Məhkəmə qərarları › İş №2(008)-68/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-68/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-68/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı QSC BOKT-ın cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı ″borcun tutulması″ barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı ″borcun tutulması″ barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borc üzrə 4177,23 manat, faiz borcu üzrə 292,31 manat olmaqla, cəmi 4469,54 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ “Aqrarkredit" QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmandanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər S-FK-870 saylı xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci ildə 1648-xx.xx.2015-SUR52 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 25 % olmaqla 36 ay müddətinə 6 500 manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə xx.xx.2015-ci ildə 1648-xx.xx.2015-SUR52 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalana verilən vəsaitindən istifadə müddəti 36 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir, onun borcu hazırda əsas borc üzrə 4177,23 manat, faiz borcu üzrə 292,31 manat olmaqla, cəmi 4469,54 manat təşkil edir. Bank tərəfindən dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmişdir. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2015-cü il tarixli 1648-xx.xx.2015-SUR52 nömrəli ″Təminatlı kredit müqaviləsi″ndən görünür ki, Cavabdeh1 "xxxx" ASC-dən illik 25%-lə 36 ay müddətinə 6500 manat məbləğində kredit götürmüşdür. - xx.xx.2015-ci il tarixli 1648-xx.xx.2015-SUR52 ″Zaminlik müqaviləsi″ndən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 Cavabdeh1 öhdəliklərini yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı hesabına ödənilməsini öhdəsinə götürmüşdür. - "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, xx.xx.2015-ci il tarixli tələb hüququnun güzəşt edilməsinə dair müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx.xx.2017-ci il tarixli S-FK-870 nömrəli aktdan görünür ki, borclu Cavabdeh1 dair sənədlər İddiaçı QSCyə verilmişdir. - 26.08.2020-ci il tarixli 9805 nömrəli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına riayət edilmişdir. - AZ-İ seriyalı 997868 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 234 nömrəli qeyd edilmişdir. - 06.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2021-ci ilə İddiaçı QSC-yə 4177,23 manat əsas, 292,31 manat faiz olmaqla, cəmi borcu 4469,54 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-16-5/2-11- 3928/23 nömrəli məktubundan görünür ki, "Elektron notariat" informasiya sistemində aparılmış araşdırma nəticəsində Cavabdeh1 adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. Beləliklə, məhkəmə araşdırma nəticəsində müəyyən edildi ki, Cavabdeh1 xx.xx.2019-cu ildə vəfat etmişdir və onun vərəsələrini müəyyən etmək mümkün olmamışdır. Ona görə də, hazırkı iddia tələbi rədd edilməlidir. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. İcra şəxsən kreditor üçün nəzərdə tutulmuşdursa, onun ölümü öhdəliyin xitamına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 256.0.1-ci maddəsinə görə isə bu Məcəllənin 254.1.1 və 254.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə təyin edilənədək iş üzrə icraat dayandırılır. Yuxarıda qeyd olunan maddələrə nəzər yetirdikdə görünür ki, hazırki tələb üzrə icraatın xitamına yol verilmir, hüquqi varis müəyyən olunanadək icraat dayandırılır. Lakin, göründüyü kimi 2021-ci ildən etibarən məhkəməyə daxil olmuş mülki işin dayandırılmasına baxmayaraq, o zamandan hələ də mərhumun hüquqi varisi müəyyən olunmamışdır. Belə olan halda isə işin sonsuzadək məhkəmənin icraatında qalması və ona hər il yeni iş nömrəsinin verilməsi də məntiqli hesab olunmur. Bu səbəbədən məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 558-ci maddəsinə əsaslanaraq öhdəliyə xitam verilməsi əsası ilə iddia tələbini rədd edir. Qeyd olunan maddəyə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmçinin gələcəkdə Cavabdeh1 vərəsələrinin müəyyən edilməsi və iddiaçının onlara qarşı iddia ərizəsi ilə müraciət etməsi də istisna olunmur. İddiaçının Cavabdeh2 qarşı olan tələbinə dair münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin 13.2-ci bəndində göstərilmişdir ki, borclu kreditorla bağladığı xx.xx.2015-ci il tarixli 1648-xx.xx.2015 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin borclunun öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək zaminlik müqaviləsi qüvvədədir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. "Borclu kreditorla bağladığı xx.xx.2015-ci il tarixli 1648-xx.xx.2015 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin borclunun öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək zaminlik müqaviləsi qüvvədədir" ifadəsi isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 367-ci maddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Buna görə də tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Bankla kredit götürən arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti xx.xx.2018-ci il tarixinə qədər qaytarmalıdır. Buna görə də iddiaçı zaminə qarşı xx.xx.2019-cu ilədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir və buna görə də cavabdeh Abdullayev Əhmədə münasibətdə də iddia tələbi təmin edilməməlidir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC BOKT-ın cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı ″borcun tutulması″ barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar