Məhkəmə qərarları › İş №2(008)-6966/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6966/2025

08.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6966/2025 08.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyanın əvəzi olaraq 4000 manat, dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 manat pulun cəmi 5000 manat pul və 70 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə 2024-cü ildə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3870 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, fotoqrafdır. Şadlıq saraylarında fotoçəkilişlər edir. 2021-ci ilin yay aylarında ortağı olan Mirhəsən Quliyev “Kainat” şadlıq Sarayını icarəyə götürən Cavabdeh ilə görüşərək, “Kainat” şadlıq Sarayında keçiriləcək toy və sair şadlıq məclislərində fotoçəkiliş etmək, əvəzində isə məclisdə iştirak edən adam sayına uyğun - yəni hər adam başına görə 1 manatdan hesablanmaqla Cavabdeh ödəniş etmək barədə razılığa gəlmişdir. Razılaşmaya görə çəkilişlərin pulu əvvəlcədən ödənilir və ödənilmiş məbləğ bitənə kimi çəkiliş davam etməli idi. İlkin olaraq o və Mirhəsən Quliyev Cavabdeh 5000 manat ödəniş edərək, 2021-ci ilin yay aylarından “Kainat” şadlıq sarayında fotoçəkil işlər etməyə başlamışlar. Bir müddət fotoçəkil işlər etdikdən sonra Mirhəsən Quliyev ona bildirmişdir ki, iki nəfər olduğu üçün çəkilişlərdən onlara az qazanc qalır, bu səbəbdən də o, bu işi davam etdirmək istəmir. Belə olan halda o, qərara gəlmişdir ki, özü tək “Kainat” şadlıq sarayında fotoçəkilişlər etsin. O, Cavabdeh ilə danışıb, razlığa gəldi ki, fotoçəkilişlor üçün adam başına 1 manat deyil. 0,80 manat (yəni səksən qəpik) ona ödəniş edəcək. Fotoçəkiliş etmək üçün o, Cavabdeh 2022-ci ilin dekabr ayında 3000 manat, daha sonra xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1020 manat, sonra 1000 manat və 2000 manat, O, Cavabdeh xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1020 manat və xx.xx.2023-cü il tarixdə isə 700 manat pulu Cavabdeh adına olan Azərbaycan Beynəlxalq Bankına aid bank kartı üzərində qeyd edilən 5522-0993-1343-6446 nömrəli bank hesabına köçürməklə ödəmişdir. Həmin köçürmələrin qəbzlərini də iddia ərizənə əlavə edir. Razılaşmanın şərtinə əsasən o, ödənişlər edir və sonra həmin ödəniş məbləği bitənə qədər çəkiliş etməli olur. Yəni çəkilişlərin pulunu adambaşı 80 qəpikdən hesablanmaqla qabaqcadan ödəyirdi. Cavabdeh ümumilikdə 9720 manat ödəniş etsə də, lakin cəmi 5850 manatlıq çəkiliş etdikdən sonra, 2024-cü ilin yanvar ayı “Kainat" şadlıq sarayına gələndə gördü ki, şadlıq sarayının işçi heyyəti dəyişilmişdir. Orada ona bildirdilər ki, Cavabdeh daha bu şadlıq sarayının icarəçisi deyil, “Kainat" şadlıq sarayını başqa bir şəxs icarəyə götürüb və ona “Kainat” şadlıq sarayında keçiriləcək toy məclislərində fotoçəkiliş etməyə icazə verilmir. Bundan sonra o, Cavabdeh zəng vurdu. Cavabdeh ona dedi ki, o, “Kainat” şadlıq sarayını təhvil verib oradan çıxıb. Təklif etdi ki, görüşüb haqq-hesab etsinlər. Cavabdeh ilə görüşdü. Hesablama apardılar və yekun olaraq müəyyən edildi ki, Cavabdeh ümumilikdə 9720 manatlıq çəkilsin pulunu ödəsə də, lakin cəmi 5850 manatlıq çəkiliş etmişdir. Belə olan halda Cavabdeh ona 3870 manat pul qaytarmalıdır. Cavabdeh onu əmin etdi ki, tez bir zamanda 3870 manat pulu ona qaytaracaq. Həmin vaxtdan sonra o, bir müddət gözlədi. Lakin Cavabdeh pulunu qaytarmadığı üçün onunla əlaqə saxlayıb, 3870 manat pulu nə vaxt qaytaracağını soruşanda Cavabdeh dedi ki, get hara istəyirsən şikayət et, pul qaytarmayacaqdır. Cavabdeh ona 3870 manat pulu geri qaytarmaqdan yayındığına görə hesab edir ki, həmin pul vəsaiti məhkəmə qaydasında Cavabdeh tutularaq, ona ödənilməlidir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamə ilə Cavabdeh 3220 (üç min iki yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödəməsi qət edilmişdir. Amma bildirməlidir ki, məhkəmədə qaldırılan iddiada dəymiş bütün ziyan qeyd edilməmişdir. Belə ki, iddiasında yalnız cavabdehə verilmiş məbləğdən qalan hissənin geri qaytarılması tələbi qoyulmuşdur. İddaçıya dəmiş maddi ziyan və mənəvi ziyanın əvəzinə dair tələb qaldırlmamışdır. İddiaçıya ilkin olaraq məbləğin geri qaytarılmasından imtina verilməsi ilə, onun məhkəmədə iddia qaldırılmasına məcbur edilməsi ilə, hətta qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin belə icra edilməsindən yayınılmaq ilə həm maddi həmçinin də mənəvi ziyan vurulmuşdur. İddia ərizəsindən də görsənir ki, iddiaçı ilə cavabdeh arasında razılıq olmuş və bu razılığa əsasən iddiaçı cavabdehə pul ödəmişdir. İddiaçının məqsədi bu pulu ödəmək ilə gələcəkdə gəlir əldə etmək olmuşdur. Cavabdehin razılığa riayət etməməsi iddiaçının gözlənilən gəlirləri əldə etməməsi ilə nəticələnmişdir. Həmçinin cavabdeh əsassız və qanunsuz olaraq razılığı pozduğu gün qalıq məbləği iddiaçıya ödəsə idi, iddiaçı başqa şəxslər ilə eyni formada razılıq əldə edib, pulu onlara ödəyib gəlirlər əldə etməkdə davam edə bilərdi. Amma cavabdehin bu formada davranışı buna imkan verməmişdir. İddiaçı fəaliyyəti ilə hər ay 400 manat pul qazanırdı. Cavabdehin məbləği gec qaytarması ona hər ay qazanacağı 400 manatdan məhrum etmişdir. Əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir. Beləliklə, pul vahidinin mal və xidmətlərin əldə edilməsi üçün əvvəlki satınalma gücünün azalması pulun dəyərinin azalmasıdır ki, əmlak xarakterli öhdəliklərin, o cümlədən borc öhdəliyinin icra edilməməsi halında pulun məbləğinin dəyərinin düşməsi kreditorun (mülkiyyətçinin) əmlak aktivinin faktiki azalmasına səbəb olmaqla onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Kreditor öhdəliyin icrasının gecikdirilməsi halında həmin müddət üçün əmlakından məhrum olur, bu da əmlakdan istifadə etmək, yararlanmaq imkanının aradan qalxması ilə nəticələnir. Halbuki, öhdəliyin vaxtında icra edildiyi təqdirdə boreverən (kreditor) həmin pul məbləğindən məhz həmin ana uyğun alıcılıq qabiliyyəti üzrə istifadə etmək imkanına malik olardı. İddiaçı 2024-cü ilin yanvar ayında ödədiyi pullardan geri qalanını cavabdeh qaytarmalı idi. Amma qaytarmadığı üçün iddiaçı məhkəmədə iddia qaldırmaq, əsəb və stress yaşamaq məcburiyyətində qalmışdır. İş üzrə məhkəmə qərarı 2024-cü ilin noyabr ayında olmuşdur, əldə çıxmış fayda ən azı 10 ay üçün hesablanmalıdır və beləliklə, cəmi 4000 manat təşkil edir. Əslində dəyiş ziyan daha çoxdur. Çünki, qət edilmiş hissə bu günə kimi icra edilməmişdir və iddiaçı ziyan çəkməkdə davam edir. Qeyd edilən hallara görə iddiaçıya mənəvi ziyan da dəymişdir. İddiaçı hesab edir ki, ona dəymiş mənəvi ziyanın əvəzini pul ilə ölçmək mümkün deyildir. Amma indiki halda cavabdehin 1000 manat ödəməsi ilə dəymiş ziyanı əvəzləşdirmək mümkündür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5673/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsini ilə cavabdehdən onun xeyrinə tutulmuş 3220 manat pulun cavbdeh tərəfindən 2025-ci ilin dekabr ayında ona tam şəkildə ödəndiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5673/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 3220 (üç min iki yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, 49.92 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya qaytarılması, qalan 10.08 manat hissəsi isə iddiaçıya aid edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 443.4-cü maddəsinə əsasən Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir; bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Beləliklə işin hallarından görünür ki, iddiaçı hazırda məhkəməyə mürcaiət edərək cavabdehin ona qaytarmalı olduğu 3220 manat pulun vaxtında qaytarmaması səbəbin iddiaçıya 4000 manat maddi zərər vurmuş olduğunu bildirsədə, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi maddi zərər hissəsində təmin edilə bilməz. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun ödənilməsinə dair hissəyə münasibət bildirərək qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumuda iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar