Məhkəmə qərarları › İş №2(008)-7686/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7686/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7686/2021 09.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı «X4» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X4» ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X4» ASC Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 427.02 (dörd yüz iyirmi yeddi manat, iki qəpik) manat məbləğində əsas borc, 1.48 (bir manat, qırx səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 428.50 (dörd yüz iyirmi səkkiz manat, əlli qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq iddiaçı “X4" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 13.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 519.96 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 21.09.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 427.02 manat əsas, 1.48 manat faiz, cəmi 428.50 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “Unibank" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən «X4» ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraiət edərək iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə onun arasında 13.09.2019-cu il tarixdə müqavilə bağlanmış və illik 1%, (519,96 manat + 15,04 manat = 535 manat) ödənilməsi şərtilə 60 ay müddətinə 519,96 manat kredit pulu ona verilmişdir. O, işlədiyi, qazanc və gəlir əldə etdiyi aylarda 535 manat kredit pulunun 106,50 manatını ödəmiş, 427,02 manat əsas, 1,48 manat faiz, cəmi 428,50 (dörd yüz iyirimi səkkiz - 50) manat borcu qalmışdır. O, uzun müddətdir ki, heç bir yerdə işləmir, heç bir qazancı və gəliri yoxdur, onun ailəsi 4(dörd) nəfərdən ibarətdir, həyat yoldaşı da heç bir yerdə işləmir, heç bir qazancı və gəliri yoxdur, oğlu 8-ci sinifdə və qızı 6-cı sinifdə oxuyurlar, heç birinə uşaq pulu verilmir. Bu səbəblərə görə uzun müddətdir ki, aldığı kredit pulundan qalan borcunu ödəyə bilməmiş və problemli kredit olaraq qalmışdır və kredit müqaviləsi üzrə-əsas məbləğin və faiz borcunun ödənilməsi 360 gündən çox gecikdirilmiş, vaxtı keçmiş kredit borcudur. İddiaçı "xxxx" Kommersiya Bankı ASC "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli 551 saylı Fərmanının 6.2-ci bəndinin tələbinə zidd olaraq, onun vaxtı keçmiş kredit borcumun restrukturizasiya olunmasını, güzəştli kredit və bank hesabı müqaviləsi bağlanmasını ona təklif etməyib, 1 ay ərzində həmin kreditə hesablanmış faizləri silməyib, məhkəmədə olan işin geri çağırılmasını təmin etməmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC məhkəməni aldadaraq, ona qarşı eyni əsaslarla və eyni predmetlə "427,02 manat məbləğində əsas borcun, 1,48 manat məbləğində faiz borcunun, ümumilikdə isə 428,50 manat məbləğində borc pulun və 20 manat məbləğində dövlət rüsumunun məndən tutulması tələbinə dair" qərəzli, əsassız və qanunsuz iddia ərizəsini məhkəməyə vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Nilufər Cəfərli 05.10.2021-ci il tarixdə bildiriş yazmış, elektron imza ilə təsdiq etmiş və 08.10.2021-ci il tarixdə poçt şöbəsinə təhvil vermiş, onun ev ünvanına göndərmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05.10.2021-ci il tarixli bildirişini poçt şöbəsindən o, 11.10.2021-ci il tarixdə almışdır və "xxxx" Kommersiya Bankı ASC-nin iddia ərizəsinə etirazını 10 iş günü ərzində məhkəməyə verir. Sadalanan mötəbər faktlara və səbəblərə əsasən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin mənə qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbinə dair qərəzli, ədalətsiz, əsassız və qanunsuz iddiası rədd edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının tələblərinə zidd olaraq onun borc yükünün yüngülləşdirilməsini təmin etməyib, əksinə daha da ağırlaşdırmağa çalışmışdır və Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından yararlanmaq imkanından onu əsassız və qanunsuz olaraq məhrum etmiş, konstitusion, maddi və prosessual hüquq normalarını kobudcasına pozmuşdur. Ümumiyyətlə, o, heç bir yerdə işləmir, heç bir gəliri, qazancı və imkanı yoxdur. Belə olan halda Azərbaycan Respublikası Prezidentinin fərmanı icra olunmalı, Sabunçu Rayon Məhkəməsinin bu iş üzrə qətnaməsi olarsa, onun icrası heç vaxt heç cürə mümkün deyildir, iddiaçı "xxxx" KB ASC-nin ona qarşı kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsi tələbinə dair əsassız və qanunsuz iddiası icrası mümkün olmayan tələbdir, rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. -Belə ki, iş materiallarında olan «X4» ASC ilə Cavabdeh arasında bağlanmış 13.09.2019cu il tarixli 2400rstBANK/19 saylı krediti müqaviləsinə əsasən cavabdehə illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 519.96 manat məbləğində kredit verilmişdir. - 21.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 13.09.2019-cu il tarixli, 2400rstBANK/19 saylı müqaviləyə əsasən borcu, 427.02 (dörd yüz iyirmi yeddi manat, iki qəpik) manat məbləğində əsas borc, 1.48 (bir manat, qırx səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 428.50 (dörd yüz iyirmi səkkiz manat, əlli qəpik) manat təşkil edir. - 19.08.2021-ci il tarixli bildirişin surətindən görünür ki, сavabdeh 13.09.2019-cu il tarixli, 2400rstBANK/19 saylı krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - İş materiallarına əlavə edilmiş ********* nömrəli qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 20.4 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı öhdəliklərini tam yerinə yetirməsinə baxmayaraq cavadeh tərəfindən müqavilə üzrə öhdəliklərinin icra etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 13.09.2019-cu il tarixli 2400rstBANK/19 saylı kredit müqaviləsinə əsasən 427.02 (dörd yüz iyirmi yeddi manat, iki qəpik) manat məbləğində əsas borc, 1.48 (bir manat, qırx səkkiz qəpik)məbləğində faiz borcu olmaqla, cəmi 428.50 (dörd yüz iyirmi səkkiz manat, əlli qəpik) manat borcun tutularaq iddiaçı “X4" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 427.02 (dörd yüz iyirmi yeddi manat, iki qəpik) manat məbləğində əsas borc, 1.48 (bir manat, qırx səkkizqəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 428.5 (dörd yüz iyirmi səkkiz manat, əlli qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq iddiaçı “X4" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar