Məhkəmə qərarları › İş №2(008)-783/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-783/2024

01.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-783/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.920 (on min doqquz yüz iyirmi) manat maddi ziyan, hüquqi yardımın göstərilməsi üçün 60 (altmış) manat və məhkəmə üçün 123 (yüz iyirmi üç) manat dövlət rüsümunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 ilə (bundan sonra cavabdeh) xx.xx.2022-ci il tarixdə daxili icarə müqaviləsi əsasında **-GE-*** dövlət qeydiyyat nişanlı 2015-ci il buraxılışılı “Chevrolet” markalı minik avtomobili ilkin ödəniş 3000 (üç min) AZN olmaqla, 36 (otuz altı) ay müddətinə gündəlik olaraq 24 (iyirmi dörd) AZN ödəməklə avtomobili istifadəyə götürmüşdü. Cavabdehlə aralarında bağlanmış müqavilənin 2.1.16-cı bəndinə əsasən tərəfindən müqavilə öhdəlikləri tam icra olunduqdan sonra icarə götürdüyü avtomobili öz adına rəsmiləşdirməklə avtomobilə tam mülkiyyət hüququ olacaqdır. Müqavilə üzrə öhdəlikləri tam olaraq vaxtı-vaxtında icra edirdi, lakin 2023-cü ilin sentyabr ayında cavabdeh müqavilə əsasında istifadəsinə verilmiş **-GE-*** dövlət qeydiyyat nişanlı 2015-ci il buraxılışılı “Chevrolet” markalı minik avtomobili cavabdehə geri təhvil verərək, başqa avtomobili onun istifadəsinə verərək müqavilə şərtləri birinci maşınla eyni olmaqla ona təklif etdi. Tərəfindən cavabdehin təklifinə razılaşaraq **-AJ-*** dövlət qeydiyyat nişanlı 2012-ci il buraxılışlı “Chevrolet” markalı minik avtomobili icarəyə götürdü. Lakin cavabdehin təklifi ilə bağlı təhvil aldığı avtomobili texniki parametlərə görə nasaz olduğundan o, cavabdehə avtomobili geri təhvil verərək yeni texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə əvəz olunmasını xahiş etdi. Lakin cavabdeh birmənalı formada müəyyən vədlər verərək onunla razılaşmadı. Belə olan halda o, cavabdehə öz kəskin iradlarını bildirdi. Cavabdehin hərəkətlərinə hüquqi qiymətin verilməsi üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə xx.xx.2023-cü il tarixdə rəsmi müraciət etsə də, müraciətinə mülki məhkəmə icraatı qaydasında baxılması izah edilmişdir. Cavabdehin hərəkətləri nəticəsində ona 10920 (on min doqquz yüz iyirmi) AZN maddi ziyan dəymişdir. Belə ki, **-GE-*** dövlət qeydiyyat nişanlı 2015-ci il buraxılışılı “Chevrolet” markalı minik avtomobil üçün xx.xx.2022-ci il tarixdə ilkin ödəniş 3000 AZN + 11 (on bir) təqvim ayı gündəlik 24 (iyirmi dörd) AZN olmaqla: 11 (on bir) təqvim ayı x 1 (bir) gün 24 (iyirmi dörd) AZN üçün = 7920 (yeddi min doqquz yüz iyirmi) manat olmaqla, cəmi 10920 AZN manat təşkil etmişdir, yəni ki, iddianın predmeti 10920 (on min doqquz yüz iyirmi) manat pul vəsaitinin cavabdeh X1 tələb edilməsidir. Dəymiş maddi ziyan ilə bağlı yeganə sübutu telefon danışığı, ödəniş qəbzləri və votsap yazışmasıdır. Dəymiş maddi ziyanın qarşılanması ilə bağlı cavabdehə etdiyi müraciətlərin heç bir müsbət nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -X2 (icarəyə verən) ilə İddiaçı (icarəyə götürən) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitələrinin icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən qanuni əsaslarla ona məxsus 2015-ci il buraxılışlı ağ rəngli **-GE-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı nəqliyyat vasitəsini 3000 manat depozit vermək şərti ilə 36 ay müddətinə hər gün üçün 24 manat ödəməklə icarəçinin icarəsinə vermişdir. -xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, X2 (icarəyə verən) 2015-ci il buraxılışlı ağ rəngli **-GE-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı nəqliyyat vasitəsini saz vəziyyətdə İddiaçı (icarəyə götürən) təhvil vermişdir. -xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 123 manat dövlət rüsumu ödənilmişdir. -xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən X3 60 manat hüquqi yardım haqqı ödənilmişdir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə müqavilə öhdəliklərinin lazımı qaydada icra edilməməsi və bunun nəticəsində ona ziyan dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan ziyanın nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icarə müqaviləsinin predmeti olan nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə tam saz vəziyyətdə iddiaçıya təhvil verilmişdir. İddiaçı tələbində 2023-cü ilin sentyabr ayında nəqliyyat vasitəsini cavabdehə təhvil verərək, sonuncu ilə başqa nəqliyyat vasitəsinin icarəyə verilməsi barədə razılaşdıqlarını iddia etsə də, əvvəlki nəqliyyat vasitəsinin cavabdehə təhvil verilməsinə, digər nəqliyyat vasitəsinə dair yeni icarə müqaviləsinin bağlanmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, iddiaçının cavabdehdən 10920 manat məbləğində pul tələb etməsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMCyə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar