Məhkəmə qərarları › İş №2(008)-7328/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7328/2023

13.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7328/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı "Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4920/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X3 hər birinin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün tutulan 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsi və xx.xx.2007-ci il təvəllüdlü X3 müalicəsi üçün 1778 manat əlavə xərc məbləğinin və mediasiya xidməti üçün ödənilmiş 60 manat dövlət rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4920/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X3 hər birinin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün tutulan 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsi və xx.xx.2007-ci il təvəllüdlü X3 müalicəsi üçün 1778 manat əlavə xərc məbləğinin və mediasiya xidməti üçün ödənilmiş 60 manat dövlət rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş 193 manat məbləğində aliment hazırda mövcud olan bazar qiymətləri şəraitində uşağın saxlanılmasına kifayət etmir və maddi imkanı olmadığına görə uşağı müalicə etdirə bilmir. Bundan başqa, xx.xx.2023-cü ildə baş vermiş avtoqəza nəticəsində uşağı X3 ayağı sınmış və üç dəfə əməliyyat olunmuşdur. Uşaq hazırda yeriyə bilmir. Uşağa o, qulluq edir və bu səbəbdən heç bir yerdə işləyə bilmir və maddi gəliri yoxdur. İddiaçı məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirdi ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin məbləğ "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Qanuna uyğun olaraq artırılmalı, hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində aliment müəyyən edilməlidir. Bundan əlavə, xx.xx.2023-cü il tarixində baş vermiş avtoqəza nəticəsində X3 ayağı sınmış və o, üç dəfə əməliyyat olunmuşdur. Hal-hazırda qızı yeriyə bilmir, ona özü qulluq etdiyinə görə işləmir. Müalicəsinə hər ay 200 manat pul lazımdır. Maddi imkanı olmadığından qızını müalicə etdirə bilmir. Cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Cavabdeh onun oğludur. O, iddianı qismən etiraf edir və hər uşağa görə hər ay 220 manat aliment ödəyə bilər, amma əlavə xərci tələb olunan məbləğdə ödəyə bilmir. Belə ki, cavabdehin rəsmi gəliri yoxdur, qazancı azdır, əlavə xərclərin bir hissəsini ödəyə bilərlər. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, həmin məhkəmənin xx.xx.2014cü il tarixli 2(008)-4769/2014 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan AZ-İ seriyalı 742679 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, X7 xx.xx.2006-cı ildə anadan olmuş, onun valideynləri Cavabdeh və İddiaçıdır. İşdə olan AZ-İİ seriyalı 069432 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, X6 xx.xx.2007-ci ildə anadan olmuş, onun valideynləri Cavabdeh və İddiaçıdır. İşdə olan 10955943 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış"dan görünür ki, X5 "oynaqların kontrakturası" və "sümük sınığının bitişməməsi" diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan başqa, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, sadalanan normalarının mənasına görə, alimentin artırılması institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin artırılması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. İşdən göründüyü kimi, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması qət edildikdən sonra ölkədə yaşayış minimumu uşaqlar üçün artırılaraq 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehin qazancının az olması onu öz uşaqlarının minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Ona görə də tərəflərin iki nəfər birgə uşağının saxlanılması üçün cavabdehdən tutulan 193 manat aliment artırılaraq hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. İddianın əlavə xərclərlə bağlı hissəsini isə məhkəmə qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Sadalanan normalardan görünür ki, uşağın ağır xəstəliyi ilə əlaqədar yaranmış, o cümlədən faktiki çəkilmiş, eləcə də gələcəkdə çəkilməsi zəruri olan əlavə xərclərin ödənilməsinə valideynlərdən hər biri cəlb oluna bilər. Ona görə də məhkəmə tərəflərin yetkinlik yaşına çatmayan uşağı X3 müalicəsinə çəkilmiş xərcin ödənilməsinə hər iki valideynin cəlb olunmasını mümkün hesab edir. İddiaçının məhkəməyə təqdim etdiyi, müayinə və müalicəyə, habelə dərmanların alınmasına çəkilmiş xərcləri təsdiq edən qəbzlərdəki məbləğlər 1778 manatdan artıq olsa da, onun iddia tələbi yalnız 1778 manat əlavə xərcin cavabdehdən alınmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində deyilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə bu qənaətə gəldi ki, qanunda göstərilən müstəsna hal mövcud olmadığına görə qətnamə yalnız verilmiş tələb (1778 manat) üzrə çıxarılmalıdır. Məhkəmə iclası zamanı İddiaçı izahatında bildirdi ki, avtomobilin vurması nəticəsində xəsarət almış uşağın müalicəsi üçün çəkilmiş xərcin 1000 manat hissəsini sürücünün sığortaçısı ona ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində deyilir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Ona görə də məhkəmə hesab edir ki, həmin 1000 manat məbləğ artıq iddiaçıya ödənildiyinə görə o, həmin məbləği təkrarən cavabdehdən tələb etməkdə haqlı deyil. Həmin 1000 manat çıxıldıqdan sonra qalan 778 manat məbləğin ödənilməsinə isə hər iki valideyn bərabər paylarla cəlb olunmalı, məbləğin yarısı olan 389 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Odur ki, iddianın 1778 manatla bağlı hissəsi 389 manat hissədə təmin edilməli, 1389 manatla bağlı hissəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.10-cu maddəsinə əsasən, bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1-1-ci maddəsinə görə, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, "Mediasiya prosesinin tətbiqi barədə müqavilə"də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya "mediasiya prosesinin tətbiqi barədə müqavilə"nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İşdən görünür ki, 60 manat məbləğində mediasiya xərci xx.xx.2023-cü ildə iddiaçı tərəfindən Mediasiya Şurası Bakı 6 saylı Mediasiya təşkilatının hesabına ödənilmiş, cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə məhkəmə hesab edir ki, 60 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiada artırılması tələb edilən alimentin bir illik miqdarı (440 manat – 386 manat = 54 manat x 12 ay) 648 manat, ümumilikdə iddianın qiyməti isə (648 manat + 1778 manat) 2426 manat təşkil edir. Bu iddiaya görə (30 manat + 1426 manat : 100 x 1 %) 44,26 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Cəmi 2426 manat iddia tələbinin 1037 manat (42,74 %) hissəsi təmin edildiyinə görə dövlət rüsumunun müvafiq olaraq 18,91 manat hissəsi cavabdehə aid edilməli, ondan alınaraq dövlət büdcəsinə ödənilməli, 25,35 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4920/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə tutulan 193 manat alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2007-ci il təvəllüdlü X3 müalicəsi üçün 389 manat məbləğində əlavə xərc və 60 manat mediasiya xərci, cəmi 449 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia əlavə xərcin 1389 manatla bağlı hissəsində təmin edilməsin. Cavabdeh 18,91 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Dövlət rüsumunun qalan 25,35 manat hissəsi İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar