Məhkəmə qərarları › İş №2(008)-785/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-785/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-785/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24000 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 162 manat dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 qardaşdır. Özlərinə torpaq almaq məqsədilə 2021-ci il tarixində “tap.az” internet saytında axtarış edən zaman İlqar adlı şəxsin torpaq sahəsini satdığı barədə elanı görmüş, zəng vurub İlqarla torpaq sahəsi barədə maraqlanmışlar. Bundan sonra Cavabdeh ilə görüşüb torpaq sahəsinə baxaraq, alqı-satqısı barədə razılaşıblar. Cavabdeh onlara satacağı torpaq sahəsinə aid Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 1370 nömrəli Sərəncamını göstərib, bildirdi ki, Ramana-Südçülük sovxozunun ərazisindən sahibkarlıq tikinti məqsədilə 1,0 hektar torpaq sahəsi ona 99 il müddətinə icarəyə verilmişdir. O, təklif etdi ki, torpaq sahəsinə dair çıxarış alana kimi müvəqqəti olaraq Notariusa gedib satdığı torpaq barədə etibarnamə versin. İddiaçılar da onunla razılaşaraq, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 17 saylı notariat ofisində Cavabdeh İddiaçı2 AR-İİ 224370-saylı və İddiaçı1 AR-İİ 224369-saylı etibarnamə verdi. Etibarnaməyə əsasən Cavabdeh ona ayrılmış və faktiki istifadəsində olan, Ramana-Südçülük sovxozunun ərazisindən ümumi sahəsi 1,0 HA olan torpaq sahəsinin 800 kv.m hissəsini - İddiaçı1 və 1600 kv.m hissəsini isə İddiaçı2 verdi. İddiaçılar notariusdan çıxandan sonra sözügedən torpaq sahəsində görüşərək, 24000 manat pulu Cavabdeh verdilər. 1 ay sonra tikintiyə başlayan zaman qonşular onlara bildirmiş dir ki, bu sahədə tikinti işlərinin aparılmasına icazə verilmir. Bu zaman yaranan problemin səbəbini aydınlaşdırmaq üçün Cavabdeh axtarmış, lakin onun həbs olunduğunu öyrənmişlər. İddiaçılar 2021-ci ilin aprel ayında İlqarla görüşmüş, o bildirmişdir ki, 1 aydan sonra torpaqla bağlı çıxarış veriləcək. İddiaçılar bir müddət gözləmiş, lakin İlqardan heç bir xəbər çıxmamışdır. İddiaçılar sonradan İlqara zəng vurub bildirmişlər ki, sənədləşmə alınmırsa pulu geri qaytarsın. O, 2021-ci il iyulun 26 da Ramanada yerləşən çayxanada görüşmüş, Cavabdeh özü könüllü olaraq ona verilən 24 000 manat pulu avqustun axırına kimi qaytaracağı haqqında izahat yazmışdır. Ondan sonra dəfələrlə zəng vurub pulun qaytarılmasını tələb etsələr də müxtəlif bəhanələr gətirərək, pulun qaytarılmasından boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştitak edən iddiaçıların nümayəndəsi və vəkili məhkəməyə vəsatətlə müraciət edərək, Cavabdeh hərəkətlərinin araşdırılması üçün xüsusi qərardad çıxararaq prokurora göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İş materiallarında Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 1370 nömrəli sərəncamından görünür ki, Abşeron rayonu X12 Fondunda Saxlanılmış torpaqlardan Ramana-Südçülük savxozunun ərazisindən sahibkarlıq tikinti məqsədilə 1 hektar 99 il müddətinə icarə qaydasında X3 torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli AR İİ 224370 nömrəli etibarnamədən görünür ki, X5 faktiki istifadəsində olan Abşeron rayonu Ramana-Südçülük savxozunun ərazisindən yerləşən 1 hektar torpaq sahəsindən 1600 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, ona ayrılmış torpaq sahəsində tikilmiş tikilləri gələcəkdə özəlləşdirilməsi və digər hərəkətlərin edilməsi barədə İddiaçı2 90 il müddətinə etibarnamə vermişdir. xx.xx.2021-ci il tarixli AR İİ 224369 nömrəli etibarnamədən görünür ki, X5 faktiki istifadəsində olan Abşeron rayonu Ramana-Südçülük savxozunun ərazisindən yerləşən 1 hektar torpaq sahəsindən 800 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, ona ayrılmış torpaq sahəsində tikilmiş tikilləri gələcəkdə özəlləşdirilməsi və digər hərəkətlərin edilməsi barədə İddiaçı1 90 il müddətinə etibarnamə vermişdir. Cavabdeh əl yazısı ilə göstərmişdir ki, “Mən Cavabdeh İddiaçı2 24 sot torpaq sahəsi verib 24000 manat aldım. Əl yazısı Cavabdeh, İddiaçı2, İddiaçı1 və Sadıqov Rədailin imzaları ilə xx.xx.2021-ci il tarixdə təsdiq edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş iltizamdan görünür ki, Cavabdeh İddiaçı1 və İddiaçı2 ümumilikdə 24000 almış, əvəzində isə 24 sot torpaq vermişdir. Torpağın sənədləri tam olmadığı üçün, aldığı 24000 manat məbləğində pulu xx.xx.2021-ci il tarixdə qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə iddia tələbinin hüquqi əsasını müəyyən edərkən qeyd edir ki, iddiaçı tərəf nə qədər də tərəflər arasında yaranmış münasibətlərin torpaq alqı-satqısı ilə bağlı olduğunun qeyd etsədə məhkəmə iddiaçıların diqqətinə çatdıraraq qeyd edir ki, tərəfər arasında torpağın alqı-satqısına dair müqavilənin bağlanması üçün ilk növdə qeyd edilən torpaq sahəsi satıcının yəni X2 mülakiyyətində olmalı idi, bundan sonra tərəflər arasında natorial orqanda daşınmaz əmlak olan torpaqın alqı satqısına dair müqavilə bağlanmalı idi. Hazırki vəziyyətdə tərəflər arasında yaranmış münasibət yalnız “əsasız varlanmanın” dispozitiv şərtlərinə uyğun gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, mülki iş üzrə məhkəmə araşdırması zamanı, o cümlədən Cavabdeh əlyazmasında müəyyən olunur ki, X6 qeyd edilən torpaq sahəsinin onun mülkiyyətində olmadan, iddiaçıları aldadaraq həmin torpaq sahəsinin bir qismini onlara satmaq adı ilə heç bir əsası olmadadn iddiaçılardan 24000 (iyirmi dört min) manat məbləğində pul almışdır və həmin pul vəsaitini bugünədək qaytarmamışdır, bunun əksini sübut edən halları məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ümumilikdə 24000 (iyirmi dörd min) manat məbləğində pul vəsaiti və 162 (bir yüz altmış iki) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Məhkəmə cavabdehin əməllərində cinayətin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan prokurora bu barədə məlumat verməklə barələrində xüsusi qərardad qəbul edilməyə dair vəsatətə münasibət bildirərək qeyd edir ki, məhkəmədə cavabdehin əməlində cinayət tərkibinin əlamətlərin olmasına dair kifayyət qədər sübut olmadığında vəsatət təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 162 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 24000 (iyirmi dörd min) manat məbləğində pul vəsaiti və 162 (bir yüz altmış iki) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar