Məhkəmə qərarları › İş №2(008)-772/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-772/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-772/2023 26.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktların etibarsız hesab edilərək, onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, tətbiq edilən qeyri-qanuni maliyyə-pul sanksiyasının ləğv edilərək dəymiş zərər kimi müəyyən olunan pulun ondan tutulmasına son qoyulması və onun hesabına yazılmış ümumilikdə 2052 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi İ.Həsənov küçəsində yerləşən evdə yaşayır. Bir neçə ay əvvəl qaz pulu ödəyən zaman müəyyən etmişdir ki, onun hesabında 2052 manat borc məbləği yazılıb. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional Qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edildi. Təqdim edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktların surətindən ona aydın oldu ki, qeyd edilən tarixlərdə sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə aktlar tərtib edilmiş, dəymiş ziyan məbləği xx.xx.2021-ci il tarixə 1188 manat, xx.xx.2022-ci il tarixə isə 864 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlarla razı deyil. Çünki o, sayğacdan kənar qazdan istifadə etməmişdir. Sadəcə olaraq Cavabdeh əməkdaşları əraziyə baxış keçirən zaman qazdan sayğacdan kənar istifadə halını aşkar etmiş və səhvən həmin istifadəçinin o olduğunu zənn edərək onun adına aktlar tərtib etmiş, dəymiş zərər məbləği hesablamışlar. Lakin aşkar edilmiş hal ona aid deyildir. Qazdan sayğacdan kənar istifadə edən onun qonşusudur. Daha sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh əməkdaşları tərəfindən dəymiş zərər kimi müəyyən olunan 2052 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən onun evində quraşdırılmış qaz sayğacına əsassız hesablanmış 2240.64 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini artırılmış həcmdə müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia tələbini etiraf etməmiş və izahatında bildirmişdir ki, iddiaçı sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə etmiş və bununla bağlı aktlar tərtib olunaraq ziyan hesablanmışdır. Odur ki, həmin ziyan ödənilməlidir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində bildirmişdir ki, iddiaçı onun qonşusudur. Qaz xəttinə qanunsuz qoşulma yan qonşu tərəfindən həyata keçirilir. Bu barədə dəfələrlə Cavabdeh əməkdaşlarına məlumat versələr də, heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, o, iddiaçının qohumudur, eyni zamanda qonşuluqda kirayədə yaşayır. Qaz xəttinə qanunsuz qoşulan iddiaçının yan qonşusudur. Qanunsuz qoşulan xətti müşahidə etdikdə bunu aydın şəkildə görmək olur. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1203.84 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1036.80 manat məbləğində zərər hesablanmışdır. -təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlardan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi İ.Həsənov küçəsində istehlakçı İddiaçı məxsus saylı evə baxış keçirilərkən abonet kodu **********00093 olan abonentin sayğacdankənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. -F.Rzayev, A.Əhmədova, E.Əhmədov, Ə.Eyvazov, Ş.Kərimov və T.Məmmədli tərəfindən tərtib olunmuş aktdan görünür ki, qonşu X7 qaz xəttindən qanuni şəkildə istifadə edir. Qanunsuz çəkilmiş qaz xəttini onun yan qonşusu öz hasarının qarşısından küçə tərəfdən gizli şəkildə çəkib və hazırda istifadə edir (videodisk əlavə olunur). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin məhkəmə iclasında müəyən edilmiş hallarına əsasən abonent kodu **********00093 nömrə olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi İ.Həsənov küçəsindəki ünvana xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar üzrə ziyan hesablansa da, sayğacdankənar əlavə qaz xəttinin məhz iddiaçıya məxsus olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən **********00093 saylı abunə koduna hesablanmış 2240.64 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 42.41 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı **********00093 saylı abunə koduna hesablanmış 2240.64 manat məbləğində borc silinsin. Cavabdehndən 42.41 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar