Məhkəmə qərarları › İş №2(008)-7111/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7111/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7111/2025 09.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Rəhmanova Ləman Rizvan qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən dəymiş zərər kimi müəyyən olunan 486 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni massivdə yerləşən həyət evimə quraşdırılmış qaz sayğacı 2018-ci il tarixdə dəyişdirildi. Bir müddət əvvəl müəyyən etdi ki, onun adına olan **********00003 saylı abonent hesabında 486 manat borc yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edildi. Təqdim edilmiş QSN-29/1710-02479/2-48 nömrəli, 06 dekabr 2018-ci il tarixli sayğacın laboratoriyada yoxlanması aktına əsasən evindən çıxarılan sayğac yoxlamadan keçmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi, giriş və çıxış yivli birləşmələrinin karroziyaya uğradığı qeyd edilmişdir. xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan və xx.xx.2018-ci il tarixli tələbnamədən ona aydın oldu ki, Cavabdeh əməkdaşları evindən çıxarılan qaz sayğacının istismara yararsız olması səbəbindən 4860 kubmetr qaz itkisini dəymiş ziyan kimi hesablamışlar. Göründüyü kimi Cavabdeh əməkdaşları ona heç bir məlumat vermədən, qaz sayağını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə onun təqsirni sübut etmədən, 4860 kubmetr qaz itkisini dəymiş ziyan kimi hesablamış və onun hesabına 486 manat borc yazmışlar. Bildirmək istəyir ki, evindən çıxarılmış qaz sayğacında baş verən nasazlığ onun müdaxiləsi və ya səhvi ucbatından baş verməyib. Cavabdeh aktlarında sayğacda aşkarlanan qüsur kimi sayğacın çıxış plastmas borusunun deşildiyi, giriş və çıxış yivli birləşmələrinin karroziyaya uğradığı qeyd olunub. Sayğacın küçədə yerləşdiyini nəzərə alınsa, istənilən bir şəxs sayğaca zərər vura bilər. Həmçinin sayğac çıxarıldıqdan sonra xüsusi qablaşdırmaya yerləşdirilərək yoxlanılması üçün laboratoriyaya aparılmalı olduğu halda Cavabdeh əməkdaşları bunu da etməmişlər. Belə olan halda sayğac yoxlamaya aparılarkən də müəyyən zədələrə məruz qala bilər. Hesab edir ki, həmin sayğacda olan qüsurlara görə o, məsuliyyət daşımır. Onun sayğacın çıxış plastmas borusunu deşməyi üçün heç bir əsas, sübut da yoxdur. Göründüyü kimi onun evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda, o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçı olaraq onun təqsirini sübuta yetirmədən, ona qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Nəzərə çatdırmaq istəyir ki, qaz qurğusu gündəlik istifadədə olan, məişət xarakterli, təyinatı üzrə istifadə edilən avadanlıqdır. Lakin qaz qurğusu dedikdə qaz sayğacı başa düşülməməlidir. Göründüyü kimi, qeyd olunan müqavilə şərtlərində qaz paylayıcısının heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tədbirinin tətbiq etməsi hüququ, eləcə də, istehlakçının məcburetmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Hazırkı iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydaları”-nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Cavabdehin nümayəndəsi X3 məhkəməyə xx.xx.2025-ci il tarixdə etiraz ünvanlayaraq, iddiaçı X1 Cavabdeh İB-yə qarşı 486 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir (akt və foto çəkilişlər məhkəməyə təqdim edilmişdir). Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, iddiaçının ünvanında quraşdırılmış G-4 markalı, 1202AQ**********2 saylı sayğaca müdaxilə olunduğu aşkar olunmuş xx.xx.2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. G-4 markalı, 1202AQ**********2 saylı sayğacın müdaxilə etməsi fakti təsdiq etmək üçün çıxarılaraq "Azəriqaz" İB-nin SOCAR**********00040020A00371 saylı, 21 may 2018-ci il tarixli məktubuna əsasən "Qaz sayğaclarına nəzarət" komissiyası tərəfindən Bakı RQÖQX Departamentinin xidməti ərazsində əhali sektorunda istismarda olan qaz sayğaclarına 28 noyabr 2018-ci il tarixində ərzində aparılmış təftiş işləri nəticəsində yuxarıda nömrəsi qeyd olunan Smartkart tipli qaz sayğacı 06 dekabr 2018-ci il tarixli yoxlama aktı nəticəsində yararsız hesab olunur. “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2018 tarixli QSN -29/1710-02479/2-48 №-li aktına əsasən Sayğacın çıxış plastmas borusu deşilmişdir, giriş və çıxış yivli hirlas birlaşmələri korozziyaya uğrayıb” şəklində rəy verilmişdir. 28 noyabr 2018-ci il tarixində ərzində aparılmış təftiş işləri nəticəsində yuxarıda nömrəsi qeyd olunan Smartkart tipli qaz sayğacı 06 dekabr 2018-ci il tarixli yoxlama aktı nəticəsində yararsız hesab olunmuşdur. “Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə” Cavabdeh İB-nin direktoru tərəfindən, xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Təlimatda yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarlnın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və 4860 kub dəymiş zərər müəyyən olunaraq 486 manat məbləği hesablanmış, abunə koduna əlavə edilmişdir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.3.4.-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı X2 bildirdi ki, icazəsiz olaraq borc yazıblar, sayğacını dəyişiblər. Əvvəl smart kart idi. Borc yazılmış, guya müdaxilə olub. Əməkdaşlardan 5-6 il əvvəlin borcudursa, niyə indi gəldiyini soruşmuşdur. Əməkdaş onluq bir şey olmadığını, hamıya elə yazıldığını demişdir. Fərdi yaşayış evi olduğundan sayğac küçədə quraşdırılmışdır. Plastmas borunun deşilməsindən xəbəri yoxdur. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 məhkəməyə xx.xx.2026-cı il tarixdə ərizə ünvanlayaraq, baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və laboratoriyanın 29/1710-02479/2-48 nömrəli rəyinə əsasən sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamənin surətindən görünür ki, İTRİ “Sənaye və məişət qaz sayğaclarını yoxlanması laboratoriyasının rəyinə əsasən qaz sayğacına müdaxilə olunmuş və nəticədə qaz itkisi yaranmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, X1 yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 486 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi (sayğacın çıxış plastmas borusunun deşilməsi, giriş və çıxış yivli birləşmələrinin korroziyaya uğraması) aşkarlanmışdır. Buna görə cavabdeh iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 486 manat məbləğində vurulmuş ziyanı tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 486 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən **********00003 saylı abunə koduna hesablanmış 486 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən X1 **********00003 saylı abunə koduna xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 486 manat məbləğində borc silinsin. Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar