Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7052/2021 23.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsi və kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə bağlanmış 21.11.2019-cu il tarixli Rest№ 023CASA193250009 saylı Güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 16771,87 manat əsas kredit borcu, 108,75 manat kreditdən istifadəyə görə faiz borcunun, cəmi 16880,62 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə bağlanmış 21.11.2019-cu il tarixli Rest№ 023CASA193250009 saylı Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh2 5 illik müddətinə 1 % dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 16771,87 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh1 ilə 21.11.2019-cu il tarixli 023FİZAM47201503 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehin 14.07.2021-ci il tarixə iddiaçıya 16771,87 manat əsas kredit borcu, 108,75 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 16880,62 manat borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımı qaydada icra edilməmişdir. Məhkəmə cavabdehlərə lazımi qaydada məlumat versə də, onlar məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 21.11.2019-cu il tarixli Rest№ 023CASA193250009 saylı Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh2 5 illik müddətinə 1 % dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 16771,87 manat məbləğində kredit verilmişdir. Eyni tarixdə, yəni 21.11.2019-cu il tarixdə adıçəkilən kreditin təminatı kimi cavabdeh Cavabdeh1 023FİZAM47201503 №li zaminlik müqaviləsi bağlanmışdır. 21.11.2019-cu il tarixli hesab üzrə çıxarışdan cavabdehin 16771,87 manat məbləğində kredit borcunun olduğu görünür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 14.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, adıçəkilən kredit müqaviləsi üzrə yaranmış əsas borcu 16771,87 manat, faiz borcu 108,75 manat, cəmi 16880,62 təşkil edir. Hazırda iddiaçı cavabdehdən 16880,62 manat məbləğində kredit borcunun tutularaq ödənilməsini istəyir. İş materiallarında olan 02.07.2021-ci il tarixli pretenziyadan görünür ki, "xxxx" ASC tərəfindən cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Həmin pretenziya cavabdehlərə 07.07.2021-ci il tarixdə çatmışdır. İş materiallarında olan hesabdan çıxarışdan yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 421.1-ci maddəsinə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddia tələbindən görünür ki, iddiaçı müqavilədən yaranmış borcu həm Cavabdeh2, həm də zamin Cavabdeh1 birgə tələb edir. Yuxarda qeyd olunan zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 bankla Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik üçün kredit verən qarşısında kredit alanla birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehlərə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş, lakin buna baxmayaraq cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilməmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Məhkəmə işin araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsinin ləğv edilməsi, əsas və faiz borcun tələb olunması barədə iddia tələbi əsaslı olduğundan tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh2 ilə bağlanmış 21.11.2019-cu il tarixli Rest№ 023CASA193250009 saylı Güzəştli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" ASC-yə 16771,87 manat əsas kredit borcu, 108,75 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 16880,62 manat və 30 manat ödənilmiş dövlət rüsumu ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh2 ilə bağlanmış 21.11.2019-cu il tarixli Rest№ 023CASA193250009 saylı Güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 16771,87 manat əsas kredit borcu, 108,75 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 16880,62 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-7052/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7052/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver