Məhkəmə qərarları › İş №2(008)-7075/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7075/2021

22.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7075/2021 22.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X12 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya cinayət nəticəsində vurulmuş maddi ziyana görə Cavabdeh 250.478,2 manat (iki yüz əlli min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaiti, hazırki iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul vəsaiti və müdafiəçiyə ödənilmiş 530 (beş yüz otuz) manat vəkil xidmət haqqının əvəzi tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi (qaytarılması) barədə barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021 -ci il tarixli hökmü ilə xx xxxxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İddiaçı MMC-nin baş mühasibi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 4, mənzil 48-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, ev 8, mənzil 9-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Cavabdeh Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza həmin Məcəllənin 313-cü maddəsi cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılaraq, Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmdən Cavabdeh apellyasiya şikayəti verməsinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1270/2021 saylı, 06.08.2021-ci il tarixli qərarı ilə, verilmiş həmin şikayət təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunan məhkəmə hökmündən və qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, bundan başqa, o, vəzifəli şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı cinayətini törətmişdir. Onun bu əməlləri nəticəsində hazırda iddiaçı olan İddiaçı MMC-yə 273.478.2 manat (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində maddi ziyan vurulmuş və həmin ziyandan cəmisi hazırki vaxtadək iddiaçı təşkilata 23.000 (iyirmi üç min) manat pul qaytarılmışdır. Qalan 250.478,2 manat (iki yüz əlli min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində maddi ziyan hazırki vaxtadək iddiaçı təşkilata qaytarılmamış və vurlmuş maddi ziyan tam olaraq ödənilməmişdir. Cavabdeh barəsində baxılan və hazırda yuxarıda qeyd edilən cinayət işi üzrə İddiaçı MMC zərərçəkmiş kimi tanınmasına baxmayaraq, həmin cinayət işinin baxışı zamanı HYD” MMC tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi barədə mülki iddia verilməmişdir. Lakin hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 (103)-1270/2021 saylı, 06.08.2021-ci il tarixli qərarı elan edildiyi andan qüvvəyə mindiyindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanıldığından, İddiaçı MMC vurulmuş maddi ziyanı mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh tələb edir. Cavabdeh tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində hazırda iddiaçı olan İddiaçı MMC-yə vurulmuş maddi ziyandan ödənilməmiş 250.478,2 manat (iki yüz əlli min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaiti həmin cavabdehdən tutulmalı və iddiaçı təşkilata ödənilməlidir. Həmçinin hazırki iş üzrə, yəni iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat və müdafiəçi üçün çəkiləcək xərclərdə Cavabdeh iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. İddia ərizəsinin ərazi üzrə məhkəmə aidiyyətinə gəldikdə isə, hesab edirik ki, cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 4, mənzil 48-də rəsmi pasport qeydiyyatında olduğundan və bu hal məhkəmə hökmü və apellyasiya qərarı ilə təsdiq olunduğundan hazırki iddiaya Bakı şəhəri Sabunçu rayon məhkəməsində baxılmalıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır və 15.11.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Penitensiar Xidmətinin 4 saylı Cəzçəkmə Müəssisəsindən ünvanlandığı ərizədən görünür ki, iddia tələbini qismən qəbul edərək vəkil xidmətinin və dövlət rüsumunun ödənilməsi hissəsində razılaşmadığını və digər hissədə 23.000 (iyirmi üç min) manat ödədiyini, bundan sonra 250.478.2 (iki yüz əlli min dörd yüz yetmiş səkkiz manat, iyirmi qəpik) manat borcu olduğunu etiraf etmiş, lakin həmin borcu ödəyəcək maddi imkanının olmadığını bildirmişdir. Gələcək məhkəmə iclasında iştirakının təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-296/2021 nömrəli, 26.05.2021-ci il tarixli qanuni qüvvəsini almış hökmün surətindən görünür ki, məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs Cavabdeh o, 20 iyun 2016-cı il tarixdən İddiaçı MMC-nin baş mühasibi vəzifəsində işləməyə başlamışdır. O, baş mühasib kimi öz əmək funksiyalarını hər zaman normal qaydada icra etmişdir. 2017-ci ilin sonlarında onun qardaşı Lətif Məmmədovun ailəsində və işində problemlər yaranmışdır. Həmin ərəfədə o, Əsli adlı qonşusundan Vüsalə adlı şəxsin falçılıqla məşğul olduğunu və Vüsalənin ona kömək edə biləcəyini öyrənmişdir. Əsli ona demişdir ki, “Vüsalə çox bacarıqlı falçıdır. Mənim də problemlərimi həll edib. İstəyirsən səni onunla tanış edim, sənə də kömək etsin”. O, Əsliyə inanaraq sonuncu ilə razılaşmışdır. Onun qardaşının ailəsində problem yarandığından o, Vüsalə vasitəsi ilə qardaşının problemlərini həll etmək istəmişdir. Əsli Vüsalə ilə danışıb nəticəsi barədə ona xəbər edəcəyini bildirmişdir. Bir neçə gündən sonra Əsli ona zəng edərək Vüsalə ilə danışdığını demiş və Vüsalənin nömrəsini ona vermişdir. O da Vüsaləyə zəng edərək qardaşının işində və ailəsində olan problemlər barədə Vüsaləyə məlumat vermişdir. Vüsalə onu dinlədikdən sonra ona kömək edəcəyini bildirmişdir. O, Vüsalə ilə danışdıqdan bir saat sonra Vüsalə özü ona zəng edərək qardaşı Lətifə cadu olunduğunu bildirmiş və bir neçə gündən sonra qardaşının işdən qovulacağını ona demişdir. O da həmin vaxt əlacsız qalaraq Vüsalədən kömək istəmişdir. Vüsalə bunun qarşılığında ondan 1.000 manat pul istəmişdir. O da növbəti gün Vüsaləyə zəng edərək 1.000 manat pul verməyə və sonuncunu köməyindən istifadə etməyə razı olduğunu bildirmişdir. Vüsalə ona demişdir ki, əri Salmanı ondan pul almaq üçün göndərəcək və o, Salmana 1.000 manat pul verməlidir. O da Vüsalə ilə razılaşmışdır. Sonra o, Suraxanı rayonu ərazisində yerləşən “Ballı” marketin yanında Vüsalənin əri Salmana 1.000 manat pul vermişdir. Salman pulu Vüsaləyə çatdırdıqdan sonra Vüsalə ona zəng edərək pulu aldığını və qardaşına edəcəyi köməyin üç mərhələdən ibarət olacağını, aldığı 1.000 manat pulun isə birinci mərhələ üçün verilməli olduğunu ona demişdir. O, əvvəlcə Vüsalə ilə razılaşmamış və sonuncuya vermək üçün o qədər pulu olmadığını demişdir. Lakin Vüsalə sonrakı iki mərhələ üzrə daha az pul lazım olacağını ona demişdir. O, az məbləğdə pulun lazım olacağını eşidib Vüsalə ilə razılaşmışdır. Bundan sonra o, 2017-ci ilin avqust ayından həmin ilin oktyabr ayınadək hər ay Vüsaləyə 500 manat məbləğində pul vermişdir. 2017-ci ilin avqust ayında Vüsalə ona zəng edərək cadunun təmizlənməsi üçün 5.400 manat məbləğində pul istəmişdir. O, isə öz növbəsində o qədər pulunun olmadığını Vüsaləyə bildirmişdir. Bunun qarşılığında Vüsalə ona demişdir ki, “Narahat olma. Mənim tanışım var, mən ondan pul alaram. Sən də mənim əvəzimə 5.400 manatı və həmin pulun faizlərini ödəyərsən”. O, özü də başa düşmədən " həmin vaxt Vüsalə ilə razılaşmışdır. 2017-ci ilin oktyabr ayından başlayaraq 0, Vüsaləyə hər ay 600 manat məbləğində pul ödəməyə başlamışdır. Bir müddət belə davam etmişdir. 2018-ci ilin yanvar ayında Vüsalə ona zəng edərək qardaşının uşaqlarının maşın altında qalacaqlarını və öləcəklərini demişdir. O, bu xəbəri eşitdikdə şoka düşmüş və nə edəcəyini bilməmişdir. Vüsalə onun vəziyyətinin pis olduğunu görüb ona demişdir ki, “2.000 manat tap gətir, mən də məsələni həll edim”. O, o qədər pulunun olmadığını Vüsaləyə dedikdə, sonuncu ona demişdir ki, “Narahat olma. Mən yenə faizə tanışımdan pul götürərəm. Sən də həmin pulun faizlərini ödəyərsən”. Vüsalə onu elə ələ almışdır ki, o, Vüsalənin hər sözünə inanmışdır. Vüsalə onun qardaşının uşaqlarının öləcəyini ona dedikdə o, çox ağır sarsıntı keçirmişdir. Məhz Vüsalənin təsiri altında qalaraq o, növbəti dəfə Vüsalə ilə razılaşmış və Vüsalənin götürəcəyi faiz pulunu ödəməyə razılıq vermişdir. Bundan sonra Vüsalə müxtəlif axtlarda ona zəng edərək pul tələb etmişdir. O da Vüsalənin tilsimi altında qaldığından Vüsalənin dediyi məbləğləri “Ballı” marketin yanında Vüsalənin əri Salmana və oğlu Rafaelə vermişdir. Həmçinin o, Vüsalənin özünə də bir neçə dəfə Suraxanı rayonunda yerləşən Dədə Qorqud” qəsəbəsində pul vermişdir. Vüsalə həmin pulları ondan qardaşının işlərinin və ailəsindəki söz-söhbətin düzəldilməsi üçün cadu edəcəyinə görə almışdır. Vüsalənin iştahası getdikcə artmışdır. 2018-ci ilin avqust ayında Vüsalə ondan pul tələb etməklə yanaşı, bahalı qızıl-zinət əşyaları da tələb etməyə başlamışdır. Vüsalə edəcəyi cadulara görə, həmçinin ondan çoxlu sayda corab, Bakcell, Azercell, Nar danışıq kartları, konfet, gümüş əşyalar, əl- bədən dəsmalları və sair əşyalar tələb etməyə başlamışdır. Vüsalə bir dəfəyə ondan 40-50 danışıq konturları tələb etmişdir. O elə halda olmuşdur ki, özü də bilmədən Vüsalənin dediyi bütün əşyaları alıb sonuncuya vermişdir. Həmin vaxt o, aldığı əmək haqqını bütövlükdə Vüsaləyə vermiş və bu səbəbdən də borcun içində batmışdır. O, pulunun olmadığını hər dəfə Vüsaləyə dedikdə, sonuncu tanışlarından faiz alacağını və həmin faizləri onun ödəməli olduğunu bildirmişdir. O, özü də başa düşmədən Vüsalənin bütün tələblərini icra etmişdir. Vüsalənin dediyinə görə 2018-ci ilin iyun ayında onun Vüsalənin tanışına təxminən 33.000 manat məbləğində borcu yaranmışdır. O, artıq həmin pulu qaytarmaq və Vüsalənin digər tələblərini icra etmək iqtidarında olmamışdır. O, 33.000 manat məbləğində pulu ödəyə bilməyəcəyini Vüsaləyə demişdir. Vüsalə həmin vaxt onun üstünə qışqıraraq onun qardaşına görə cadu etdiyini bildirmiş və ondan həmin pulun ödənilməsini tələb etmişdir. O, isə o qədər pulunun olmadığını və həmin məbləğdə pul tapa bilməyəcəyini Vüsaləyə demişdir. O, bunu Vüsaləyə dedikdə sonuncu ona demişdir ki, “mənim bir neçə tanış qızlarım var. Onlar xarici şirkətlərdə işləyirlər və işdə müxtəlif əməliyyatlar keçirərək pul qazanırlar”. O, bunu eşitdikdə işinə xəyanət etməyəcəyini Vüsaləyə demişdir. Vüsalə isə ona işdən necə pul qazanacağının yollarını izah edəcəyini və başa salacağını bildirmişdir. 2018-ci ilin mart ayından etibarən o, Vüsalənin dediyi qaydada və sonuncunun təhriki ilə işlədiyi şirkətə məxsus pulları müxtəlif yollarla mənimsəməyə başlamışdır. 2018-ci ilin iyul ayında onun atası rəhmətə getdikdən sonra o, Vüsaləyə qəti şəkildə bir də pul verməyəcəyini demişdir. Vüsalə bunu eşitdikdə onun qardaşı Lətifin onun gözünün qarşısında öləcəyini ona demişdir. Onun atasının ölümü ona çox pis təsir etdiyindən və Vüsalədən qardaşı Lətifin də öləcəyini eşitdikdə, o, başını tamamilə itirmişdir. O, Vüsalənin cadusundan qorxduğu üçün sonuncu ilə razılaşmaq məcburiyyətində qalmışdır. Ona görə də o, işlədiyi şirkətdə işləyən işçilərin bank hesablarına artıq məbləğlərdə əmək haqqı hesablamaqla, sonradan isə artıq hesablanmış pulları öz hesabına köçürməklə, eləcə də şirkətdə aşbaz işləyən Mahir Qulaməliyevin bank hesabına köçürməklə həmin pulları ələ keçirmişdir, işlədiyi şirkətin X11 və X9 adlı işçiləri işə gəlmədiklərindən və həmin şəxslərin maaş kartlarında oturduğundan o, həmin şəxslərin bank kartlarına pul köçürmüş və sonra həmin pulları çıxararaq Vüsalənin əri Salmana və oğlu Rafaelə vermişdir ki, sonuncular həmin pulları » Vüsaləyə çatdırsınlar. Bu qaydada şirkətdən pulların onun tərəfindən mənimsənilməsi 2018-ci ilin mart ayından 2019-cu ilin dekabr ayınadək davam etmişdir. Bu müddət ərzində o, şirkətdən təxminən 274.000 manat məbləğində pul götürmüş və həmin pulları qəpiyinə qədər Vüsaləyə vermişdir. Şirkətdən pulların mənimsənilməsinə onu təhrik edən yeganə qüvvə onun falçı və cadugar kimi tanıdığı Vüsalə adlı şəxs olmuşdur. O, heç vaxt işlədiyi şirkətə xəyanət etməmişdir. Lakin Vüsalə bunu etməyə onu məcbur etmişdir. O, şirkətdən mənimsədiyi puldan bir manat da olsun öz ailəsinə və özünə xərcləməmişdir. O, bütün pulları Vüsaləyə çatdırmışdır. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin bildirmişdir ki, o, dəfələrlə vurduğu ziyanın ödənilməsi ilə bağlı zərərçəkmiş hüquqi şəxsin səlahiyyətli şəxsləri ilə danışıqlar aparmışdır. Lakin onun vurulmuş ziyanı birdəfəyə ödəmək üçün imkanı olmadığından işlədiyi şirkətin rəhbərliyi ilə razılaşa bilməmişdir. Təqsirləndirilən şəxs Cavabdeh ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, ittiham olunduğu cinayət üzrə X6 da cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-296/2021 nömrəli, 26.05.2021-ci il tarixli qanuni qüvvəsini almış hökmün surətindən görünür ki, məhkkəmə məhkəmə iclası zaman tətdiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası CM-nın 179.3.2 və 313-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirmiş, onun qismən etirafedici ifadələrini isə özünü müdafiə xarakterli olduğu qəbul edilmişdir. - Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-296/2021 nömrəli, 26.05.2021-ci il tarixli qanuni qüvvəsini almış hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi üzrə 1 (bir) il müddətə dövlət və yerli özünüidarətmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdanməhrumetmə cəzasına, Vinayət Məcəlləsinin 313-cü maddəsi üzrə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma haqqından məhrum edilməklə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən X4 Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinə əsasən təyin edilmiş cəza həmin Məcəllənin 313-cü maddəsi ilə təyin edilmiş əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılsın, Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilsin və Cavabdeh qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1270/2021-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti və şikayətə verilmiş əlavə təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsulyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırması zamanı o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-296/2021 nömrəli, 26.05.2021-ci il tarixli qanuni qüvvəsini almış hökmü ilə müəyyən olunur ki, Cavabdeh 01 yanvar 2018-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək olan dövr ərzində İddiaçı MMC-nin işçilərinə ödəniləcək əmək haqqlarının siyahısını hazırlayarkən qanunsuz olaraq Cəmiyyətin müxtəlif işçilərinin adlarını və qanunsuz əmək haqlarını təkrarən həmin siyahıda qeyd etmiş və həmin işçilərin qarşısında özünə məxsus kart hesab nömrəsini yazaraq 198.132,20 (yüz doxsan səkkiz min yüz otuz iki manat, iyirmi qəpik) manat, X2 hesab nömrəsini yazaraq kart hesab nömrəsini yazaraq 48.249.36 (qırx səkkiz min iki yüz qırx doqquz manat, otuz altı qəpik) manat, X3 hesab nömrəsini yazaraq 20.114.93 (iyirmi min yüz on dörd manat, doxsan üç qəpik) manat və X1 hesab nömrəsini yazaraq 6.981,71 (altı min doqquz yüz səksən bir min manat, yetmiş bir qəpik) manat olmaqla, ümumilikdə cəmi 273.478.20 (iki yüz yetmiş üç min manat, dörd yüz yetmiş səkkiz manat, iyirmi qəpik) manat pul vəsaitinin həmin kart hesablarına köçürməsini təşkil etməklə və nəticədə onun tərəfindən həmin məbləğdə Cəmiyyətdə çatışmazlığın aşkar edilməsi müəyyən edilmişdir. Cavabdeh bundan 23000 (iyirmi üç min) manat pul vəsaitini qaytarmış, qalan hissədə isə vurulmuş ziyan hələ də ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın dövlət rüsumunun və vəkilə ödənilmiş məbləğin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi rüsum hissəsində tam, vəkil xidmət haqqısı kimi ödənilmiş 530 (beş yüz otuz) manat pul vəsaitinin tutulması hissəsində isə qismən təmin edilərək 200 (iki yüz) manat tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 250.478.2 (iki yüz əlli min dörd yüz yetmiş səkkiz manat, iyirmi qəpik) manat məbləğində maddi ziyanın, 30 (otuz) manat dövlət rüsumu və 200 (iki yüz) manat hüququ xidmət göstərilməsi üçün ödənilmiş xidmət haqqı tutularaq İddiaçı-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar