Məhkəmə qərarları › İş №2(008)-712/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-712/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-712/2024 26.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7000 manat pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, iddiaçı Xaçmaz rayonu, Müzəffəroba kəndində qeydiyyatdadır, Bakı şəhərində evi olmadığı üçün müvəqqəti olaraq Buzovna qəsəbəsində onun yanında yaşayır. İddiaçı uzun müddət qəpik-qəpik pul toplayaraq 7.000 manat pul düzəltmişdir ki, Buzovna qəsəbəsində bacısının qonşuluğunda özünə ev alsın. Onun ev axtardığını bilən digər bacısı X4 uzun müddət iş yoldaşı olmuş Ramana qəsəbəsində kafedə işləyən Zakir (telefon nömrəsi: (055)-914-92-13) adlı şəxsin yanında onun ev axtarmağı barədə söhbət etmiş, Zakir Buzovna qəsəbəsində evlərin baha olduğunu, tanışı İlqarın (telefon nömrəsi: (070)-755-72-75) makler olduğunu, İlqarın Ramana qəsəbəsində münasib qiymətə torpaq sahələrinin olduğunu, onlara bu barədə kömək edə biləcəyini demişdir. Bundan sonra, iddiaçı Cavabdeh ilə görüşüb söhbət etmiş, İlqar onları Ramana qəsəbəsinə aparıb torpaq sahəsini göstərmiş və torpağın özünə məxsus olduğunu, 7.000 manat qarşılığında 200 kv.m torpaq sahəsində ev tikib 1 ay ərzində ona təhvil verəcəyini bildirmişdir. 7.000 manatı verdikdən sonra qalan pulu da aylıq 100-200 manat olmaqla hissə-hissə verməyə razılaşmışlar. Beləliklə xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə birgə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat ofisinə getmişlər. Ondan başqa, bacısı X4 və digər bacısının əri X6 da onların yanında olmuşlar. Onlar çöldə gözləmiş, Cavabdeh notariat ofisinə daxil olmuş və bir müddət sonra qayıdaraq torpaq sahəsinə dair etibarnamə və sərəncamın surətini iddiaçıya vermişdir. İddiaçı da 7.000 manat pulu İlqara vermişdir. Bu hadisədən təxminən ay yarım keçmiş, lakin İlqardan bir xəbər çıxmamışdır. Həmin ərəfədə iddiaçının bacısı oğlu X2 Müharibəsində şəhid olduğu üçün başı onun dəfninə qarışmışdır. Sonradan maraqlandıqda cavabdeh həll edəcəyini bildirmışdir. Daha sonra karantin rejimi olduğu üçün yubandığını bəhanə etmişdir. Hər dəfə bir bəhanə ilə məsələnin yubandığını bildirmişdir. Üzərindən 1 il keçdikdən sonra gedib görmüşlər ki, onlara göstərdiyi torpaq sahəsində heç nə tikilməmişdir. Belə olan halda, iddiaçı aldadıldığını başa düşmüşdür. Cavabdehin pulu aldığını və qaytaracağını etiraf etdiyi səs yazısı polis idarəsində mövcuddur. İddiaçı cavabdehdən ona verdiyi 7.000 manat pulunu qaytarmasını tələb etsə də, qaytarmamışdır. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi X3 işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxır. Məhkəmə, iddia tərəfinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 1370 saylı sərəncamı ilə Abşeron rayonunun X12 Fondunda saxlanılmış torpaqlardan Ramana-Südçülük sovxozunun ərazisindən sahibkarlıq tikinti məqsədilə 1,0 hektar 99 il müddətinə icarə qaydasında Cavabdeh torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış təhqiqat materialları üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Təhqiqat araşdırması zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, təxminən yeddi ay əvvəl tanışı Zakirin vasitəsilə Leyla adlı şəxsdən 1.5 sot torpağın içində ev tikmək üçün Maştağa qəsəbəsində yerləşən 17 saylı notariusun qarşısında 6500 manat pul aldığını, daha sonra həmin şəxsin başqa bir şəxslə torpağa baxmağa gəldiyini, İddiaçı sonradan torpağın yerini bəyənmədiyi üçün pulunu geri qaytarmasını istədiyini, həmin puldan 500 manatı qaytardığını və qalanını da hissə-hissə qaytaracağı ilə razılaşdıqlarını, hal-hazırda 2000 manat pulunu qaytardığını bildirmişdir. Təhqiqat araşdırması zamanı Cavabdeh daha sonra izahat verərək bildirmişdir ki, torpaq alqı-satqısı işi ilə məşğuldur. İddiaçı Zakir adlı tanışının vasitəsilə tanımışdır. Belə ki, İddiaçı Maştağa qəsəbəsi ərazisində torpaq sahəsi alaraq ev tikmək istədiyini bildirdiyi üçün Ramana sovxozu ərazisində 2 sot torpaq sahəsini ona təklif etmişdir. İddiaçı bununla razılaşmış və içərisində ev tikməklə birlikdə ümumilikdə 10.000 manata razılaşmışdır. Belə ki, ilkin olaraq, notariusun qarşısında 6500 manat pulu ondan almış və evi tikməyə başlamışdır. Lakin sonradan icra hakimiyyəti tərəfindən evin tikilişinə qadağa qoyulduğu üçün evi tikə bilməmiş və o, pulunu geri istədikdə 1600 manatını geri qaytarmışdır. Lakin geridə qalan pulu imkanı olmadığı üçün ödəyə bilməmişdir. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında şifahi formada podrat müqaviləsi bağlanmışdır. Belə ki, cavabdeh 200 kv.m torpaq sahəsində ev tikib qısa müddətdə iddiaçıya təhvil verəcəyi, iddiaçı ilə bunun qarşılığında cavabdehə ödəniş edəcəyi barədə öhdəlik götürmüşdür. İddiaçı görüləcək işin müqabilində cavabdehə həm təhqiqat araşdırması zamanı, həm də məhkəmə iclasında 7000 manat verdiyini bildirsə də, cavabdeh təhqiqat araşdırması zamanı verdiyi izahatında iddiaçıdan 6500 manat pulu qəbul etdiyini, lakin götürdüyü öhdəliyi yerinə yetirmədiyini etiraf etmişdir. Cavabdeh bunun səbəbini ilkin izahatında İddiaçı sonradan torpağın yerini bəyənməməsi ilə izah etsə də, sonrakı izahatında icra hakimiyyəti tərəfindən evin tikilişinə qadağa qoyulması ilə izah etmişdir. Eyni zamanda, ilkin izahatında cavabdeh iddiaçıdan 6500 manat pul aldığını, həmin puldan 500 manatı qaytardığını, qalanını da hissə-hissə qaytaracağı ilə razılaşdıqlarını, hal-hazırda 2000 manat pulunu qaytardığını bildirsə də, sonrakı izahatında 6500 manat puldan 1600 manatı geri qaytardığını bildirmişdir. Belə olan halda, məhkəmə iddiaçının izahatını səmimi qəbul edərək belə qənaətə gəlir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, iddiaçıya nə söz verdiyi evi tikmiş, nə də ondan aldığı 7000 manat pul vəsaitini geri qaytarmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, hazırkı iddia tələbi təmin edilməli və Cavabdeh 7000 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilmiş 90 manat dövlət rüsumu cavabdehə aid edilərək, ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 7000 (yeddi min) manat məbləğində pul vəsaiti və 90 (doxsan) manat dövlət rüsumunun əvəzi tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar