Məhkəmə qərarları › İş №2(008)-6836/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6836/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6836/2025 03.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı, Cavabddeh Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilməmiş icarə pulunun, verilmiş borc pulunun qaytarılması, mənəvi zərərin və digər əlavə xərclərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ona icarəyə götürdükləri və borclu qaldıqları icarə haqqı üzrə 6100 manat pulu, obyektdə istifadə olunub ödənilməmiş 666 manat elektrik enerjisinə görə borcu və 30 manat təbii su sərfiyyatına görə ödəməni, bu müddət ərzində ona vurduqları mənəvi ziyana görə onlardan 1500 (min beş yüz) manat, "X1" MMC-nin xidmət göstərilməsinə dair müqaviləsi üzrə cəmiyyətin hesabına ödədiyi (qəbz əsasında) 500 (beş yüz) manat pul vəsaitini, ümumilikdə 8796 (səkkiz min yeddi yüz doxsan altı) manat pulun və dövlət rüsumunun 107,96 (yüz yeddi manat 96 qəpik) manatın müştərək qaydada, Cavabdeh1 ondan borca götürüb, qaytarmadığı 17 500 (on yeddi min beş yüz) manat borc pul vəsaitini, və məhkəməyə ödənilmiş 143 (yüz qırx üç) manat dövlət rüsumunun iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 fevral 2025-ci ildə ona məxsus olan obyekti, ayı 2000 manat olmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 icarəyə götürmüşlər. Aralarında olan şərtə görə beş aydan sonra icarə haqqının aylığı 2500 manat olmalı idi. Bununla yanaşı, 28 fevral 2025-ci il tarixdə İsrafil və onun atası Nizami onun yanına gəlib, iş görmək adı ilə ondan 15 000 (on beş min) manat məbləğində borca pul istəmişlər, o da, yaxın dost tanışdan borc edib, onların ondan borca istədikləri 15 000 (on beş min) manat pul vəsaitini düzəldib, onlara verdi. Bir gün sonra isə ondan yenidən 2500 (iki min beş yüz) manat borc pul istədikdə, yenidən onlar üçün borca pul tapıb, 2500 manat pul vəsaitini borca verdi. Buna baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan icarəyə götürdükləri obyektin pulunu ödəməyib, 6100 (altı min yüz) manat icarə üzrə ona borclu qalmış, obyektdə istifadə olunmuş elektrik enerjisinə görə 666 manat pulu ve 30 manat təbii su istifadəsindən borc yaradıb çıxıb getmişlər. O dəfələrlə cavabdehler Cavabdeh1 və Cavabdeh2 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb, ondan, İsrafil və onun atası Nizaminin borca götürdüyü ümumilikdə 17 500 (on yeddi min beş yüz) manat pulun ve İcarə haqqı üzrə İsrafil və Vüqarın icarə obyektində yaramış olan 6100 manat pulun, 666 manat elektrik enerjisinə görə və 30 manat təbii su sərfiyyatında yaranmış borcun ödənilməsini xahiş etsə də, onun sözlərinə məhəl verməyib, borcu ödəməkdən yayınmışlar. Cavabdeh1 və atası Nizamiyə 2025-ci ilin fevral ayının sonunda xahiş edib borca istədikləri, dost-tanışdan borca yığıb verdiyi pul vəsaitini sonunculardan alıb, qaytara bilmədiyi üçün, "Yelo" bankdan kredit müqaviləsi üzrə götürüb, borclarını bağladı. Və hal-hazırda bankda kredit ödəyicisidir. Bu barədə ödəniş cədvəlini iddia ərizəsinə əlavə edir. Baş verənlərdən o məcburiyyət qarşısında qalıb, ərazi üzrə Xəzər RPİ-nin 3-cü PŞ-yə ərizə ilə müraciət etmişdir. Onun xx.xx.2025-ci il tarixdə "X1" MMC ilə bağladığı xidmət göstərilməsinə dair müqaviləyə əsasən, cəmiyyətin 3-cü PŞ-nə yazdığı sorğu ilə, şöbədə baxılmış olan müraciəti üzrə materialda cavabdeh olan şəxslərin fərdi alınmış izahatlarının surəti götürülmüşdür. Polis şöbəsindən alınmış materialda müraciəti üzrə izahatı alınmış, Cavabdeh1 xx.xx.2025-ci il tarixdə Binə qəsəbəsi, Əli İsəzadə küçəsində yerləşən, obyekti aylıq 2000 manat olmaqla, icarəyə götürdünü, xx.xx.2025-ci il tarixdə atası ilə birlikdə İddiaçı (yəni mədən) 15 000 (on beş min) manat pul götürdüyünü, sonrakı gün 2500 (iki min beş yüz) manat borc pul aldığını, 3600 manat icarə haqqı pulunun ödənilməmiş qaldığını, 666 manat komunnal xərclərin qaldığını qeyd edərək, 700 manat pulu xx.xx.2025-ci il tarixdə ödəniş edəcəyini, xx.xx.2025-ci il tarixdə 10 000 manat ödəniləcəyini, 14 000 manatın ise xx.xx.2025-ci il tarixdə ödəyəcəyini söz verərək, izahatı ilə ona borclu olduğunu etiraf etmişdir. Həmçinin izahatı alınmış olan Cavabdeh2 oğu izahatında, xx.xx.2025-ci il tarixdə Binə qəsəbəsi, Əli İsəzadə küçəsində İman adlı şəxsə məxsus obyekti gül satışı məqsədi ilə icarəyə götürdüklərini obyektin hər ayı üçün 2500 manat ödəyəcəkləri badərə şəxslə razılığa gəldiklərini və 500 manat avans olaraq ona pul verdiklərini, xx.xx.2025-ci il tarixdə həmin obyekt onlar tərəfindən fəaliyyətə başladığını, onun 15.000 manat pulun alınmasında heç bir iştirakının olmadığını, bu barədə İsrafilin onu sonradan məlumatlandırdığını, xx.xx.2025-ci il tarixdə İman adlı şəxsin mağazaya gələrək, 2500 manat pulu ona verdiyini, həmin pul vəsaitini o, İsrafilə verdiyii qeyd edib, izahatını tamamlamışdır. Lakin, uzun müddət keçməsinə baxmayaraq, cavabdehlər müraciətimi öz izahatları ilə etiraf etsələrdə, bu günə qədər ona ödənilməli olan pul vəsaitini ödəmədikləri üçün, eyni zamanda Xəzər RPİ-nin 3-cü PŞ-nə etdiyim müraciəti üzrə, şöbənin 3-13-45-3/2-B-6412/11 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunda sözü gedən mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhkəmə qaydasında həll olunduğu, bu sahədəki mübahisələrə dair hüquqi münasibətlər mülki hüquq çərçivəsində tənzimləndiyi və bu cür məsələlərin araşdırılması, mübahisələrin qərəzsiz ve ədalətli həlli yalnız müstəqil məhkəmə orqanlarının səlahiyyətində olduğu əsas götürərək, alınmış olan borc pulların mənə qaytarılması tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə tərəflərə hazırki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi məsələsinə fikrini bildirməyi təklif etdi. Məhkəmə iclasından iştirak edən İddiaçı etiraz etmədiyini, işin göndərilməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasından iştirak edən cavabdeh cavabddeh Cavabdeh2 aidiyyət məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumata əsasən İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə Baş İdarəsində vergi ödəyicisi kimi vergi uçotuna alınmış və ********** №-li VÖEN verilmişdir. Eyni zamanda “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumata əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə Baş İdarəsində vergi ödəyicisi kimi vergi uçotuna alınmış və onlara ********** №-li və ********** №-li VÖEN verilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edildiyi kimi tərəflər faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, mübahisə onun sahibkarlıq fəaliyyətindən və müqavilə münasibətlərindən irəli gəlir. Bu səbəbdən hazırki işə Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, icarə obyektindən icarəyə götürən (icarəçi) olan cavabdehlər istifadə etməklə bərabər gəlir əldə etmiş, icarəyə verən olan iddiaçı isə icarə haqqı almış, hər iki tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olur, həmçinin iddiaçıdan cavabdehlər tərəfindən alınması iddia olunan borc pul vəsaiti də iş görmək, yəni biznesin inkişafı və genişlənməsi məqsədilə alınmışdır ki, bu hal da iclasda iştirak edən tərəflərin izahatlarında öz əksini tapmışdır. Həmin borc məbləğinin məhkəmə prosesinin gedişində şəxsi istehlaka sərf edilməsi məlum olacağı təqdirdə belə işə kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, MPM-in 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Mülki-Prosessual Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 32, 263-269cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilməmiş icarə pulunun, verilmiş borc pulunun qaytarılması, mənəvi zərərin və digər əlavə xərclərin ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyətı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar