Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-771/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 40.000 manat məbləğində pul vəsaitinin tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə onunla Cavabdeh2 arasında Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında olan müxtəlif təyinatlı avadanlıqların icarəsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, avadanlıqların siyahısı tərtib edilməklə, dəyəri də qeyd olunmuşdur. Həmin müqavilənin 3-cü bəndinə görə, icarəyə verilən avadanlıqların istifadəsi üçün icarəyə götürən hər ay ona (icarə verənə) 1.000 manat məbləğində icarə haqqı ödəməli olmuşdur. Həmin müqavilə Cavabdeh2 ilə bağlansa da, müqavilə üzrə öhdəliklərin icrasını digər cavabdeh olan Cavabdeh1 üzərinə götürmüşdür. Lakin müqavilə üzrə öhdəliklər hazırkı vaxtadək icra edilməmişdir. Cavabdehlərin icarə haqqına görə borcu 25.000 manat təşkil edir. Həmçinin cavabdehlərin istifadəsinə verilmiş avadanlıqların yararsız hala salınması ilə əlaqədar, həmin avadanlıqların təmirinə görə 15.000 manat pul vəsaiti də həmin şəxslərdən tutulmalıdır. Cavabdehlərdən dəfələrlə borcun ödənilməsi tələb etsə də, cavabdehlər müxtəlif bəhanələrlə borcu ödəməkdən qərəzli şəkildə yayınmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı dəyəri 25.000 manat olan avadanlıqları aylıq 1.000 manat icarə haqqı ödəmək şərtilə Cavabdeh2 icarəsinə vermişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən avadanlıqların işlək vəziyyətdə olmasına təminat verir və icarəyə götürənə təhvil verir. 1.2-ci bəndinə əsasən icarəyə verən avadanlıqların işlək vəziyyətdə olmasını və vaxtında təmirini öz üzərinə götürür, müqavilə pozulduğu vaxtda avadanlıqları icarə verənə işlək vəziyyətdə qaytarır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/4491 saylı ekspert rəyindən görünür ki, iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş avadanlıqların və həmin avadanlıqların ehtiyyat hissələrini, zəhmət haqqını və amortizasiya xərci nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 14.580 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 701.1-ci maddəsinə əsasən, icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 701.2-ci maddəsinə əsasən, əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir: 701.2.1. ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür; 701.2.2. icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca aparılması çərçivəsində sərəncam verə bilər; 701.2.3. icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur; 701.2.4. icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir; 701.2.5. əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442-ci maddə). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1-ci maddə). Göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 arasında notariat qaydasında icarə müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə, həm şərtləşdirilmiş vaxtda və qaydada icarə haqqını ödəməmiş, həm də icarəyə götürdüyü avadanlıqları yararsız hala salmışdır. İddiaçı tərəfin bildirməsinə görə, icarə müqaviləsi Cavabdeh2lə bağlanmasına baxmayaraq, digər Cavabdeh1 müqavilə üzrə öhdəliklərin icrasını öz üzərinə götürmüşdür. Hər iki cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 dəfələrlə teleqram ünvanlayaraq, məhləmə iclaslarının təxirə salınmasını xahiş etmişdir. Başqa sözlə, cavabdeh məhkəmə iclasları barədə məlumatlı olmasına və iddiaya qarşı öz etirazını və sübutlarını təqdim etməsi üçün kifayət qədər imkanı olmasına baxmayaraq, bu imkandan istifadə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də, məhkəmə iddiaçı tərəfin dəlillərini əsaslı hesab edərək, bu qənaətə gəlir ki, ekspert rəyi nəzərə alınmaqla 14.580 manat icarə müqaviləsinin predmeti olan avadanlıqların təmirinə görə, 25.000 manat isə müqavilə ilə nəzərdə tutulmuş icarə haqqına görə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 14.580 manat avadanlıqların təmirinə görə, 25.000 manat icarə haqqı olmaqla, cəmi 39.580 manat məbləğində pul vəsaiti və 208,74 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14.580 manat avadanlıqların təmirinə görə, 25.000 manat icarə haqqı olmaqla, cəmi 39.580 (otuz doqquz min beş yez səksən) manat məbləğində pul vəsaiti və 208,74 (iki yüz səkkiz manat yetmiş dörd qəpik) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-771/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-771/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver