olunduğundan həyata keçirilmişdir. Dolayısı ilə, hazırda iddiaçı, cavabdeh tərəfin faktiki istifadəsində olan torpaq sahəsində yerləşən obyektdən gəlir əldə etmiş, müqabilində torpağın faktiki sahiblərinə aylıq ödənişləri uzun müddət, özünün izahatında qeyd etdiyi kimi 13 il ərzində öz iradəsi ilə etmişdir. Hazırda isə bu müddət ərzində ödədiyi cəmi 42.120 manat pulun qaytarılmasını geri tələb etmək üçün İddiaçı iddiasının nə faktiki, nə də hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə, tələbi digər – tikili(lər)nin tikintisinə sərf edilmiş pul məbləğinin geri qaytarılmasına dair hissədə aşağıdakılara görə əsassız hesab edir. Belə ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsi üzərində tikilinin onun tərəfindən inşa olunduğunu bildirsə də, cavabdeh özbaşına tikilinin İddiaçı tərəfindən deyil, qardaşı X1 tərəfindən inşa edildiyini etiraf etmişdir. Məhkəmə, xərc çəkilmiş tikilinin özbaşına olduğunu, iddiaçının mülkiyyətində olmayan torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə görə iddia qaldırıldığını, habelə tikintinin cavabdeh tərəfindən etiraf olunan şəxs tərəfindən aparılmasına, daşınmaz əmlakın cavabdehin mülkiyyətində olmayan torpaq sahəsi üzərində yerləşməsinə baxmayaraq, tələbin İddiaçı tərəfindən qaldırıldığını nəzərə alıb hesab edir ki, iddiaçının hazırkı iddia tələbini Cavabdeh qarşı qaldırmasına subyektiv hüququ yoxdur. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-674/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-674/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver