Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7463/2025 02.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil Mürüş oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc müqaviləsi üzrə qalan 10385 (on min üç yüz səksən beş) manat pulun, "xxxx" QSC-dən götürdüyü kreditə görə ödəniləcək 4569 (dörd min beş yüz altmış doqquz) manat faiz, cəmi 14954 (on dörd min doqquz yüz əlli dörd) manat pulun və dövlət rüsumu kimi ödədiyi 134,60 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Ağdam rayonu, İkinci Yüzbaşılı kəndində yaşayır. Cavabdeh Tural adlı şəxsin vasitəsilə tanıyır, münasibəti yaxşı olmuşdur. X6 epilepsiya xəstəliyindən əziyyət çəkir. Ancaq oğluna əlillik dərəcəsi təyin etdirə bilmir. Tural adlı şəxs Cavabdeh mobil nömrəsini ona təqdim etdi ki, əlaqə saxlasın. Cavabdehlə telefon əlaqəsi saxladı. Cavabdeh ona köməklik edəcəyinə söz verdi və ondan 15000 manat pul istədi. Cavabdeh inanaraq kredit götürmək üçün "xxxx" QSC-yə müraciət etdilər. 26 sentyabr 2024-cü il tarixdə "xxxx" QSC ilə X6 arasında kredit müqaviləsi bağlanıldı və müəyyən rüsumlar tutulduqdan sonra 14385 manat kredit verildi. Krediti 30 ay müddətinə götürdülər, hər ay 662 manat, cəmi 19869 manat kredit ödəməlidirlər. Götürdükləri krediti 28 sentyabr 2024-cü il tarixdə Cavabdeh verdilər. Pulu verən zaman cavabdehlə aralarında xx.xx.2024-cü il tarixli Borc müqaviləsi bağlandı. Aralarında bağlanmış borc müqaviləsinə əsasən cavabdeh götürdüyü öhdəliyi icra etmədiyi təqdirdə ondan aldığı 14385 manat pulu xx.xx.2025-ci il tarixə kimi qaytarmalı idi. Bundan əlavə Cavabdeh 2024-cü ilin noyabr ayından ondan oğlunun xəstəliyi ilə bağlı sənəd götürmək adı ilə 3000 manat pul almışdır. Cavabdeh ondan 14385+3000=17385 manat pul almışdır. Aldığı pullardan cavabdeh ona müxtəlif vaxtlarda cəmi 7000 manat pul qaytarmışdır. Yəni ki, cavabdeh ondan aldığı 3000 manatı və borc müqaviləsində nəzərdə tutulan puldan 4000 manatı ona qaytarmışdır. Cavabdehin ona 10385 manat borcu qalmışdır. O, cavabdehin onu aldatması səbəbindən bankdan kredit götürmüş və həmin kreditə görə əlavə olaraq 4569 manat faiz ödəməlidir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi ziyana düşmüşdür. Bununla bağlı Nizami rayon Polis İdarəsinə müraciət etmişdir. Orada aidiyyatı üzrə məhkəməyə müraciət etməkləri izah edildi. Buna görə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin həm iddiaçıya, həm də oğlu Nurlana ayrıca borcu var. Cavabdehin ona 1500 manat borcu qalması fikri ilə razı deyil və onun gətirdiyi 1500 manatı qəbul etmir. Cavabdehin Nurlana ödədiyi pulların ona olan borcuna heç bir aidiyyatı yoxdur və onu qəbul etmir. Hazırda cavabdehin ona 10385 manat borcu və bankdan götürdüyü kreditə görə ödəniləcək 4569 manat faiz borcu var. Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil cavabdehin iddiaçıya olan borcun əksər hissəsini ödədiyini, hazırda cavabdehin iddiaçıya 1500 manat borcu qaldığını və cavabdehin həmin məbləği hazırda məhkəmə iclasına gətirdiyini və ödəməyə hazır olduğunu bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq qeyd etmişdir ki, məhkəmənin 19 yanvar 2026cı il tarixli iclasında tərəflərindən iddia tələbində göstərilən 9846 manat pul vəsaitinin ödənilməsini təsdiq edən müvafiq qəbzlər məhkəməyə təqdim edilmişdir. Həmin qəbzləri elektron məhkəmə sisteminə yerləşdirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Borc verən İddiaçı ilə Borc alan Cavabdeh arasında notarial qaydada bağlanmış 28 sentyabr 2024-cü il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 28 sentyabr 2024-cü il tarixdə aldığı 14385 manat borc pulu xx.xx.2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" QSC ilə X2 arasında bağlanmış 26 sentyabr 2024-cü il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın surətindən və sazişə əlavə edilən ödəniş planından görünür ki, Nurlan Mustafayev bankdan 30 ay müddətinə hər ay 662 manat, sonuncu ay 671,99 manat ödəmək şərtilə illik 21 faizlə 15300 manat məbləğində biznes krediti götürmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli M-3982 saylı məktubunun surətindən görünür ki, Nizami RPİ-nin 23-cü PB-nə müraciət əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti göndərilməklə qərarla razı olmadığı halda prokurora və məhkəməyə müraciət etməsi bildirilmişdir. Nizami RPİ-nin 23-cü PB-nin baş təhqiqatçısı polis mayoru X3 tərəfindən qəbul edilmiş 06 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında xx.xx.2025-ci il tarixli HK-1-də 1014 sayla qeydə alınmaqla torplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surətinin maraqlı tərəflərə və Nizami rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Həmin qərarda yalnız İddiaçı izahatı alınmış, Cavabdeh yerinin müəyyən edilərək araşdırmaya təmin edilməsi mümkün olmamışdır. Təqdim edilmiş ödəniş qəbzlərinin və elektron ödəniş sistemindən çıxarışların surətindən müxtəlif məbləğlərdə köçürmələri (vəsaiti) alan şəxslərin ZİYAFAT M***** və NURLAN M****** olduğu və bank kartlarının sonuncu nömrələrinin əks edildiyi görünür. İş materiallarında olan ********** saylı xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 135 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 7385 manat pul vəsaiti tutulmalıdır. Məhkəmə ona görə bu qənaətə gəlir ki, iş materiallarında yalnız iddiaçının cavabdehə 28 sentyabr 2024-cü il tarixdə 14385 manat məbləğində borc pul verməsini təsdiq edən notarial qaydada bağlanmış borc müqaviləsi mövcuddur ki, həmin müqaviləyə əsasən cavabdeh borcunu 1 il ərzində, yəni 28 sentyabr 2025-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından iddiaçının cavabdehə əlavə olaraq 3000 manat borca pul verməsinə dair heç bir sənəd və mötəbər sübutlar mövcud deyil. Bu isə cavabdehin iddiaçıdan 14385 manat borca pul götürdüyünü təsdiq edir. İddiaçı cavabdehin ona 7000 manat qaytardığını həm iddia ərizəsində, həm də məhkəmə iclasında təsdiq və etiraf edir. İddiaçının cavabdehə 14385 manatdan əlavə olaraq 3000 manat verməsi heç bir dəlillə sübut olunmadığından məhkəmə ödənilmiş 7000 manat məbləğin notarial borc müqaviləsində qeyd edilən 14385 manat məbləğdən çıxılmalı olduğunu qeyd edərək nəticədə hazırda cavabdehin iddiaçıya 7385 manat borcu olmasını müəyyən edir. Məhkəmə cavabdehin iddiaçıya 9846 manat pul qaytarması və bunun qəbzlərdə əks edilməsi ilə bağlı bildirir ki, ödəniş sənədlərində qeyd edilən məbləğlərin ZİYAFAT M***** və NURLAN M**** adlı şəxslərin bank kartlarına (kart hesablarına köçürüldüyü) görünür. Məhkəmə hesab edir ki, bu kartlardan ZİYAFAT M*** adlı bank kartı İddiaçı, NURLAN M**** adlı kart isə iddiaçının X6ə aiddir. İddiaçı isə cavabdehin Nurlan Mustafayevin kartına cavabdeh tərəfindən edilmiş ödənişləri qəbul etməyərək qeyd edir ki, həmin ödənişlər cavabdehin onun oğluna olan borcu üzrə aparılmış ödənişlərdir və ona heç bir aidiyyatı yoxdur. Cavabdeh isə bu halı sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının oğluna cavabdeh tərəfindən edilmiş ödənişlərin iddiaçıya heç bir aidiyyatı yoxdur. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədləri üzrə məbləğləri hesabladıqda həmin məbləğlərin iddiaçının cavabdeh tərəfindən ödənilməsini qeyd etdiyi 7000 manatı əhatə etdiyi aydın olur, yəni aparılmış ödənişlər iddiaçının qeyd etdiyi ona qaytarılmış 7000 manat məbləğin tərkibinə daxildir və həmin məbləğdən artıq deyil (ondan kənara çıxmır). Belə olan təqdirdə iddia qismən əsaslı olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş qalan 7385 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Həmin Məcəllənin 435-ci maddəsinə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Məhkəmə iddia tələbində qeyd edilmiş iddiaçının "xxxx" QSC-dən götürdüyü kreditə görə ödəniləcək 4569 manat faiz borcunun cavabdehdən tutulmalı olması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, həmin kredit iddiaçı tərəfindən deyil, onun oğlu X2 tərəfindən 15300 manat məbləğində bankdan biznes krediti qismində götürülmüşdür. Göründüyü kimi kredit biznes kreditidir və 14385 manat deyil, 15300 manat məbləğindədir. Həmçinin, iddiaçının bankdan götürülmüş pulu cavabdehə verməsi ilə bağlı videogörüntü və ya digər mötəbər sübutlar iş materiallarında yoxdur. Məhkəmə qeyd edir ki, həmin kredit vəsaiti Nurlan Mustafayev tərəfindən götürüldüyündən və cavabdehə verildiyi təqdirdə yalnız onun tərəfindən cavabdehdən tələb edilə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 135 manat rüsumun 94 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, geri qalan 41 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7385 manat məbləğində pul vəsaiti və ödənilmiş 94 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 41 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.
Məhkəmə qərarları › İş №2(008)-7463/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7463/2025
02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver