Məhkəmə qərarları › İş №2(008)-7014/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7014/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7014/2021 14.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh Cavabdeh2 iştirakları ilə İddiaçı MMC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01/414/19-E saylı, 13.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə edilməmiş ödənişlər üzrə 2014,72 manat, dəbbə pulu 1889,86 manat olmaqla, cəmi 3904,58 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 01/414/19-Esaylı, 13.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı qiyməti 3639,72 manat olan 1 ədəd 2018-ci il buraxılışlı İmerqas markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq ayba ay ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin həmin müqaviləyə əlavə olan ödəniş qrafikinə əsasən borcu 2014,72 manat, dəbbə pulu 1889,86 manat olmaqla, cəmi 3904,58 manat məbləğində borcu yaranmışdır. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 386 gün gecikdirilmiş və beləliklə də müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarına əlavə edilmiş iddiaçının ərizəsindən görünür ki, iddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh2 oğlu izahatında qeyd etdi ki, o özü zamin olsa da, adıçəkilən əmlakı o, almışdır. Müqavilə üzrə əsas borcunu etiraf etdiyini bildirdi və dəbbə borcunun azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı MMC ilə Cavabdeh1 arasında 01/414/19-E saylı, 13.11.2019-cu il nisyə alqısatqı müqaviləsi bağlanmışdır. Qeyd olunan həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı alıcı tərəfindən seçilmiş və bu müqavilənin ayrılmaz hissəsi olan 1 №-li əlavədə göstərilən və ümumi dəyəri 3639,72 manat olan 1 ədəd 2018-ci il buraxılışlı İmerqas markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində bu Müqavilə ilə müəyyən edilmiş pul məbləğini hissə-hissə satıcıya ödəməyi öhdələrinə götürmüşlər. Müqaviləyə 2 №-li əlavədə müəyyən edilmiş ödəniş qrafikinə əsasən ödənişlərin ardıcıl olaraq aparılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən lizinqin müddəti 18 ay müəyyən edilmişdir. Müqaviləyə 3 №-li əlavədən və həmin əlavədə müəyyən edilmiş təhvil-təslim aktından görünür ki, müqavilənin predmeti 1 ədəd İmerqas markalı divardan asılan məişət qaz qazanını ləvazimatları ilə birlikdə 21.11.2019-cu il tarixdə Cavabdeh1 təhvil verilmişdir. Eyni tarixdə Cavabdeh2 oğlu il zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı MMC tərəfindən təqdim olunmuş 30.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ödənişlər üzrə borc qalığı 2014,72 manat, dəbbə pulu 1889,86 manat, ümumi borcu 3904,58 manat təşkil edir. Hazırda iddiaçı 01/414/19-Esaylı, 13.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə edilməmiş ödənişlər üzrə 2014,72 manat, dəbbə pulu 1889,86 manat olmaqla, cəmi 3904,58 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun hər iki cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə üzrə öhdəliklər yaranmış, iddiaçı həmin öhdəliklərini lazımınca yerinə yetirmiş, cavabdeh isə üzərinə düşən öhdəliklərini lazımınca icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Yuxarda qeyd olunduğu kimi, Cavabdeh2 bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəlik üçün kredit verən qarşısında alıcı ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə işin araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tələb olunması hissəsində əsaslı olduğundan tam təmin edilməlidir. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 1889,86 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq, cavabdehdən 100 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 01/414/19-E saylı, 13.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə edilməmiş ödənişlər üzrə 2014,72 manat, dəbbə pulu 100 manat olmaqla, cəmi 2114,72 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödəilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 oğlundan 01/414/19-E saylı, 13.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə edilməmiş ödənişlər üzrə 2014,72 manat, dəbbə pulu 100 manat olmaqla, cəmi 2114,72 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödəilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar