Məhkəmə qərarları › İş №2(008)-7521/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7521/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7521/2025 11.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.111 manat borcun və 144,33 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul ediılməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 2024-cü il may ayından 2025-ci ilin aprel ayınadək dəfələrlə borc pul almışdır. Cavabdeh bu vəsaitlərin texnika və kartric satışı ilə bağlı biznesə yatırılacağını bildirmiş, ona qazanc vəd edərək, borcun geri qaytarılacağına dair söz vermişdir. Həmin pulları şəxsi vəsaitindən deyil, əsasən bank kreditləri, mikrokredit təşkilatları və tanışlardan borc almaq yolu ilə toplamışdır. Cavabdeh götürdüyü məbləğdən yalnız təxminən 4000 manat qaytarmışdır. Hazırda borc məbləği 18.111 manat təşkil edir. O, bu prosesdən heç bir gəlir əldə etməmiş, əksinə, bu günədək yalnız bank kreditlərinin və faizlərinin ödənişi ilə məşğuldur. Ağır maliyyə vəziyyətinə düşmüşdür. Bütün bunlar cavabdehin onun etibarından sui-istifadə etməsi nəticəsində baş vermişdir. Cavabdehin imzası ilə borclarını təsdiq edən yazılı sənəd mövcuddur. Həmçinin cavabdehin ödədiyi çeklər və onun ödədiyi qəbzlər vardır. Cavabdeh özü də borcun mövcudluğunu inkar etmir, 16-cı polis bölməsinə çağırılaraq, ona xəbərdarlıq edilmiş və izahatı alınmışdır. Cavabdeh polis bölməsinə gələrək aldığı pulu təsdiqləmişdir. Dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etsə də, cavabdeh bu günədək borcunu ödəməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə pretenziya məktubu göndərmiş, lakin cavabdeh pretenziya məktubuna cavab verməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, təmin olunmasına etiraz etmədiyini bildirdi. Eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya 18.111 manat borcu olduğunu etiraf etdi. Polis bölməsində hansı səbəbdən iddiaçıya 15.890 manat borcu olduğunu bildirməsi barədə sədrlik edənin sualına cavab olaraq cavabdeh bildirmişdir ki, iddiaçıya verdiyi kartriclərin qiymətini çıxdıqdan sonra yekun borcu 15.890 manat təşkil etmişdir, lakin kartriclər satılmadığına görə, iddiaçı onları qaytarmışdır. Bu səbəbdən hazırda borcu 18.111 manatdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş ərizədən görünür ki, Cavabdeh İddiaçı 18.111 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh Yusifov X1 RPİ-nin 16-cı polis bölməsinə verdiyi izahatında bildirmişdir ki, İddiaçı ilə 2015-ci ildə “İntellekt” dəftərxana şirkətində birlikdə işləmişlər. Tanışlıqları həmin vaxtdan başlamışdır. 2024-cü ildə Allahverdi işlədiyi iş yerinə gəlmişdir. Ona yenidən iş qurmaq məqsədi ilə pul düzəltməsini bildirmişdir. Həmin şəxs pulu olduğunu bildirmiş və 3400 manatı kart hesabına atmışdır. O, hər ay ona qazancından pul ayırıb vermişdir. Bir müddət sonra alış-veriş zəif olduğuna görə, ona ödəmə edə bilməmişdir. Ümumilikdə 20.890 manat borcu yaranmışdır. Həmin puldan satmaq üçün 4000 manatlıq kartriclər gətirmişdir. Onlardan satıb borcdan qaytaracaq. Axırıncı dəfə xx.xx.2025-ci ildə 1000 manat ödəniş etmişdir. Hal-hazırda borc 15.890 manatdır. Hər ay 1000 manat ödəmək şərti ilə razılaşmışlar. Ödəməsə, onun banka olan borcların faizini üstünə gəlib ödəməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Onun iddiası və təqdim etdiyi sübutlar, həmçinin cavabdehin tələb olunan pul vəsaiti ilə bağlı etirafı işin faktiki halları ilə uzlaşıb, iddianın təmin edilməsi üçün mötəbər və yetərli hesab olunmalıdır. Çünki Cavabdeh 18.111 manat məbləğində pulu əldə etməyə nə qanuni, nə də müqavilə üzrə əsası olmamış, həmin pulu əldə etməklə əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2-ci maddə). Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 18.111 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 76 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməklə, 144,33 manat ondan alınaraq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 18.111 (on səkkiz min yüz on bir) manat məbləğində pul və 144,33 (yüz qırx dörd manat otuz üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar