Məhkəmə qərarları › İş №2(008)-754/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-754/2025

11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-754/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş 700 manat məbləğində zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələb onunla əsaslandırılmışdır ki, 2024-cü ilin mart ayında yaşadığı, ünvan 1 ünvanında yerləşən mənzili üçün instaqram sosial şəbəkəsindəki mebel_evi_en_ucuz_qiymetler səhifəsindən dəhliz üçün mebel sifariş etmişdir. Cavabdeh adlı usta əvvəlcə gəlib baxmış, 1100 manata işi görə biləcəyini bildirmişdir. Cavabdeh qiymətin təxminən 50 faizinin mebelin güzgülü qapılarına aid olduğunu bildirmiş, mart ayının 16-da mebel gətirilərək qapılar olmadan quraşdırılmışdır. Bu səbəbdən razılaşdıqları 1100 manat məbləğin əvvəlcə 500 manatını, iş tam görüldükdən, yəni qapılar da quraşdırıldıqdan sonra isə qalan hissəsinin ödəniləcəyini bildirmişdir. Daha sonra Novruz bayramı ilə əlaqədar rayona gedəcəyi, ailə vəziyyəti ilə əlaqədar, eləcə də materiallar alması üçün ehtiyacı olduğunu bildirərək pulun tam ödənilməsini xahiş etmiş, o da pulun hamısını ödəmişdir. İşin qalan hissəsinin mart ayının 17-də təhvil verəcəyini bildirmişdir. Lakin mart ayının 17-si və 18-də telefon zənglərinə cavab vermədiyindən, o məcbur qalıb mebeli sifariş verdiyi instaqram sosial şəbəkəsindəki səhifəni idarə edən şəxsə məlumat verəndən sonra Cavabdeh qardaşı və digər bir nəfər martın 19-da mebelin qapılarını gətirərək quraşdırmışlar. Həmin vaxt iddiaçı işdə olduğundan, həyat yoldaşı zəng vuraraq ustalar tərəfindən mebelin qapılarının quraşdırıldığını, lakin qapılarda problem olduğunu (tam bağlanmadığını), ustaların bu barədə telefonla Cavabdeh məlumat verdiyini, onun isə 1-2 gün ərzində gələrək bu problemi həll edəcəyini bildirmişdir. Lakin görülən iş tamamlanmamış, sonraki günlərdə dəfələrlə zəng vursa da, cavabdeh onun zənglərinə cavab verməmişdir. Təxminən aprel ayından, yəni heç bir ay keçməmiş qaplarda olan problem daha da böyüməyə başlamış açılıb-bağlanması çətinləşmiş, əyilmiş, üzərindəki güzgülər qopmuşdur. Cavabdehlə əlaqə saxlamaq mümkün olmadığından iyul ayında mebeli sifariş verdiyi səhifəni idarə edən şəxsə məlumat verilmişdir. O isə artıq məsələnin ona aidiyyəti olmadığını, lakin bu barədə həmin ustaya məlumat verəcəyini bildirmişdir. İyul ayının 29-da Cavabdeh nəhayət WhatsApp vasitəsilə yazdığı mesaja cavab vermişdir. Ona işi yarımçıq qoymasını xatırlatmış və yaranmış problem barədə məlumat verərək, qapıların videogörüntüsünü telefon (WhatsApp) vasitəsilə ona göndərmişdir. Cavabdeh rayonda olduğunu və yaxın günlərdə gələrək məsələni həll edəcəyini bildirsə də, daha sonra heç bir zəng və ya mesajına cavab verməmişdir. İddiaçı baş vermiş hadisədə müəyyən dələduzluq elementlərinin olmasını nəzərə alaraq, məsələyə ilkin olaraq polis orqanlarında baxılması ilə bağlı 23.08.24-cü il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Müraciəti ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə dəvət olunaraq, izahatı alınaraq, müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. 08.09.24-cü il tarixində adını bilmədiyi bir şəxs zəng edərək, Cavabdeh tərəfindən göndərildiyini və mebelə yerində baxış keçirtmək istədiyini bildirmişdir. Həmin şəxs və digər bir usta 08.09.24-cü il tarixində mebelə baxış keçirtmiş, doğurdan da problem olduğunu etiraf etmişlər və bu barədə Cavabdeh məlumatlandıracaqlarını bildirmişlər. Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə 13-cü Polis Şöbəsi tərəfindən 09.09.24-cü il tarixli məktubla (Cavabdeh izahatı əlavə olunmaqla) rəsmi cavab verilərək, məsələnin mülki xarakterli olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, ona vurulmuş 700 manat məbləğində ziyanın əvəzi, dövlət rüsumu olaraq ödənilmiş 30 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunan Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 4a-2/2-Ş-66296 nömrəli məktubda İddiaçı, Qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 7.10-cu maddəsinə əsasən müraciət ilə bağlı mülki qaydada məhkəməsinə müraciət edilməsi bildirilmişdir. İş materiallarına əlavə olunan Cavabdeh 13-cü Polis şöbəsində verdiyi izahatında, 2024-cü ilin mart ayında Baxıkanov qəsəbəsi, Sülh küçəsi 14/2, mənzil 120 ünvanında Emin adlı şəxsin yaşadığı mənzildə dəhliz üçün mebel yığdığını və zəhmət haqqı olaraq 1100 manat aldığını, iyul ayının 29-da ona zeng olunaraq, mebelin qapılarında nasazlığın olduğu, o isə mebelin zəmanəti olmadığını və təhvil verildiyində heç bir problem olmadığını bildirmişdir. İş materiallarına əlavə olunan fotoşəkillərdən görünür ki, mebelin sağ qapısı tam açılmır, güzgülər qopur və sol qapı əyilib tam bağlanmır. "xxxx" MMC-nin 07 yanvar 2025-ci il tarixli 01 nömrəli ekspert rəyindən görünür ki, qeyd olunan mebel hazırlanarkən karkas hissəsi düzgün yığılmadığından mebelin qapıları bağlanarkən uyğunsuzluq yaradır, bir-birinin üzərinə oturur və nəticədə qapılar bağlanmır. Qapıların üzərindəki güzgülərin künc hissələri bir-birinə toxunaraq zədələnir. Mebelin qapı hissələrinin ölçüləri düzgün götürülmədiyindən döşəmeyə toxunaraq qapıların açılıb bağlanmasına maneə yaradır. Mebel sökülüb (yeni parametr və ölçülərlə) yenidən hazırlanmasına ehtiyac var. Mebelin yenidən təmir və bərpa olunması üçün tələb olunan vəsait: 900 (doqquz yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə araşdırması zamanı lazımı keyfiyyətli mal quraşdırılmadığından iddiaçıya maddi zərərin dəyməsi müəyyən olunur. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərinə düşür. Qeyd olunanları nəzərə alınaraq məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 700 (yeddi yüz) manat dəymiş zərər və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat dəymiş zərər və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ekspertiza xərci olaraq 200 (iki yüz) manat Cavabdeh tutularaq, Tərəqqi” MMC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar