Məhkəmə qərarları › İş №2(008)-7538/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7538/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7538/2021 01.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 260.5 (iki yüz altmış ABŞ dolları, əlli sent) ABŞ dolları əsas borc, 249.54 (iki yüz qırx doqquz ABŞ dolları, əlli dörd sent) ABŞ dolları faiz borcu, 507.88 (beş yüz yeddi ABŞ dolları, səksən səkkiz sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1017.92 (bir min on yeddi ABŞ dolları, doxsan iki sent) ABŞ dolları kredit borcu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 08.07.2016-cı il tarixdə bağladığı 061A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə- hissə qaytarmaq şərti ilə 1470 (min dörd yüz yetmiş) ABŞ Dolları məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 08.11.2017-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1209.5 ABŞ Dolları ödəniş etmiş və onun iddiaçıya 260.5 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 09.09.2021-ci il tarixə 1401 gün üçün hesablanmış faiz borcu 249.54 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 09.09.2021-ci il tarixə 1401 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 507.88 ABŞ Dolları təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək gələcəkdə yaranmış kredit borcu ilə əlaqədar ödəniş edəcəyini bildirmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2016-cı il tarixli, 061A********** nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh aylıq faiz dərəcəsi 2% olmaqla, 18 ay müddətinə, 1470 (min dörd yüz yetmiş) ABŞ Dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 08 iyul 2016-cı il tarixli, 061A********** nömrəli kredit müqaviləsi üzrə ödəniş planından görünür ki, kredit müqaviləsi üzrə aylıq ödəniş məbləği 98 (doxsan səkkiz) ABŞ dollarıdır. İş materiallarında olan 08 iyul 2016-cı il tarixli kreditin verilməsi barədə köçürmə qəbzindən görünür ki, cavbdeh Cavabdeh 1470 (min dörd yüz yetmiş) ABŞ Dolları pul vəsaitini almışdır. İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 061A**********, 08 iyul 2016-cı il tarixli kredit razılaşması üzrə 260.5 (iki yüz altmış ABŞ dolları əlli sent) ABŞ dolları əsas borc, 11.73 (on bir ABŞ dolları yetmiş üç sent) ABŞ dolları faiz borcu, 21.89 (iyirmi bir ABŞ dolları, səksən doqquz sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 294.12 (iki yüz doxsan dörd ABŞ dolları on iki sent) ABŞ dolları təşkil edir. -İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi və kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına ələva edilmiş qəbzdən görünür ki, iddiaçı 30.40 manat dövlət rüsumu ödəmişdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılmasıvə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh kredit müqavilələr ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğlərə nəzər yetirərək hesab edir ki, iddia tələbi əsas məbləğ hissədə tam, faiz və cərimə hissədə isə qismən təmin edilməlidir. Belə ki, iddiaçının təqdim etdiyi maliyyə arayışından məlum olur ki, cavabdehin müqavilənin son tarixində yəni 08.01.2018-ci il tarixə faiz məbləğ üzrə 11.73 (on bir ABŞ dolları yetmiş üç sent) ABŞ dolları, cərimə məbləğ üzrə isə 21.89 (iyirmi bir ABŞ dolları, səksən doqquz sent) ABŞ dolları məbləğində borcu olması müəyyən olunur. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı AccessBank QSC-nin iddiası qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2016-cı il tarixli 061A********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 260.5 (iki yüz altmış ABŞ dolları əlli sent) ABŞ dolları əsas borc, 11.73 (on bir ABŞ dolları yetmiş üç sent) ABŞ dolları faiz borcu, 21.89 (iyirmi bir ABŞ dolları, səksən doqquz sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 294.12 (iki yüz doxsan dörd ABŞ dolları on iki sent) ABŞ dolları borcu tutularaq İddiaçı QSCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 260.5 (iki yüz altmış ABŞ dolları, əlli sent) ABŞ dolları əsas borc, 11.73 (on bir ABŞ dolları, yetmiş üç sent) ABŞ dolları faiz borcu, 21.89 (iyirmi bir ABŞ dolları, səksən doqquz sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 294.12 (iki yüz doxsan dörd ABŞ dolları, on iki sent) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) kredit borcu və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar