Məhkəmə qərarları › İş №2(008)-7151/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7151/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7151/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə İddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı MMC Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək WDM001602 saylı, 14.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə nisyə satılmış mala görə yaranmış 2584 manat qalıq borc, 258,40 manat dəbbə, 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 2842,40 manat borcun cavabdehdən alınaraq Damla Mebel” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə WDM001602 saylı, 14.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqavilə üzrə 3414 manat məbləğində pul tələbi faktorinq müqaviləsinə əsasən "xxxx" QSC-yə güzəşt edilmişdir. Cavabdeh 830 manat ödəmiş, 2584 manat qalıq borcu qalmışdır. Cavabdeh 60 gün müddətində satıcı qarşısında götürdüyü öhdəliyi icra etmədiyindən öhdəlik İddiaçı MMC-yə yönəldilmişdir. Qalıq borc 2584 manat iddiaçı tərəfindən "xxxx" QSC-nin hesabına ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddaiçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etdi ki, mebelləri onun adına onun dostu almışdır. Lakin borc öhədliyi onun olduğundan borcunun olmasını inkar etmir. Məhkəmə tərəfləri izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında WDM001602 saylı, 14.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı cavabdehə yataq və qonaq mebel dəstləri satmış, tərtib edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində ayda 190 manat ödəməklə borcu bağlamalı idi. İddiaçı MMC ilə "xxxx" QSC arasında bağlanmış faktorinq müqaviləsinə əsasən adıçəkilən müqavilə üzrə borcun tələb edilməsi "xxxx" QSC-yə ötürülmüşdür. Cavabdeh "xxxx" QSC-yə 830 manat ödəniş etmiş, qalan məbləği İddiaçı MMC ödəmişdir. 18.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 2584 manat qalıq borcu, 258,40 manat dəbbə borcu var. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya müqavilə üzrə ödənilməmiş 2584 manat məbləğində borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia 258,40 manat dəbbə pulunun tutulması hissəsində qismən, yəni 25 manat hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, WDM001602 saylı, 14.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə nisyə satılmış mala görə yaranmış 2584 manat qalıq borc, 25 manat dəbbə, cəmi 2609 manat və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 2639 manat borc xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. WDM001602 saylı, 14.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə nisyə satılmış mala görə yaranmış 2584 manat qalıq borc, 25 manat dəbbə, cəmi 2609 manat və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 2639 manat borc Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar