Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7723/2021 14.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı ASC-nın nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması, müqavilənin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 29.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5024,16 manat əsas borc, 14,28 manat faiz borcu və 14,12 manat cərimə borcu olmaqla, ümumilikdə 5052,56 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, 29.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 29.12.2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 29.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 1 faizlə 60 ay müddətinə 5317,52 manat kreditin müddəti 29.12.2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə 29.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 17.09.2021-ci il tarixədək Cavabdeh1 banka 29.12.2019-cu il il tarixli kredit müqaviləsi üzrə 5024,16 manat əsas borc, 14,28 manat faiz borcu və 14,12 manat cərimə borcu olmaqla ümumilikdə 5052,56 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borc üzrə ödənişlərini etdiklərini bildirdilər və iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 29.12.2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 29.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 1 faizlə 60 ay müddətinə Cavabdeh1 5317,52 manat kreditin müddəti 29.12.2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə 29.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 13.12.2021-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış əsas borcu 4574,16 manat, faiz borcu 25,88 manat, cərimə borcu 62,78 manat, ümumilikdə borcu 4662,82 manat təşkil edir. Hazırda iddiaçı cavabdehdən 5052,56 manat məbləğində kredit borcunun tutularaq ödənilməsini istəyir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı və müqaviləyə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbindən görünür ki, iddiaçı müqavilədən yaranmış borcu həm Cavabdeh1, həm də Cavabdeh2 birgə tələb edir. Yuxarda qeyd olunan zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik üçün kredit verən qarşısında kredit alanla birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehlərə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş, lakin buna baxmayaraq cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə lazımi ödənişləri edilməmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Lakin, iddia tələbi ilə təqdim edilmiş maliyyə arayışı arasında ziddiyyət mövcuddur. Məhkəmə hesab edir ki, əsas borc maliyyə arayışına, faiz və cərimə borcu iddia ərizəsinə əsasən tutulmalıdır. Yəni, əsas borc 4574,16 manat, faiz borcu 14,28 manat və cərimə borcu 14,12 manat olmaqla, ümumilikdə 4602,56 manat tutulmalıdır. Eyni zamanda, iddiaçı müqavilənin ləğv edilməsini də istəyir. Həmin Məcəllənin 421.1-ci maddəsinə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan İddiaçı ASC-nın xeyrinə 29.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4574,16 manat əsas borc, 14,28 manat faiz borcu və 14,12 manat cərimə borcu olmaqla ümumilikdə 4602,56 manat borc tutulmalı, müqavilə ləğv edilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nın xeyrinə 29.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4574,16 manat əsas borc, 14,28 manat faiz borcu və 14,12 manat cərimə borcu olmaqla ümumilikdə 4602,56 manat borc tutulsun. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-7723/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7723/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver