Məhkəmə qərarları › İş №2(008)-6981/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6981/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6981/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Bakı şəhəri 26 saylı Xüsusi notariusuna, Xaçmaz rayon 5 saylı DƏDRX-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri Xüsusi notariusu, Xaçmaz rayon 5 saylı DƏDRX-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.02.2020-ci il tarixli 4ə-53 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehdən uzun illər ərzində sələmi ilə pul almış, vaxtında qaytarmış, çox gözəl münasibətləri olmuşdur. 2019-cu ilin dekabr ayında təcili 10000 manat lazım olmuş, cavabdeh ona 5 faiz ödəmək şərtilə o məbləği vermişdir. Bakı şəhəri 26 saylı Xüsusi notariusa həmin borc münasibətlərini rəsmiləşdirmək üçün özü, əri və oğlu getmişdilər. Cavabdeh onlara sənədləri vermiş və onlardan ona inandıqlarına görə baxmadan həmin sənədləri imzalamışdılar. Aldığı 10000 manatı və 500 manat sələmi cavabdehə bütövlükdə ödəmişdir, ona heç bir borcu qalmamışdır. Sonradan bilmişdir ki, notariusda borc müqaviləsi əvəzinə alqı-satqı müqaviləsi imzalamışdır. Onun evinin qiyməti 40-45 min manatdır. O, evi 10000 manata sata bilməzdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər Xüsusi notariusu, Xaçmaz rayon 5 saylı DƏDRX məhkəməyə nümayəndərinin göndərməmiş, səbəbləri barədə məhkəyə məlumat verməmiş , işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdilərr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, o, əri və oğlu ilə notariusa evin girov müqaviləsini imzalamağa getmişdir, alqı-satqı müqaviləsinin deyil. Onlar heç içəri daxil olmamış, onlara müqavilənin məzmunu izah edilməmiş, elə ofisin önündə onların üçünə də sənədlər imzalatdırılmışdır. Onlar hamısı yanılmışdılar. 10500 manatı ödədikcə ödəniş qəbzlərinin şəkilini çəkib cavabdehə votsap vasitəsilə göndərmiş, sonradan qəbzləri cırıb atmış, şəkilləri isə silmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştiark edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, tərəflərin iddiaçının və ailə üzvlərinin evdən çıxarılmaları barədə məhkəmədə iddia qaldırılmış, iddia rədd edilmiş, hazırda apellasiya məhkəməsinin icraatındadır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Xaçmaz şəhəri, Ruhulla Axundov küçəsi, ev 39 İddiaçı xüsusi mülkiyyətində olmuşdur (DƏDRX tərəfindən 26.01.2018-ci il tarixdə verilmiş Çıxarış). İddiaçı həmin evi 13.02.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 10000 manata Cavabdeh1 satmışdır (26 saylı notariat ofisinin xüsusi notariusu İ.Hüseynov tərəfindən təsdiq edilmiş və 4ə-53 nömrə ilə reyestrdə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi). Müqavilənin bağlanmasından iki gün əvvəl, yəni 11.02.2020-ci il tarixdə, iddiaçının əri və oğlu həmin notariat ofisində adıçəkilən evin satılmasına dair razılıq ərizələrində, iddiaçı isə evin 10000 manata cavabdehə satmaq niyyyətində olması, gələcəkdə bununla bağlı iddiasının,əmlak tələbinin və məhkəmə mübahisəsinin olmayacağı barədə ərizədə imzalarını təsdiq elətdirmişdilər. Elə həmin gün də, yəni 11.02.2020-ci il tarixdə, notarius "xxxx" ASC-nin Binəqədi filialına müraciət edərək, 10000 manat məbləğində pulun 70 manat vergi tutulduqdan sonra depozit hesabına qəbul olunmasını xahiş edir. Sonradan cavabdeh Cavabdeh1 həmin alqı-satqı müqaviləsi əsasında mübahisəli evə dair öz adına Xaçmaz rayon 5 saylı DƏDRX-dən Çıxarış almışdır. Cavabdeh Xaçmaz rayon məhkəməsində İddiaçı və onun ailə üzvlərinin evdən çıxarılmalarına dair iddia qaldırmışdır. Məhkəmənin 19.05.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Cavabdeh tərəfin izahatına əsasən həmin qətnamədən apellasiya şikayəti verilmiş, hazırda apllyasiya instansiyası məhkəməsinin icraatındadır. Hazırda iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Göründüyü kimi, tərəflər azad şəkildə razılaşdırılmış qiymətlə, Mülki Məcəllənin tələblərinə riayət etməklə alqı-satqı müqaviləsi bağlamışdılar. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. İddiaçı cavabdeh tərəfindən aldadıldığını sübut edə bilməmişdir. O, cavabdehdən 10000 manatı aldığını etiraf etmiş, lakin qaytardığını sübut etməmişdir. Ödəniş qəbzlərinin cırılıb atıldığını, telefonda onların şəkillərinin silindiyini məhkəmə inandırıcı hesab etmir. İddiaçı iki dəfə, 11 və 13 fevral tarixlərində notariat ofisinə getmiş, özü, əri, oğlu ərizələr imzalamışdılar. İddiaçı mübahisəli evin qiymətinin dəfələrlə baha olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia sübuta yetirilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin mülkiyyət hüququnu poza bilməz. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar