Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-714/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Muradov Asim Kərim oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin direktoru kimi özünü təqdim etmiş X4 ilə aralarında bağlanmış müqavilə üzrə xidmətlərin göstərilməməsi səbəbi ilə ləğv edilərək, 3000 manat pulun, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumu və 10 ay ərzində maddi zərər olaraq 300 manat hesablanaraq, ümumilikdə 3300 manat cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin fəaliyyəti xarici təhsilə yönəltmə ilə bağlı olduğundan, xx.xx.2023-cü il tarixdə X2 qonşu Türkiyə Respublikasında təhsilə yönəltməsi üçün EAGLE MMC-yə müraciət etmiş, X4 ilə aralarında bağlanmış müqaviləyə əsasən ondan 3000 manat xidmət haqqı almışdır. Müqavilənin 7.3-cü bəndinə əsasən müqaviləyə əlavə dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı 30 iş günündə icraçı, götürdüyü məsələni həll etməli idi. Tərəfindən dəfələrlə X3 göstərmədiyi xidmətə görə verdikləri 3000 manat pulu geri qaytarmasını tələb etsə də, müəyyən bəhanələr gətirərək 9 aydır pulun qaytarılmasını yubadır. Bütün bu hərəkətləri ilə ona maddi və mənəvi zərər vurmağa davam edir. Aralarında olan pulun verilməsi işin yubadılaraq alınmaması və verilmiş məbləğin geri qaytarılması ilə bağlı vatsap və səs yazıları mövcutdur. İddiaçı nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə 3000 manat, əldən çıxmış fayda 300 manat, dövlət rüsumu kimi ödənilmiş 54 manat və hüquqi xidmət göstərilməsi üçün 300 manatın cavadehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edənə İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə ederək, özünü Cavabdeh MMC-nin direktoru kimi təqdim etmiş X4 ilə Türkiyə Respublikasında təhsil almaq üçün razılaşma əldə etdiklərini, aralarında bu barədə müqavilə bağlanıldığını, lakin cavabdehin müqavilə şərtlərinə əməl etmədiyindən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki iş materiallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində X2 qonşu Türkiyə Respublikasında təhsilə yönəltməsi üçün "xxxx" MMC-yə müraciət etmiş, X4 ilə müqavilə imzalanaraq ondan 3000 manat xidmət haqqı almışdır. - xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, X1 3000 manat pulu geri qaytarması tələb edilmişdir. - xx.xx.2024-cü il tarixli dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddia qaldırılması üçün 54 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericiliyin tələbindən və iş materiallarından göründüyü kimi İddiaçı xx.xx.2023-cü il tarixində oğlu X2 qonşu Türkiyə Respublikasında təhsilə yönəltməsi üçün "xxxx" MMC-yə müraciət etmiş, MMC-nin icraçısı X4 müqavilə ilə bunu öhdəliyinə götürmüş və buna görə 3000 manat xidmət haqqı almışdır. Müqavilənin 3.2.4-cü hissəsinə əsasən İcraçının nöqsanı ucbatından müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin həyata keçirilməsi tamamlamaq mümkün olmadığı halda Sifarişçi tərəfindən ödənilən xidmət haqqının geri ödənilməsi və Müqavilədə əlavə dəyişikliklər edilməsi və xitam verilməsi bəndinin 7.3 hissəsində görüldüyü kimi 30 iş günündə icraçı, icrasına götürdüyü məsələni həll etməli idi. Lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin özü qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə müqaviləni bağlayan tərəflər bir tərəfdən nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh MMC, digər tərəfdən isə Azərbaycan Respublikası vətəndaşı AA3781181 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi olan X5 qeyd olunmuşdur. Lakin müqavilənin sonunda müqaviləni imza edən şəxsin sifarişçi İddiaçı olduğu qeyd olunmuşdur. Yəni müqaviləni bağlayan şəxslə, müqaviləni imzalayan şəxs başqa şəxslərdir. Bu hal özü müqavilənin ləğvi üçün əsaslardan biridir. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə icraçı tərəfindən əməl olunmamışdır. Bütün bunlar işdə olan sənədlərlə və tərəflər arasında olan yazışmalarla da öz təstiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə ləğv edilməli, müqavilə üzrə ödənilmiş 3000 manat pul, maddi zərər olaraq əldən çıxmış fayda 100 manat, 300 manat hüquqi yardım üçün çəkilmiş xərc və 54 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arsında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə ləğv edilsin. Müqavilə üzrə ödənilmiş 3000 manat pul, maddi zərər olaraq əldə çıxmış fayda 100 manat, 300 manat hüquqi yardım üçün çəkilmiş xərc və 54 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-714/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-714/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver