Məhkəmə qərarları › İş №2(008)-7209/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7209/2024

11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7209/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-6549/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh 22 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment, 22 aprel 2015-ci il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar hər ay 100 manat əlavə xərc, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu, hüquqi yardıma görə ödənilmiş 50 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 02 may 2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 22 aprel 2015-ci il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)- 6549/2018 nömrəli qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, 22 aprel 2015-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, Cavabdeh 22 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment, xx.xx.2015-cü il təvəllüdlü X2 müalicəsi üçün hər ay 50 manat əlavə xərc tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı uşağın tələbatlarını təkbaşına ödəməkdə maddi çətinlik çəkir. X1 spastik serebral iflic (uşaq serebral iflic, tetrapedik forma) xəstəliyindən əziyyət çəkir. Uşağın daimi terapiyaya, masaja və dərmanlara ehtiyacı vardır. Azyaşlı uşaq nə yeriyə bilmir, nə də danışa bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-6549/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Sabunçu RQŞ-nin Maştağa qəsəbə bölməsində xx.xx.2014-cü il tarixdə bağlanmış və 118 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2015-cü il təvəllüdlü X3 nikahın pozulmasından sonra anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2015-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi, Cavabdeh xx.xx.2015-cü il təvəllüdlü X2 müalicəsi üçün hər ay 50 manat əlavə xərc tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, qətnamə ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 235 manat yaşayış minimumundan azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqları pozulduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-6549/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 22 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı uşağın xəstəliyi ilə bağlı cavabdehdən 100 manat məbləğində əlavə aliment tələb etsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Eləcə də, vəkilə xidmət haqqı olaraq 50 manat ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia həmin hissədə, təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib məhkəmə xərcləri cavabdehdən dövlət nəfinə tutulmalıdır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6549/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı artırılsın. 22 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat aliment tutularaq, İddiaçı ödənilsin. 60 (altmış) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya qaytarılsın. Məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutlaraq, dövlət nəfinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar