Məhkəmə qərarları › İş №2(008)-714/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-714/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-714/2022 31.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan “Atrabank» ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ləğv prosesində olan “Atrabank» ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1037,52 manat əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 07.08.2016-cı il tarixinə 1159,72 manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 261,38 manat borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 884,12 manat cərimə borcunun, cəmi 3342,74 manat borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan “Atrabank» ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07.08.2015-ci il İKM 338 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğvetmə prosessində olan İddiaçı ASC-nin «Təbriz» filialı tərəfindən Cavabdeh2 12 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 2000 mana tməbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri vaxtı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh1 ilə 07.08.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Hazırda cavabdehin cəmi 3342,74 manat borcu var. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə oların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmuqnuna uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ASC-nin «Təbriz» filialı ilə Cavabdeh2 arasında 07.08.2015-ci il İKM 338 saylı istehlak kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 ğluna illik 28% olmaqla 12 ay müddətinə 2000 manat məbləğində kredit verilmiş, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli tərtib edilmişdir. Eyni zamanda, İddiaçı ASC-nin «Təbriz» filialı ilə Cavabdeh1 arasında 07.08.2015ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə borc verən qarşısında zamin və borcalan birgə məsuliyyət daşıyırlar. Bankın məhkəməyə təqdim etmək üçün tərtib etdiyi arayışa əsasən Bank ilə Cavabdeh2 toğlu arasında bağlanmış 07.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 07.08.2016-cı il tarixinə cavabdehin əsas borcu 1037,52 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 07.08.2016-cı il tarixə faiz borcu 1159,72 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 261,38 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 884,12 manat, cəmi isə 3342,74 manat təşkil edir. Hazırda iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış cəmi 3342,74 manat məbləğində kredit borcunun tutularaq ödənilməsini istəyir. Ləğv prosesində olan “Atrabank» ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcla bağlı ödənişin icra edilməsi, əks təqdirdə borcun ödənilməsi üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1-ci kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi, mübahisə predmeti olan kredit müqaviləsi üzrə 07.08.2016-cı il tarixə yaranmış borc istənilir, iddia isə 11.10.2021-ci il tarixdə verilmişdir, yəni beş il iki ay sonra. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsuma iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar