Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7541/2021 01.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSCn cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 06.12.2019-cu il tarixli, 056A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2590.67 (iki min beş yüz doxsan manat, altmış yeddi qəpik) manat məbləğində kredit borcu, 276.26 (iki yüz yetmiş altı manat, iyirmi altı qəpik) manat məbləğində faiz borcu və 922.43 (doqquz yüz iyirmi iki manat, qırx üç qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3789.36 (üç min yeddi yüz səksən doqquz manat, otuz altı qəpik) manat üzrə pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 06.12.2019-cu il tarixli, 056A********** saylı Kredit müqaviləsi üzrə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla 24 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 06.01.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2409.33 manat ödəmiş, onun 2590.67 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit müqaviləsi üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənə əsasən bildiririk ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 27.08.2021-ci il tarixə, 233 gün üçün hesablanmış faiz borcu 276.26 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyöun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faiz məbləğində cərimə ödəməlidir. 27.08.2021-ci il tarixə 233 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 922.43 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci maddəsinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşıında öz üzərinə məsuliyyət götürmüşdür. O,həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddia qəbul etdiyini, Pandemiya ilə əlaqədar olaraq işsiz olduğunu, maddi imkanın olmaması səbəbindən ödənişlər edə bilmədiyini bildirdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 06.12.2019-cu il tarixli, 056A********** nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə, 1.9167 faiz olmaqla 5000 (beş min) manat məbləğində kredit verilmişdir. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 06.12.2019-cu il tarixli 056G**********01 nömrəli Zaminlik müqaviləsindən görünür ki, borclunun 06.12.2019-cu il tarixli 056A********** saylı kredit müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. - Kreditin verilməsi-köçürmə qəbzindən görünür ki, 5000 (beş min) manat məbləğində pul vəsaiti 06.12.2019-cu ildə Cavabdeh1 hesabına köçürülmüşdür. - 06.12.2019-cu il tarixli ödəniş planının surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə aylıq ödənişi 263 manat müəyyən edilmişdir. -27.08.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 2590.67 manat əsa borc, 276.26 manat faiz borcu, 922.43 manat cərimə borcu, olmaqla cəmi 3789.36 manat təşkil edir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, **********8 nömrəli ayarışından görünür ki, Cavabdeh1 M/ikayıl oğlu 14.04.2020-ci il tarixindən işsiz kimi qeydiyyatdadır. Adına hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. -İddiaçı QSC tərəfindən Cavabdeh1 ünvanlanmış 31 avqust 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 müqavilə üzrə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına ələva edilmiş qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zamin Cavabdeh2 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun cavabdehərdən tutulması hissəsində tam, cərimə hissəsində isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehlərin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 100 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2590.67 (iki min beş yüz doxsan manat, altmış yeddi qəpik) manat məbləğində əsas borc, 276.26 (iki yüz yetmiş altı manat, iyirmi altı qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 2966.93 (iki min doqquz yüz altmış altı manat, doxsan üç qəpik) manat pul və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7541/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7541/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver