Məhkəmə qərarları › İş №2(008)-7735/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7735/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7735/2021 19.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə kiçik iddia (sadələşdirilmiş icraat) üzrə icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 731.21 manat əsas borc, 68.58 manat faiz borcu, 98.46 manat cərimə borcu və kredit müqaviləsi üzrə 12.07.2021-ci il tarixdən 24.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 7.2 manat əldən çıxmış fayda olmaqla, cəmi 905.45 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" İKB ASC-dən illik 27 faiz dərəcəsi ilə 24 ay müddətinə 3000 manat kredit götürmüşdür. Lakin cavabdeh kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək, kredit müqaviləsi üzrə banka borcu 24.09.2021-ci il tarixə 731.21 manat əsas borc, 68.58 manat faiz borcu, 98.46 manat cərimə borcu və kredit müqaviləsi üzrə 12.07.2021-ci il tarixdən 24.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 7.2 manat əldən çıxmış fayda olmaqla, cəmi 905.45 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, o, borcun qaytarılması istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq, tərəf olduqları mülki işə, iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş edilmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 138-139cu maddələrinin tələblərinə əsasən, həmin Məcəllənin 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 12.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, kreditor borcalana illik 27 faiz dərəcəsi ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 12.07.2019-cu il tarixli, 15-Y-2-0-739-19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 12.08.2019-cu il tarixdən 12.07.2021-ci il tarixədək hər ay 163.14 manat olmaqla, cəmi 3915.42 manat məbləğində pul vəsaitini "xxxx" İKB ASC-yə ödəməlidir. İş materiallarında olan 12.07.2019-cu il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh "xxxx" İKB ASC-dən 3000 manat məbləğində pul vəsaitini nağd qaydada götürmüşdür. İş materiallarında olan 10.09.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh müqavilə üzrə yaranmış borcun İddiaçı ASC-nin xeyrinə tam ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 24.09.2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh İddiaçı ASC-yə 12.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 731.21 manat əsas borc, 68.58 manat faiz borcu, 98.46 manat cərimə borcu və kredit müqaviləsi üzrə 12.07.2021-ci il tarixdən 24.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 7.2 manat əldən çıxmış fayda olmaqla, cəmi 905.45 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlıvaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 731.21 (yeddi yüz otuz bir manat iyirmi bir qəpik) manat əsas borc, 68.58 (altmış səkkiz manat əlli səkkiz qəpik) manat faiz borcu, 98.46 (doxsan səkkiz manat qırx altı qəpik) manat cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 7.2 (yeddi manat iyirmi qəpik) manat əldən çıxmış fayda olmaqla, cəmi 905.45 (doqquz yüz beş manat qırx beş qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar